BEYNƏLXALQ MUSİQİ GÜNÜ QEYD EDİLDİ

Ötən həftənin şənbə günü Dərbənd şəhərində Beynəlxalq Musiqi Günü böyük təntənə ilə qeyd olunmuşdur. Həmin gün şəhərin mədəniyyət İdarəsi, gənclər siyasəti və idman şöbəsi tərəfindən təşkil olunmuş bayram konsertləri, maarifləndirici tədbirlər və yaradıcılıq geçələri Mirzə Kazım bəy döngəsində başlamış, şəhərimizin parklarında davam etdirilmişdir.
Dərbənd şəhər administrasiyasının dəvəti ilə Muradov adına Dağıstan Dövlət Filarmoniyasının xalq musiqisi ansamblının solistlərinin qədim qiyara təşrif buyurması hamının ürəyindən olmuşdur.
Şəhərimizin sakinlərinin və qonaqlarının əhval-ruhiyyəsinə müsbət təsir edən şənliklərdə milli teatrlarının bədii kollektivləri, Dərbənd Musiqi kolleci, Uşaq və Gənclər Yaradıcılıq Evinin yetirmələri də iştirak etmişdir.
Beynəlxalq musiqi günü çərçivəsində dünya mədəniyyəti xəzinəsinə daxil olan möhtəşəm əsərlər səsləndirilmişdir.
Tədbirdə çıxış edən Dərbənd şəhər başçısının müavini Vidadi Zeynalov şəhər sakinlərini və qonaqlarını təbrik edərək qeyd etdi ki, bu bayram dünyada milyonlarla insanı birləşdirir və musiqini dəyərini vurğulamaq üçündür. “Musiqi qədim zamanlardan bəri hər yerdə insanları müşayıət edir, ruhumuza qida verir, böyük qüvvəyə və əhəmiyyətə malikdir. Bu gün sənətin bu növü ilə məşğul olanları təbrik edirəm. Düşüncələrinizi və hisslərinizi böyük istedadınızla insanlara çatdırmaq bacarığına malik olduğunuz üçün sizə təşəkkürümü bildirirəm”,- deyə o, açıqlamışdır. Sonra o, “Tərənnüm olunan Dağıstan” üçüncü festival müsabiqəsindəki gözəl çıxışına və qələbəsinə görə Dərbənd Azərbaycan Dram Teatrının rəhbərliyinə təşəkkür məktubunu təqdim etdi.
Xatırladaq ki, sentyabr ayının 23-29-na qədər Mahaçqalada, poeziya teatrında ictimaiyyətin diqqətini poetik irsə və məşhur şairlərin yaradıcılıq yoluna cəlb etmək, aktyorluq və rejissorluq bacarıqlarının ən yaxşı yaradıcılıq uğurlarını təbliğ etmək, yeni formalar axtarmaq, Dağıstanın səhnə sənətinin ənənələrinin inkişafına töhfə vermək məqsədilə “Tərənnüm olunan Dağıstan” üçüncü festival müsabiqəsi keçirilmişdir. Dərbənd ADDT-nın “Dostum haqqında söz” ədəbi — musiqili (rejissor DR mədəniyyət işçisi Y.Xandadaşova) kompozisiyası ilə uğurla çıxış edərək birinci yerə çıxması bütün teatr sevənlərin ürəyincə olmuş, teatrın kollektivindən bu qələbəni çoxdan gözlədiklərini və onların buna müvəffəq olacaqlarına əmin olduqlarını bildirmişlər.
Həmin gün bir-biri ilə rəqs edən, deyib-gülən, insanları, öz sənətilə fəxr edən, qürur duyan insanları görüncə ürəyim riqqətə gəlirdi, sevinirdim. Ya Rəbbim! Qoy həmişə evlərimizdən musiqi səsi eşidilsin, toy-bayram səsi gəlsin, şəhərimizdə yaşayıb-yaradan müxtəlif millətlər əl-ələ verib mehriban yaşasın və qədim yurdumuz gündən-günə çiçəklənsin, Amin!
Amaliya Ağakişiyeva

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *