HƏVƏSLƏ ÇALIŞIRLAR

Çox sevindirici haldır ki, Dərbəndimiz gündən-günə gözəlləşir, küçələr boyunca yaşıllıq, təmizlik nəzərəçarpacaq dərəcədə artıb. Şəhərimizin qədimliyinə Narınqalanın möhtəşəmliyinə heyran qalan turistlərin çoxu Dədə Qorqud ocağına gəlmək, onu öz gözləri ilə görmək üçün bura can atırlar.

Qədim yurd yerinin gözəlliyini artırmaq üçün şəhərimizdə fəaliyyət göstərən Yaşıllıq İdarəsinin işçiləri can-başla öz üzərinə düşən vəzifənin öhdəsindən bacarıqla gəlirlər. Onlar səkilərin kənarında əkilən müxtəlif bəzək ağaclarını, yaşıl kolları vaxtlı-vaxtında sulayır, ağacların quru budaqlarını kəsir, xüsusi texnika vasitələrilə otları çalırlar.

Elə bu günlərdə iş yerimizdə olarkən bayırdan gələn səs diqqətimizi cəlb etdi, pəncərədən boylandıq. Kişili-qadınlı, bir qrup işçinin quru otları çaldıqlarını və onları süpürüb atdıqlarının şahidi olduq. Havanın həddindən artıq isti olmasına baxmayaraq onlar həvəslə öz işlərini yerinə yetirirdilər. Bir nəfər onlara başçılıq edir, lazımi göstərişlər verirdi. Biz ona yaxınlaşdıq və  bu fədakar işçilərin adları ilə maraqlandıq. Özünü təqdim etdi: — Sahə briqadiri Xanməhəmməd Ağaməhəmmədov çoxdandır ki, şəhərimizin Yaşıllaşdırma idarəsində çalışır və Qala divarından başlayaraq şəhərin cənub qurtaracağına qədər olan sahənin yaşıllığına, onların suvarmasına nəzarət edir. Onun işçilərinin hamısı zəhmətkeş, öz işlərinin ustasıdırlar. Belələrinə misal olaraq Saveli Pelyuxovskini, Maisat Əhmədovanı, Aniyat Murtazovanı, Rəhim Qədimovu, Məhəmməd Əsədullayevi, Vladimir Səfərəliyevi göstərmək olar. Onların bir çoxunun iyirmi ildən artıq iş stajı vardır. Bu insanlar hər gün səhər saat 8-də işə gəlir, burada tapşırıq alır və ondan sonra öz vəzifələrinə başlayırlar. Bir küçədə öz işini bitirməmiş, o biri küçəyə keçməyə icazə verilmir.

Biz bu əmək sevər insanları alqışlayır, onlara möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və şəhərimizi bundan sonra da çiçəklənməsində və gözəlləşməsində daha fəal iştirak etməyi arzulayırıq.

                                                                                  AMALİYA AĞAKİŞİYEVA    

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *