QEDİM ABİDƏLƏRİMİZ
MEMARLIQ ABİDƏSİ “PASSAJ”

Passaj sovetlər dövründə ticarətin ən qaynar nöqtələrindən biri idi. Sonralar hansı səbəbdənsə bazarın fəaliyyəti dayandırıldı, ayrı-ayrı adamlar binadan gah idman kompleksi, gah da başqa-başqa məqsədlər üçün istifadə etməyə başladı. Lakin bu da uzun sürmür, onlar bir-birinin ardınca bağlanırdı.
Artıq otuz ilə yaxın idi ki, respublikamız üçün əhəmiyyətli və dəyərli memarlıq abidəsi sanki donub qalmışdı.
Nəhayət ki, binanın “xəstəliyinə” əlac tapanlar oldu. “Dərbənd şəhəri” şəhər dairəsinin sabiq başçısı, hazırda isə Dağıstan Respublikasının dövlət katibi Xizri Abakarovun şəxsi təşəbbüsü və səyi ilə burada bütün kommunikasiyaların dəyişdirilməsi ilə hərtərəfli yenidənqurma işləri aparıldı. Nəticədə bina örtülü bazarın şərq atmosferini yaratdı və ötən il dekabr ayının ortalarında şəhərimizdə örtülü bazarın bir qalereyası açılacaq, sakinlərin ixtiyarına buraxıldı…
Yeni il tətillərində yolum “Passaj”ın yanından düşdü. Xatirələr məni uşaqlıq illərinə apardı. Xatirimdə o vaxtlardakı tünlük canlandı. Mənim uşaqlıq çağlarım yenidənqurma illərinə düşmüşdü, hansı ki, artıq bütün ölkədə ərzaq qıtlığı yaranmış, mağazaların qarşısında uzun-uzadı növbələr dururdu. Fərqi yox idi, istəyirsən çörək al, istəyirsən başqa ərzaq malları “ oçereq”ini gözləməli idin. Binanın böyrünə yapışıq qazlı suavtomatları quraşdırılmışdı, “beş qəpiq”lik sular çox ləzzətli idi, üç qəpiyə də var idi. Hamı o vaxtlar suyu tinli adlanan bir stəkandan içirdi. Çox təəccüblü idi, heç kəs xəstələnmir, azara tutulmurdu. Amma indi əksinədir, istifadə etdiyimiz əşyalar dezinfeksiya edilsə də, yenə əksər hallarda xəstəlikdən qurtula bilmirik. Nə isə…
Hava təzəcə qaralırdı. Passajın içərisi çil-çırağa bürünmüş, al-əlvan bəzənmişdi. İşəridə xeyli sakin görünürdü. Onların əksəriyyəti öz uşaqları ilə şəkil çəkdirməyə gəlmiş valideynlər idi. Bu mənzərəni gördükdə həqiqətən çox sevindim. Ürəyimdə məşhur dəmir qapılı Dərbəndimizin təəssübünü çəkərək, onun qədimliyini saxlamağa çalışan və bundan sonra daha da gözəlləşməsi, ölkəmizin müxtəlif regionlarından turistlərin axışıb gəlmələri üçün əlindən gələni əsirgəməyən insanlara can sağlığı, ruh yüksəkliyi arzuladım.
HAŞİYƏ
1916-cı ildə Şəhər Komissarlığının Yığıncağı “Dövlət örtülü bazarı”nın qurulmasına qərar verdi. Malyutinski zolağı (indiki Mirzə Kazım-bəy) zolağı buyunca torpaq ayrıldı, layıhə tərtib və təsdiq edildi, binanın tikintisinə başlandı. Lakin inşaat işləri inqilabi hadisələr və vətəndan müharibəsi ilə əlaqədar olaraq saxlanıldı. Yalnız 1920-ci ilin mart ayında Sovet hakimiyyətinin tam qurulmasından və şəhər xəzinəsində fondların meydana çıxmasından sonra tikintiyə davam etmək qərara alındı. Lakin maliyyə çətinliyi üzündən layihə sadələşdirilməyə başlandı və bina böyük çatışmamazlıqlar ilə istismara verildi. Binanın qərb portalı, şimal köməkçi girişləri tamamlanmış, daxili dam örtüyü sadələşdirilmişdir. Tamamlanan şərq portalının üstündə rus və ərəb dillərində “Şəhər Şurasının örtülü bazarı” yazılmışdı. Beləliklə, mağazaların buraya yerləşdirilməsinə qərar verildi. Binanın daxili taxta arakəsmələrlə kiçik otaqlara bölünmüşdü və təntənəli açılış 1927-ci ilin dekabırında baş verdi.
Bəli, son vaxtlar ölkəmizin bütün regionlarından və xaricdən turistlər axışıb gəlir. Onlar Dərbəndin möhtəşəm Narın-qalasına, onun dünyada bənzərsiz olan qapılarına və bir çox başqa qədim abidələrinə böyük heyranlıqla tamaşa edir, sakinlərin qonaqpərvərliyinə heyrətlənirlər. İnanırıq ki, şəhər infrastrukturun kompleks inkişafı üçün respublika dövlət proqramının tam icrası sayəsində mənim doğma şəhərim dünya səviyyəli turizm mərkəzinə çevriləcək və əfsanəvi Dəmir Qapı Dərbəndin xoş sorağı dildən-dilə düşəcək.
AMALİYA AĞAKİŞİYEVA

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *