Новостная лента

ƏLİ İBRAHİMOV ELMİ KONFRANSDA İŞTİRAK ETMİŞDİR

Oktyabrın 23-də Bakı Konqres Mərkəzində “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans işə başlamışdır. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşan konfransda 30 ölkədən 150-dək xarici qonaq iştirak etmişdir. Qeyd etmək lazımdır ki, Dağıstan Respublikasını Dərbənd Qoruq muzeyinin direktoru Əli İbrahimov təmsil etmişdir. 

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə konfransın əhəmiyyətindən danışmışdır. Akademik bildirmişdir ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycanda tariximizin öyrənilməsi, zəngin dövlətçilik ənənələrimizin tədqiqi kimi məsələlər prioritet istiqamətlərdən sayılır.        

“Bu coğrafiyada Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Şirvanşahlar kimi dünyada tanınan dövlətçilik ənənələrimiz mövcud olub. Şirvanşahlar dövləti bütün atributlara sahib dövlətçilik ənənələri ilə tanınıb. Hər zaman ərazi bütövlüyünü qoruyub saxlayan bu dövlət dahi şair və alimlərin yaşadığı bir mərkəz rolunu oynayıb. Şirvanşahlar dövründə Bakı, Şamaxı və Dərbənddə çox böyük mədəniyyət nümunələri yaradılıb. Prezident İlham Əliyev Şirvanşahlar Sarayının yenidən qurulmasına xüsusi göstəriş verib. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva elmə, elm adamlarına böyük qayğı və diqqət göstərirlər. Maddi mədəniyyətimizin çox qiymətli nümunəsi olan İçərişəhər təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Bunu UNESCO-nun Dünya Maddi İrs Siyahısına İçərişəhərin Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birgə salınması da təsdiq edir. Həm Şirvanşahlar Saray Kompleksi, həm də Qız qalası Azərbaycan qanunvericiliyi, eləcə də UNESCO tərəfindən dünya əhəmiyyətli abidələr kimi tanınır və qorunur. Bütün bunlara Mehriban Əliyevanın dəstəyi sayəsində nail olmuşuq. Son illər dünya dövlətlərinin tanınmış elm adamlarının xalqımızın zəngin və mədəni tarixinin tədqiqinə marağı artıb. Bu olduqca sevindirici haldır", - deyə akademik vurğulamışdır.

AMEA-nın prezidenti qeyd etmişdir ki, konfrans dərin tarixi köklərə, zəngin mədəniyyətə sahib olan və müasir Azərbaycan ərazisində dövlətçiliyin əsasını qoymuş minillik tarixə malik Şirvanşahlar dövlətinin simasında dünya ictimaiyyətinin diqqətini ölkəmizin tarixinin tədqiqinə cəlb etmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Mədəniyyət naziri Əbülfəs Qarayev konfransın keçirilməsini dövlətçiliyi  dərk edilməsi baxımından çox böyük addım kimi dəyərləndirib: “Şirvanşahlar Asiya ilə Avropanın kəsişdiyi bir coğrafiyada yaranıb və inkişaf edən dövlətlər sırasında yer alıb. Dövlətimiz tərəfindən həmişə tarixi və mədəni abidələrimizə həssaslıqla yanaşılır. Şirvanşahlar Saray Kompleksi Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi sayəsində UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil olub”.

Şirvanşahların Azərbaycanın dövlətçilik tarixində mühüm yerlərdən birini tutduğunu söylən nazir deyib ki, bu dövlət xalqımızın dövlətçilik ənənələrinin formalaşmasında əvəzsiz ol oynayıb: “Şirvanşahların himayəsi altında Azərbaycan mədəniyyəti zənginləşib, inkişaf etdirilib. Azərbaycan ədəbiyyatının Nizami Gəncəvi, Xaqani Şirvani, Nəimi, Nəsimi, Seyid Yəhya Bakuvi kimi klassikləri bu dövrdə yaşayıb yaratmışlar. Şirvanşahlardan dövrümüzə Şirvanşahlar sarayı, Bibiheybət məscidi, Bakı qalası, Pirsaatçay xanəgahı kimi onlarca dəyərli tarixi-memarlıq abidəsi miras qalıb. Şirvanşahlar dövründə cərəyan edən mədəni, siyasi və iqtisadi proseslərin Yaxın Şərqə də böyük təsir imkanları olub”.

Belə beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsinin vacibliyini qeyd edən Ə.Qarayev konfransın işinə uğurlar arzulamışdır.

Şirvanşahlar dövlətinin tarixi haqqında iştirakçılara məlumat verən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin (DTMQ) rəisi Əsgər Ələkbərov demişdir ki, o dövrdə inşa edilmiş memarlıq abidələri, yazılmış əsərlər dünya irsinin mükəmməl nümunələri sırasında xüsusi yer tutur. Bildirmişdir  ki, Şirvan şahlarının iqamətgahının, minillik Şirvan tarixinin ən gözoxşayan tikililərinin İçərişəhər ərazisində yerləşməsi bu konfransın keçirilməsi ilə bağlı ideyanın yaranmasının ən başlıca səbəblərindən olub: “Biz Milli Elmlər Akademiyası ilə birlikdə Şirvanşahlar tarixinə həsr olunmuş konfransın keçirilməsi təşəbbüsü ilə çıxış etdik. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu təşəbbüsü dəstəkləyərək konfransın ən yüksək səviyyədə keçirilməsinə dair müvafiq tapşırıqları verdilər. Düşünürəm ki, bu, dövlət rəhbərliyinin xalqımızın tarixi irsinə verdiyi yüksək dəyəri göstərir, gənc nəsillərə vətənpərvərlik hissini aşılayır, onlarda tariximizə bağlılıq və ona qarşı məhəbbət hissi oyadır”.

“Şirvanşahlar dövləti VI–XVI əsrlər kimi ağır və çətinliklərlə dolu tarixi bir dövrə sinə gərərək çiçəklənə bilib. Azərbaycan və eləcə də dünya ədəbiyyatının böyük simalarından olan Xaqani Şirvani və İmadəddin Nəsiminin o dövrdə yazıb yaratmaları Şirvan şahların poeziya, elm və yaradıcılığa göstərdikləri qayğının bariz nümunələrindən biridir. Məlumdur ki, bu yaxınlarda Azərbaycanda Heydər Əliyev Fondu tərəfindən Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın şəxsi təşəbbüsü ilə İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş “Şeir, incəsənət və mənəviyyat” şüarı altında birinci Nəsimi Festivalı müvəffəqiyyətlə keçirilmişdir. Nəsimi adı bu gün hamımız üçün mənəviyyat və ziya simvoludur”.

Bildirilmişdir ki, konfransın əsas vəzifəsi yüksək beynəlxalq səviyyədə Şirvanşahlar dövlətinin tarixinə dair yeni araşdırmaların aparılması, gənc tədqiqatçıların Şirvan və ümumilikdə Azərbaycan tarixinin öyrənilməsinə cəlb olunması, milli mədəni irsin təbliği istiqamətində fəaliyyəti genişləndirməkdir.

Konfrans çərçivəsində tanınmış beynəlxalq elm adamlarının İslam aləmində ən uzunmüddətli hakimiyyətə malik Şirvanşahlar dövlətinin memarlığı, arxeologiya, etnoqrafiya, ədəbiyyat, epiqrafiya və fəlsəfəsi mövzularında məruzələri dinlənilmişdir.

Sonra qonaqlar “Şirvan şahları” sənədli filminə baxmışlar.

Konfrans panel iclaslarla davam etmişdir.

Konfrans çərçivəsində “Şirvanşahlar Saray Kompleksi” Dövlət Tarix-Memarlıq Muzeyi ilə Moldova İncəsənət Muzeyi və Özbəkistan Dövlət Teymurilər Tarixi Muzeyi arasında əməkdaşlıq barədə memorandumu imzalanmışdır.

 

Прочитано 143 раз
Оцените материал
(0 голосов)

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

Сайт www.derbend.ru зарегистрирован Федеральной службой по надзору в сфере связи, информационных  технологий и массовых коммуникаций.

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

Настоящий ресурс может содержать материалы 12+

email:gazetaderbend@mail.ru

главный редактор Алифханов Гаджимахмуд Шамилович

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru