DƏRBƏNDDƏ GENERAL MUSTAFA NƏSİROVA XATİRƏ LÖVHƏSİ AÇILIB

Bu günlərdə, Dərbənddə general Mustafa Cəfər oğlu Nəsirovun xatirə lövhəsinin açılmasına həsr olunmuş təntənəli mitinq keçirilmişdir. Xatirə lövhəsi general Mustafa Nəsirovun adını daşıyan küçədə generalın yaxın qohumlarının evinin divarında əbədiləşdirilib. Tədbir Dərbənd şəhər administrasiyasının mədəniyyət, idman, gənclər siyasəti və turizm İdarəsi tərəfindən  təşkil olunmuşdur. Təntənəli mitinq sükut dəqiqəsi ilə başlanmış, sonra sözü Dərbənd şəhər Administrasiyası rəhbərinin müavini Vidadi Zeynalova verilmişdir.

Tədbirdə həmçinin Dərbənd Rayonu  İctimai Palatasının  sədri Fətulla Fətullayev, Dərbənd,Daqestanskiye Oqni, Dərbənd rayonu üzrə  hərbi komissarı   Adil Quliyev,

generalın qardaşı oğlu Cəfər Nəsirov, «Dərbənd şəhəri Ensiklopediyası» kitabının müəllifi Hüseynbala Hüseynov və başqaları çıxış etmişlər.

 Təntənəli mitinqdə  Dərbənd şəhər məclisinin deputatları Nəriman Musayev, Polad Nəmətullayev, Vidadi Əsədov, Heydər  Ələkbərov, DR  Xalq Məclisi deputatının köməkçisi, Dərbənd  Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri  Telman Tahirli,  Dərbənd şəhər deputatlar məclisi  sədrinin köməkçisi  Əsədulla Paşayev, «İrs» ictimai təşkilatının sədri    Seyid — Ağalar Seyidov, ictimai xadim Kəmran Məcidov, Dərbənd  Azərbaycanlıları  Milli-Mədəni Muxtariyyəti   gənclər  Şurasının sədri Minəvər Hüseynova  iştirak etmişlər.

Böyük Vətən müharibəsi veteranı, Azərbaycanın sərhəd qoşunları general mayoru Mustafa Nəsirov 91 yaşında vəfat edib. General Nəsirov Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə «Şöhrət» ordeni ilə təltif edilib.  

Mustafa Nəsirov 1921-ci il oktyabrın 25-də Dərbənddə anadan olub. Orduda xidmətə 1942-ci ilin yanvarında əsgər kimi başlayıb, 45 il orduda xidmət edib və general-mayor kimi istefaya gedib.

1972-ci ilin dekabrında Nəsirov SSRİ DTK-nın Qırmızı bayraqlı Zaqafqaziya Sərhəd Dairəsi qoşunlarının rəis müavini təyin edilib və 1974-cü ildə general-mayor rütbəsi alıb. Həmin dövrdə Zaqafqaziya sərhəd dairəsi SSRİ-nin bütün sərhəd sisteminin nisbətən daha mühüm hissəsi olub.

Nəsirov SSRİ DTK-nın sərhəd qoşunlarında bu qədər məsul post tutan ilk və yeganə azərbaycanlı olub. O, Azərbaycan Respublikasının ali qanunverici orqanına dəfələrlə deputat seçilib.

General-mayor Nəsirov müstəqil Azərbaycanın sərhəd qoşunlarının yaradılmasının əsasında durub. Çoxsaylı hökumət mükafatalrı, orden və medalalrı ilə təltif olunub.
Allah rəhmət eləsin!

                                                                                                                Telman Tahirli

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *