Новостная лента

GÜLÜSTAN İNCİLƏRİ

"Dərbənd"qəzetinin şöbə redaktoru,Dərbənd "Gülüstan"ının sədri, AYB üzvü,bu il 65 yaşı tamam olan Tahir Salehin "Gülüstan inciləri" toplusunda dərc olunan "Bərkiyəndir" adlı şeiri:
Dəmir odda əriyənsə,
Dost ürəkdə bərkiyəndir.
Dost mənliyi arayansa,
Duz-çörəkdə bərkiyəndir.

İmtahana çəkmə dostu,

Hər gümana çəkmə dostu,
Divar kimi sökmə dostu,
O,diləkdə bərkiyəndir...

Qəlbi daim bahar qalsa,
Çiçək-çiçək gözə dolsa,
Qoyduğu iz məhrəm olsa,
Qar-küləkdə bərkiyəndir.

Əyilməzdir yağı-yada,
Bənzəri var alov-oda,
Tahir özü də dünyada,
Xoş istəkdə bərkiyəndir...

 

Mütəfəkkir,tarixçi,şair A.Bakıxanov Qüdsi yadigarı "Gülüstan" ədəbi məclisi 180 illiyini qeyd etdiyi ərəfədə nəşr etdirdiyi "Gülüstan inciləri" toplusundan:
İzmirağa Töhmərlinin(ali təhsilli müəllim,şair-jurnalist) "Məni kəndə apar..."şeiri
Qaytar məni o dağlara,
Ordan baxım uzaqlara,
Yazda məndən uzaqlaşar,
Qışda məni tapar ölüm-
Məni kəndə apar,ölüm!
Qırx il ömür sürdüm,bəsdir,
Gördüyümü gördüm,bəsdir,
Mən it ömrü yaşamışam,
Haqsızlığa hürdüm,bəsdir!-
Məni kəndə apar ,ölüm!
Hər el,hər ölkə yaxşıdır,
İstidə kölgə yaxşıdır.
Bu dünyanı bəyənmədim,
O dünya bəlkə yaxşıdır
Məni kəndə apar, ölüm!
Yaddan günüm,anım çıxmaz,
Kəssən,damla qanım çıxmaz,
Torpaq üçün darıxmışam-
Bu asvaltda canım çıxmaz:
Məni kəndə apar,ölüm...
Allah sənə rəhmət eləsin,İzmirağa müəllim.

"Gülüstan" ədəbi məclisinin ağsaqqal üzvlərindən şair,teleaparıcı Pirəli Rüklünün "Gülüstan inciləri" toplusunda dərc olunmuş "Bəyənmir" adlı şeiri:
Kimliyini danaraq lovqalanıb gəzir o,
Yerli-yersiz ətrafa boylanaraq süzür o,
Özünü yüksək tutub,kimlərisə əzir o,
Yanında olanların heç birinə güvənmir,
"Bağa çanaqdan çıxıb,çanağını bəyənmir"
Kökünə bələd olan yaxşı tanıyır onu,
Düşməni tərifləyir,dostu qınayır onu,
Zatınımı unudub,göyə tutur burnunu,
Torpaqdan yaransa da,göylərdən yerə enmir,
"Bağa çanaqdan çıxıb,çanağını bəyənmir"
Daş-torpağın içindən gəlib çıxıbdır düzə,
Elə yeriyir,güya yaradacaq möcüzə...
Mat-məəttəl qalmışam,adamda qaşa-gözə,
Beləsinin başına göydən kül də ələnmir,
"Bağa çanaqdan çıxıb,çanağını bəyənmir"

 

Filologiya uzrə fəlsəfə doktoru,şair-rəssam Qələmşah İdrisovun "Gülüstan inciləri" toplusunda dərc olunmuş "Çəkim hicranını..." adlı şeiri:
Tökdü leysan kimi hicran yağışı,
Döndü ümidlərim ömrün qışına.
Yenə ləpirçi tək çıxıb gözlərim,
İtkin xatirələr axtarışına...

Məhəbbət böyüməz hicran olmasa,
Hicransız məhəbbət sevişə bilməz.
Hicran dənizində üzməyən aşiq,
Könül həmdəminə qovuşa bilməz.

Hicranla bərkiyir sevgi-məhəbbət,
Qeysi məcnun etdi hicran yarası.
Hicranın içinda gizlənib, fəqət
Ülvü məhəbbətin, eşqin yarısı.

Hicran məhəbbətin yaraşıqıdır,
Bir damla göz yaşı tökən deyiləm.
Çəkim hiçranını nə qədər desən,
Onsuz da siqaret çəkən deyiləm...

 

Ali təhsilli pedaqoq,filoloq-şair Abdulla Memmedin "Gülüstan inciləri" toplusunda dərc olunan şeirlərindən biri:"Dəymə"
Köz-köz közərdim söz üstə,
Közərən közümə dəymə.
Mən sənin yemin deyiləm,
Yeri get-gözümə dəymə!

Güzgüdə gördüyün üzü,
Gözlərdə hördüyün üzü,
Astara sırıdığın üzü
Gözəyib,gözünü döymə!

Tay-tayın tapar,su çala...
Qeybətlə dolmaz bu çala.
Az onu-bunu suçula
Söz atıb,dözümə dəymə!

At çəkəni yüyən bilər,
İt çəkəni söyən bilər,
Önündən söz yeyən bilər...
Haqq deyən sözümə dəymə!

Dağa dirənən ahdan qorx,
İşlədiyin günahdan qorx,
Barı,bir yol Allahdan qorx,
Diz çöküb özünü öymə...
Yeri get,gözümə dəymə!

 

Ali kategoriyalı müəllim,Qarabaq qazisi,"Vətən uğrunda" medalıyla təltif olunmuş zabit Nazif Tağının "Gülüstan inciləri" toplusunda dərc olunan şeirlərindən biri:"Susay çayi-Alpançay"(yarızarafat-yarıgerçək)
Susaya üzükdür qalın meşəsi,
Üzüyün qaşıdır dağın zirvəsi,
Sən ordan alırsan gücü-nəfəsi,
Bəs niyə Alpançay deyirlər sənə?
Kəndimi ortadan bölüb gedirsən,
Şaqqanaq çəkərək gülüb gedirsən,
Alpana çatmamış ölüb gedirsən,
Bəs niyə Alpançay deyirlər sənə?
Biz balıq tutardıq,səndə çimərdik,
Böyüklər gələndə gendə çimərdik,
Üç-dörd ay,az qala gündə çimərdik...
Bəs niyə Alpançay deyirlər sənə?
Damarda dövr edən qanım sən oldun,
Altı şəhidimlə canım sən oldun,
Susayda göllərim,sonam sən oldun,
Bəs niyə Alpançay deyirlər sənə?
Hövzəndə yad yellər əsməsin deyə,
Zarafat,xoş söhbət kəsməsin deyə,
Şahbaba müəllim küsməsin deyə-
(Alpanda Quruçay söyləsələr də)-
Müşkürdə Alpançay deyirlər sənə...

 

Mədəniyyət və İncəsənət Universitetinin məzunu Elnarə Əskərovanın "Gülüstan inçiləri" toplusunda dərc edilmiş bir şeiri: "Qürbət eldə..."(ixtisarla)
...Çox şey istəməzdim,bir yağış yağsın,
Çəkim ciyərimə torpağın ətrin.
Mavi göy belinə qurşağın taxsın,
Yetmiş dəfə sayım,yeddi rəng sətrin...

Günəş şəfəqini damlara sərsin,
Ərisin Şahdağın zirvəsində qar.
Quruçay hayqırsın,bir sel gətirsin,
Yusun sahilini bulanıq sular...

Ən gözəl paltarı geyim əynimə,
Toplayım başıma qonşu qızları,
Hanı mis səhəngim,salım çiynimə,
Düşək Qarabulaq yoluna sarı...

Sübh tezdən oyanım xoruz səsilə,
Anamın ocaqda südü qaynasın.
Qızlar könül açsın zümzüməsilə,
Lalə ləçəyində şehlər oynasın..

Bibimiz sac salsın-ocaq qalayıb,
Naxışlı çörəklər yapsın təndirə.
İsti qutabları özüm yağlayım,
Bacım stəkanda ayran gətirə..

Geyək əynimizə qardaş şalvarın,
Bir az ip bağlayaq qazan qulpuna,
İynəli-tikanlı qəddar kölların
Böyürtkən yığmağa girək qoynuna...

Çaytikanı yığaq,ziriş toplayaq,
Cırsın əllərimi tikanlı kollar.
Gicitkən yandırsın ayaqlarımı,
İçimdə onun da bir həsrəti var...

 

Orta ixtisas təhsilli,Quba- "Gülüstan" və Xaçmaz- "Ulduzlar" ədəbi məclislərinin üzvü, şair Böyükağa Ağanın "Gülüstan inciləri" toplusunda dərc olunmuş şeirlərindən:
Sacı qızdır dedim sənə,
Dərdi qovur,qat çətənə.
Xırmanımda qalıb yenə-
Döyəcəyəm,vəl kimiyəm.

Çulum olub para-para,
Dərd çiynimə salıb yara.
Əcəl qalıb üzüqara,
Öldürəmmir,kəl kimiyəm.

Hər kimin var fərd içində,
Dərdi çəkər mərd,içində.
Ərimədim dərd içində,
Dərd sədəfdi,ləl kimiyəm...

 

Əsasən müəllimlərin,digər ziyalı və qələm əhlinin toplaşdığı,180 illiyini qeyd etdiyimiz "Gülüstan" ədəbi məclisinin sədri,"Tərəqqi" qəzetinin redaktoru pedaqoq-jurnalist Sıxməmməd Seyidməmədov və müəllim oğlu, həyat yoldaşı, məktəbli valideyni kimi öz adımdan savadlı, vicdanlı, yaradıcı müəllimləri bu əlamətdar gündə təbrik edir, mərhumlari da anaraq- ədəbiyyat müəllimi, şair Sabir Şeydanın "Gülüstan inciləri" toplusunda dərc edilmiş şeirini təqdim edirəm:
Damlasıyıq yanan şamın,
Çağlama canım,çağlama.
Gözdə qaldı arzu-kamın,
Ağlama canım,ağlama...
Haqsa yazan bir yazını,
Kim gördü onda pozunu?!
Söndür,qəlbdə dərd közünü,
Saxlama canım,saxlama.
Qəmlə sevinc arasını
Ölç,tökmə göz qorasını.
Açma yaddaş yarasını,
Dağlama canım,dağlama.
Topla qüvvəni,tabını,
Oxu ömür kitabını...
Sevinc dadlı bir qapını,
Bağlama canım,bağlama...

 

Gümüş onluq və bir bənd sonluq
Cabir Agaoglu )

Şeiri şüara çevirənlər
Şüarı şirə çevirməkdə,
Şiri şara çevirənlər
Şarı şüura çevirməkdə,
Pulu kefə sovuranlar
Yağı şora çevirməkdə...
Şoru şərə çevirənlər
Şəri tora çevirməkdə...
Köz altında manqal ağlar,
Köz üstdəki çevrilməkdə...
Ara qatan qanqalaqlar
Çöpü tirə çevirməkdə,
Bəzi nadan danqalaqlar
Kiri pirə çevirməkdə...

 

"Şabran" ədəbi məclisinin sədri,AYB üzvü şair-jurnalist Qafar Süleymanın "Gülüstan inciləri"toplusunda dərc edilmiş şeirlərindən biri-"Ağlayır"
Ağlayıram öz içimdə,
Bilən yoxdur kim ağlayır.
Çalınır "Yanıq Kərəmi",
Mizrab altda sim ağlayır.

Dərd var qalıb ötən çağdan,
Dərd var böyük Tufandağdan,
Uzaq düşdüm Qarabağdan,
Boş qalan yerim ağlayır...

Əzilsəm də maraq üstə,
Gəzdirmədim yaraq üstdə...
Qələm gəzən varaq üstə
Xəlvətcə şeirim ağlayır...

Прочитано 1107 раз
Оцените материал
(2 голосов)
Другие материалы в этой категории: "Valeh və Zərnigar" dastanı »

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

Сайт www.derbend.ru зарегистрирован Федеральной службой по надзору в сфере связи, информационных  технологий и массовых коммуникаций.

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

Настоящий ресурс может содержать материалы 12+

email:gazetaderbend@mail.ru

главный редактор Алифханов Гаджимахмуд Шамилович

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru