“Bazara böyük iştah və siyahı ilə gəlmişdik, qiymətləri görəndə iştah qaçdı siyahı isə ixtisar etdik”

Dekabr ayından Yeni İl bayramıyla əlaqədar bazarda giymətlər daha da yüksəldi. Bu da heç хoşa gələsi durum deyil. Bildiyimiz kimi yeni illə bağlı ərəfədə bazarlara üz tutanların sayında artım olur. Hamı istəyir ki, bayramda süfrəsini daha zəngin etsin. Əlbəttə ki, maddi imkan yol verdiyi həddə qədər.
Bəs bazarlarda qiymətlər ciblərə uyğundurmu?  Bu səbəbdən Dərbəndin ən məşhur bazarlarından biri olan “Yuxarı bazarı” -na baş çəkdim.

Bazarda canlanma müşahidə olunsa da, hamı şikayətçi idi. Alan da, satan da…


13 ildir bazarda satıcı işləyən qadın qiymətlərin o qədər də yüksək olmadığını dedi:

“Dekabr və Yanvar ayları gələndən alverdə nisbətən artım müşаhidə olunur. Əvvəlki aylarda bazara hamı tez-tez gəlmir. İndı isə əksinədir. Amma hamı hər şeyi daha ucuz almaq istəyir. Bəs düşünmürlər ki, biz də əziyyətlə pul qazanırıq? Burda istirahət etmədən, isti-soyuq demədən ailəmizi dolandırmaq işləyirik. Müştərilər gəlirlər, meyvələri özləri seçmək istəyirlər, elə olanda da birini əzirlər, biri əllərindən düşür, başqa müştəri də onu almır”.


Digər satıcı isə kişi, müştəri azlığından gileyləndi:

“Piştaxtaya müştəri yaxınlaşanda sevinirik. Onlar da qiyməti soruşurlar, ciblərinə uyğun olmadığını biləndən sonra uzaqlaşırlar. Meyvə-tərəvəzi əvvəl hansı qiymətə satırdıqsa, yenə də həmin qiymətə satırıq. Çox az miqdarda artım var. Bu da normaldı, hər şeyin qiyməti qalxır, meyv-tərəvəzin qiyməti necə stabil qala bilər? Biz də istəyirik ki, pul qazanaq, özümüz də bazarlıq edək. Amma günün sonunda baxırıq ki, heç bir nəticə yoxdur”.

Bazara alıcı qismində gələn Fatimə Saidovanın  sözlərinə görə, burada qiymət marketlərdən daha bahadır.

“Əvvəl daha sərfəli qiymətə alış-veriş etmək üçün bazara üz tuturduq. Bura gəlmədən əvvəl marketdə qiymətlərə baxmışam. Marketlərdə mallar buradakılardan daha ucuzdur. Satıcılar bilir ki, yeni ildir,  hamı nəsə alacaq, ona görə də qiymətləri baha deyirlər. Qiymətlərdən heç də razı deyiləm. Qazanan hər zaman satıcılar olur”.

Növbəti müsahibəm olan satıcı  deyir ki, Dağısatan əhalisi aldanmağı sanki xoşlayır:

“Biz burada ucuz və keyfiyyətli məhsullar satırıq. Amma onlar marketlərdəki yalançı qiymətlərə aldanırlar. Marketdə malı bir qiymətə qoyurlar, kassada isə başqa bir qiymət olur. Mən çərəz satıram, qiymətlər də o qədər baha deyil. Amma əhalidə çərəzləri almağa pul yoxdur. Qiymətlər son vaxtlar  50 – 100 rubl arası yuxarı qalxıb. Çünki burada elə məhsullar var ki, biz onu xaricdən alırıq. Məcburuq üstünə pul qoyaq ki, yerhaqqı və bir tikə çörəkpulumuzu qazanaq”. 

Qəssab bir kişidə də alıcı qıtlığından şikayətləndi:

“Alıcılıq qabiliyyəti çox aşağıdır.  Daimi gələn müştərilərimiz var idi, ay ərzində ən azı 6 kiloqram ət alırdılar, indi 3 kilo ilə kifayətlənirlər. Mən mal ətini 350 rubla, quzu ətini isə 400 rubla satıram. Bu qədər əziyyətin müqabilində isə mənə qəpik-quruş qalır. O da heç mənim gördüyüm işin əziyyətinə belə dəyməz. Amma neyləmək olar, çörəyimizin xətrinə buna da məcburuq”.

Zarema adlı daha bir müştəri də bahalıqdan narazı idi:

“Bazara böyük bir siyahı ilə gəlmişdik, amma qiymətləri görəndən sonra  siyahıda ixtisarlar etdik,  meyvələri azaltdıq, bəzilərin ümumiyyətlə sıradan çıxardıq. Bazara hər dəfə gələndə qiymətləri daha da artan görürük. Hər şeyə qənaət edirik ki, bir təhər yaşayaq. Bazarlıq təkcə ərzaqla bitmir. Evdə tək yoldaşım işləyir. Onun da aldığı maaş 14500 rubldr. Bu pulla bir ailə necə yaşasın?.. Əvvəllər ayda 5-6 kq ət alardıq. İndi 2-3 kilonu güclə alırıq. Bazardakı satıcıları da qınamıram. Onlar da aldıqlarının üzərinə pul qoymalıdılar ki, dolana bilsinlər. Onlar da bu soyuqda burda dururlar ki, evlərinə bir tikə çörək aparsınlar, amma qiymət qalxıb, hamı sadəcə qiymətləri soruşur. Qiymət baha olunca da, mənim kimi kor-peşman geri dönürlər”.
 

Növbəti bir alıcı Qamzat kişi dedi ki, tək bazarda deyil, hər yerdə qiymətlər od tutub yanır.

 “İki uşağım var, bütün valideynlər kimi mən də onlara hər şeyin yaxşısını vermək üçün çalışıram. Uşaqla bazara gəlməyə üzüm utanır, nəsə istəyəndə ala bilmirik. Uşaqların sağlamlığı üçün keyfiyyətli qidalardan istifadə vacibdir. Amma qiymətlər o qədər yüksəkdir ki, heç nədən normasında ala bilmirik. İşığı və qazı da qənaətlə istifadə edirik. Yeni ilin gəlişinə çox pul xərclənir, amma heç kimdə bayram təəssüratı qalmayıb. Bazara hər dəfə gələndə qiymət artımı ilə rastlaşırıq. Əvvəl satıcılar qiymətdə endirim edirdilər, amma indi heç o da yoxdu, satıcı dediyi qiymətdən aşağı düşmür”.

Hal hazırda bazarda olan giymətləri sizə deqiqləşdirirəm. Onlarla siz də tanış olun:



Tərəvəz

Pomidor 150 r

Xiyar 150 r

Soğan 30 r

Kələm 25 r

Kartof  30 r , Göyərti 20 -25  r 

Göbələk 250 r


Meyvələr

Alma 80 – 90 r

Armud  150 r

Nar 150 r

Limon 30 r

Portağal  100-120 r

Kivi 160 r

Banan 90-95  r

Üzüm 150 -180 r

Ananas 250 r

Kök 30 r  

Ət və süd məhsulları 

Quzu əti 400 r Mal əti 350 r

Hinduşka 1200 r

Toyuq 350 r

Pendir 250 r

Qatıq  200 r

Kərə yağı 550 r

Sevinc Quliyeva

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *