Mayın 7-də Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialında Dərbənd Dövlət Dram Teatrının aktyorlarının iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə aid tədbir keçirilib.
Femida.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan teatrın musiqi şöbəsinin rəhbəri, Dağıstan Respublikası əməkdar artisti Sevda Bəybalayeva Heydər Əliyevin həyatından danışıb.
Daha sonra teatrın ədəbi-dramaturgiya şöbəsinin rəhbəri, Dərbənddəki azərbaycanlıların milli-mədəni muxtariyyətinin sədri Telman Tahirli çıxış edib. O, tədbir iştirakçılarını teatrın direktoru Firdovsi Əsgərovun adından salamlayıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyətindən, Dağıstan və Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsindəki böyük xidmətlərindən söz açıb.
Tədbirdə "Dədə Qorqud" xeyriyyə fondunun sədri Rafiq Mövsümov çıxış edərək Heydər Əliyevin Azərbaycanın inkişafı, eləcə də Azərbaycan-Rusiya münasibətlərinin möhkəmləndirilməsindəki rolunu diqqətə çatdırıb.
Qeyd olunub ki, Heydər Əliyev müasir Azərbaycan üçün sülh, sabitlik və dövlətçilik uğrunda hərəkatın yeni mərhələsini başladıb. O, müasir Azərbaycan dövlətinin qurucusu hesab edilir.
Rəsmi çıxışlardan sonra aktyorlarlar konsert proqramını təqdim ediblər, Heydər Əliyevə həsr edilmiş şeirlər oxuyublar.