MİLLİ DƏYƏRlƏRİ UNUTMAQ OLMAZ

            Bu gün gözümüzü açıb hayana baxsaq-istər televiziya kanalları, istərsə də, qəzet və jurnallar olsun, bütün dünyanı tüğyan edən, əsəblərimizi tarıma çəkərək, pik həddində tutub saxlayan Kovid 19-un törətdiyi bəlaları eşidirik. Buna görə də, “Dərbənd” respublika içtimai-siyasi qəzeti  olaraq, oxuçularımızın beynini bu fikirlərdən yayındırmaq, gözlərini bu görüntülərdən ayırmaq və onlara sözün əsl mənasında sənətdən danışmaq və sənətçi göstərmək istədik. Həmsöhbət olaraq isə Dərbənd Azərbaycan Dövlət Dram Teatrında çalışan və klarnet ifası ilə mədəniyyətimizdə, respublikamızın musiqi dünyasında özünəməxsus yer tutan İlqar Eldaroviç Kərimovu seçdik.

-İlqar Eldaroviç, mən Sizi xeyirxah, təvazökar, dost-tanışlar içində hörmət sahibi olan ləyaqətli bir gənc kimi çoxdan tanıyıram və bundan qurur duyuram. Bu yaxınlarda sevindirici bir xəbər aldıq: Dağıstanın mədəniyyət naziri Zarema Butayevanın dövlət və nazirliyin mükafatları ilə təltif etdiyi incəsənət işçilərinin siyahısında Sizin də adınız var idi. Bu münasibətlə biz Sizi səmimi qəlbdən təbrik edirik. Gün o gün olsun ki, daha yüksək fəxri adlara layiq görüləsiz.

Çox sağ olun, Aybəniz xanım!

Bəli, qeyd etməliyəm ki, Dağıstan Respublikasının mədəniyyət işçiləri respublikada Konstitusiya Gününün hazırlanmasında və keçirilməsində, antiterror istiqamətli işlərdə fəal iştirakına,həmçinin “Mədəniyyət” Böyük Vətən müharibəsindəki “Qələbənin 75 illiyi” nə həsr edilmiş milli layihələrin müvəffəqiyyətlə həyata keçirilməsində, mədəniyyət və incəsənət sahəsində xeyriyyəçiliyin saxlanılması, çoxmillətli mədəniyyətin inkişafında, məhsuldar işə və ictimai fəalliyyətə verdiyi töhfələrə görə mükafatlandırılmışlar.

Çox gözəl. Bizə məlumdur ki, bu Sizin ilk mükafatınız deyil və müxtəlif illərdə də diplom və təşəkkürlərə  layiq görülmüsünüz. Xahiş edirəm, özünüzdə musiqiyə, həm də məhz klarnet musiqi alətinə qarşı marağın oyanma tarixindən danışasız.

Ümumiyyətlə, bizim evdə həmişə musiqiyə böyük maraq olub. Atamın incəsənət sahəsində çalışdığı üçün musiqi hələ uşaqlıqdan mənim beynimə həkk olunub. Evimiz həmişə çal-çağırlı olardı. Atam nağara çalırdı,ifa etdiyi ritmlər onu dinləyənlərin qəlbini riqqətə gətirirdi. Lakin mənim klarnetə çox böyük həvəsim var idi. Beləliklə, qarşıma məqsəd qoydum: -Bu sənətə yiyələnməliyəm! Ona görə də 1995-ci ildə sənədlərimi Dərbənd şəhər iki saylı musiqi məktəbinə verdim. Mənim müəllimim Maqsud Salmanoviç Əliyev  (Allah ona rəhmət eləsin,qəbri nurla dolsun) idi. Musiqi məktəbini bitirsəm də, bununla kifayətlənmədim, başımda gecə -gündüz qonşu Azərbaycana gedib, orada təhsilimi davam etdirmək fikri dolanırdı. Bu çox çəkmədi, deyirlər niyyətin hara, mənzilin ora. Bakıya yola düşdüm və 1999-cu ildə Asəf Zeynallı adına musiqi kollecinə qəbul olundum. Orada da bəxtim müəllim tərəfindən yaxşı gətirdi. Ustadım adlı-sanlı klarnet çalan Rafik müəllim oldu. Oranı müvəffəqiyyətlə bitirdikdən sonra doğma şəhərə gəlib Dərbənd İncəsənət və Mədəniyyət İnstitutuna daxil oldum. Sonralar-2003-2006-cı ilədək Dərbənd rayon mədəniyyət Evində, 2006-cı ildən 2010 –cu ilə kimi “Günəş” rəqs ansamblında işləməyə başladım. 2010-cu ildən başlayaraq, doğma teatrmızda çalışıram. Hələ teatrda çalışmazdan əvvəl də müxtəlif əsərlər qoyularkən (2008-ci ildə “Arşın mal alan ” la Bakıya getdik və musiqili komediya teatrında çıxış etdik) məni bura dəvət edirdilər. Buna heç vaxt etirazım olmayıb və əlimdən gələn köməyi etmişəm. Çünki hər hansı bir milli teatr da xalqın sərvətidir və hamı bundan yararlanmalıdır .

Özünüzə daha çox klassikanı, xalq mahnılarını, yoxsa estradanı yaxın görürsünüz?

Bilirsiz, mən müasirliyi, yeniliyi, amma qədərində-sevən insanam. Ürəyimdə klassikaya da yer var, müasir estradaya da. Ancaq  qəlbən ən yaxın olanımı bilmək istəyirsinizsə, deyirəm: xalq mahnılarımız, oyun havalarımız !

Bizim şəhərimizin klarnet ifaçılarının ifa tərzlərindən razısınızmı, onlara hansı məsləhətləri vermək istərdiniz?

Heç kəsin sənətinə, yaradıcılığına kölgə salmaq niyyətim yoxdur. Klarnet ifaçılarından gileylənsək, haqsızlıq etmiş olarıq. Lakin çalışmaq və yenə də çalışmaq lazımdır. Çünki biz xalq arasına, çıxırıq, el şənliklərində iştirak edirik. Musiqinin də öz dili var. İfalarımızda başqa səmtə əyilməməliyik, millilik qorunmalıdır. Müasirliyi düzgün olmayan yerdə axtarmamalıyıq. Hal-hazırda bizim nəinki musiqimizdə, eyni zamanda geyimimizdə, mətbəximizdə, hətta danışığımızda da dəyişikliklər hiss olunur. Mən yenə də təkrar edirəm, yeniliyin əleyhinə deyiləm. Müasirləşmək lazımdır, amma milli dəyərləri də unutmaq olmaz, onları saymamaq, gələcək nəsillərə ötürməmək bağışlanmazdır.

-İlqar Eldaroviç, Sizin kumiriniz olubmu və o, kimdir?

-Bir qədər çətin bir sualla qarşı-qarşıya qoyduz məni. Əgər fikir vermisinizsə, mənim ifalarımda bir yox, bir neçə üslub hiss olunur. Çünki mən bir neçə sənətkardan (onların adlarını yuxarıda çəkmişəm) bəhrələnmişəm. Amma ilk olaraq, onu görüb bu sənətə gəldiyimə görə deyərdim ki, mənim kumirim çox gözəl və istedadlı klarnet ustası və ifaçısı Hakim Abdullayev (Dərbənd musiqiçiləri arasında Akim adı ilə məşhurdur) olub. Həqiqətən də mən onun sənətini çox sevirəm.

  • İfalarınızda daha çox nəyi tapırsınız? Lirikamı, romantikamı?…
  • Lirikanı sevirəm, lakin lirikaya həddindən artıq çox yer verməyi də lazım bilmirəm. Çünki hər şeyin öz yeri var. Dahi mütəfəkkir Nizami Gəncəvi çox gözəl yazırdı:

Bir inci saflığı varsa da suda,

Artıq içilərsə, dərd verir o da.

Həddindən  artıq çalınan lirik musiqi də kədər gətirir. Bilirsiz, bu elə bir sənətdir ki, burada “nə qədər qazanacam?” yox, “nə qazanacam?” –deyə düşünmək lazımdır. Nə isə qazanmaq da ki, illər tələb edir. Ona görə də burda səbirli olmaq daha məqsədəuyğundur.

  • Son olaraq, “Dərbənd” in oxucularına nə demək istərdiniz?
  • Çox sağ olun, bütün kollektivinizə, başda redaktorunuz Tərlan Qəhrimanoviç Ələkbərov olmaqla, hamıya firavan həyat arzulayıram. Qoy dünyamız salamat olsun, qədim şəhərimiz günü-gündən gözəlləşsin, azar-bezar bizdən uzaq olsun, təki xalqımızın günü xoş keçsin və milliliyi itirməmək şərtilə müasirləşən, gözəlləşən musiqimizə həmişəki kimi lazımi dəyərini verməyi bacarsın!
  • Bu gözəl və nəcib arzulara görə İlqar Kərimova təşəkkür edir, ona və onun timsalında şəhərimizin bütün xeyirxah insanlarına yeni-yeni yaradıcılıq uğurları, ailə səadəti diləyirik!

                                                                         AYBƏNİZ   

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *