Новостная лента

Super User

Super User

Dağıstanın başçısı  Ramazan Abdulatipov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşüb. Polad Bülbüloğlu Dağıstana SSRİ Xalq Artisti, bəstəkar Murad Kajlayevin 85 illik yubileyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün gəlib.

Ramazan Abdulatipov görüşdə qeyd edib ki, təkcə Dağıstanda və Rusiyada deyil, bütün dünyada məşhur olan görkəmli bəstəkar Murad Kajlayevin 85 illik yubileyi respublikanın mədəni həyatında mühüm hadisədir. “Sevindirici haldır ki, bu böyük bayram Azərbaycan üçün də bayramdır”. R.Abdulatipov xüsusi vurğulayıb ki, Mahaçqalada Əziz Əliyevə abidə ucaldılması ilə bağlı işlər aparılır. Burada onun adını daşıyan meydan da olacaq. Respublikanın başçısı  Dərbəndin 2000 illiyi şərəfinə yubiley tədbirlərinə hazırlıq işlərinə Azərbaycanın töhfəsini razılıq hissi ilə qeyd edib. “Heydər Əliyevin adını daşıyan küçə tamamilə yenidən qurulub, bu barədə Rusiya Prezidenti Vladimir Putinə məlumat verilib”, - deyən R.Abdulatipov daha sonra əlavə edib ki, Azərbaycan ilə Dağıstanın əməkdaşlığı bundan sonra da davam edəcək. Dərbənddə Olimpiya İdman Mərkəzi və Azərbaycan Musiqili Dram Teatrının binası tikiləcək.

Dağıstanın rəhbəri qeyd edib ki, Polad Bülbüloğlu Dağıstan sakinlərinin nəzərində təkcə Azərbaycanın səfiri deyil, Azərbaycanın və Dağıstanın ən görkəmli, ən istedadlı mədəniyyət xadimlərindən biridir. Ramazan Abdulatipov səfirə müraciətlə deyib: “Siz istər Dərbənddə, istərsə də Kremldə çıxışlarınızda bizim dostluq münasibətlərimizi bir daha vurğulayırsınız. Bu gün dövlətlərimiz arasında bütün səviyyələrdə əməkdaşlıq aparılır, bu əməkdaşlıq daha da güclənəcək və davam edəcək”.

Polad Bülbüloğlu isə öz növbəsində bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Murad Kajlayev Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilib. Diplomat deyib: “Bu, bizim ölkənin ən yüksək təltiflərindən biridir. Prezident İlham Əliyev Murad Kajlayevin soy-kökünə yaxşı bələddir. O, Kajlayevə çox səmimi təbrik məktubu göndərib”.

Səfərin sözlərinə görə, Azərbaycanda Murad Kajlayevi yaxşı tanıyır və xatırlayırlar, çünki o, Bakıda yaşayıb, böyük bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Qara Qarayevin şagirdi olub.

Polad Bülbüloğlu Dağıstan ilə Azərbaycan arasında yaranmış möhkəm iqtisadi, mənəvi və mədəni əlaqələri, habelə son illərdə R.Abdulatipovun rəhbərliyi ilə Dağıstan Respublikasında baş verən müsbət dəyişiklikləri də vurğulayıb. Səfir xüsusi qeyd edib ki, bu gün Dağıstanda həyata keçirilən layihələr respublikanın uğurlu inkişafının rəhnidir.

Diplomat məmnunluqla bildirib ki, Hökumət Evinin dəhlizindən keçərkən orada respublika rəhbərlərinin portretləri arasında Əziz Əliyevin də portretini görüb. Polad Bülbüloğlunun fikrincə, bu fakt Dağıstan sakinlərinin bu siyasi xadimin xidmətlərinə səmimi münasibətinə dəlalət edir. Səfir deyib: “Siz Əziz Əliyevin Dağıstanın rəhbəri olması faktını Dərbənddə, bu şəhərin 2000 illik yubileyinə həsr edilmiş təntənəli tədbirdəki çıxışınızda da qeyd etdiniz. Bu məqam Azərbaycan xalqı arasında müsbət reaksiya doğurub. Dağıstan bizim ən yaxın qonşumuzdur və məşhur bir məsəldə deyildiyi kimi, yaxın qonşu uzaq qohumdan daha yaxşıdır. Xalqlarımız arasında, xüsusən ziyalı və yaradıcı insanlar arasında həmişə qardaşlıq və dostluq münasibətləri olub. Uzun müddətdir ki, bizim yaradıcı kollektivlər təcrübə mübadiləsi aparırlar. Xüsusi vurğulamaq istəyirəm ki, Siz Dağıstana rəhbər təyin ediləndən sonra çoxsaylı mədəni və humanitar proqramlar həyata keçirilməyə başlanıb. Bu, çox sevindirici haldır”.

 

Bu günlərdə Rusiya Federasiyasının (RF) Təhsil və Elm Sahəsində Nəzarət üzrə Federal Xidmətinin sədri Sergey Kravtsov və RF-nin Dağıstan Respublikasının təhsil və elm naziri Şaxabas Şaxov   Bakıda  səfərdə olmuşlar. Nümayəndə heyəti  Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl  Cabbarovla   görüşmüş.

Təhsil Nazirliyindən  bildiriblər ki, görüşdə M.Cabbarov Azərbaycan ilə Rusiya arasında təhsil sahəsində əməkdaşlığın dinamik inkişaf etdiyini bildirib, RF-nin təhsil və elm naziri Dmitri Livanovun ötən ilin noyabrında Azərbaycana  səfərinin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə, eyni zamanda, Azərbaycanda və Rusiyada təhsil sahəsində aparılan islahatlar, bu sahədə əməkdaşlığın genişləndirilməsi, təhsil müəssisələrinə nəzarət və təhsilin müxtəlif səviyyələrində təhsilalanların biliyinin qiymətləndirilməsi istiqamətində qarşılıqlı təcrübə mübadiləsi və digər məsələlər barədə müzakirələr aparılıb.

 

 

 

Rusiya prezidenti əla formadadır.

Rusiya prezidenti Vladimir Putin Rusiyanın  cüdo üzrə Olimpiya yığması ilə məşq keçirib.

 Məşq prosesi Soçidə “Cənub İdman” hazırlıq mərkəzində təşkil edilib.

Rusiya prezidenti ilk növbədə cüdo üzrə RF yığmasının baş məşqçisi Etsio Qambanın köməyi ilə bəzi fəndləri yerinə yetirib.

“Bu adi dost məşqi idi, və Putinə məğlub olmaq barədə heç bir söz ola bilməz”, - Olimpiya çempionu Kamal Xan Məhəmmədov   deyib. O qeyd edib ki, Rusiya prezidenti əla formadadır. 

Dekabrın 26-da Bakıda “Dərbənd” xeyriyyə cəmiyyəti görkəmli dövlət xadimi Əziz Əliyevin xatirəsinə həsr olunan anım tədbiri təşkil edib.

AZƏRTAC xəbər verir ki, “Dərbənd” xeyriyyə cəmiyyəti sədrinin birinci müavini, tarix elmləri doktoru, ehtiyatda olan birinci dərəcəli kapitan Nurulla Əliyev tədbirdə məruzə ilə çıxış edərək görkəmli dövlət və partiya xadimi Əziz Əliyevin tarixi xidmətlərindən söz açıb, onun həyat və fəaliyyəti barədə ətraflı məlumat verib.

Bildirib ki, 1897-ci il yanvarın 1-də qədim Azərbaycan torpağı olan İrəvan quberniyasının Hamamlı kəndində anadan olan professor, məşhur pedaqoq, səhiyyə və təhsil sahəsində əvəzsiz təşkilatçı, böyük alim, diplomat Əziz Əliyev ölkəmizin tarixində silinməz iz qoyub. Əziz Əliyevin həyat yolu elmi, pedaqoji, ictimai və dövlət fəaliyyəti sahələri ilə zəngin olub. Görkəmli dövlət xadimi Azərbaycanda səhiyyənin təşkili sahəsində xüsusi rol oynayıb.

Qeyd edilib ki, Əziz Əliyev Azərbaycan SSR-in xalq səhiyyə komissarı, Azərbaycan SSR Ali Sovetinin sədri, Dağıstan Vilayət Partiya komitəsinin birinci katibi, Tibb İnstitutunun və Azərbaycan Dövlət Universitetinin rektoru kimi mühüm vəzifələrdə çalışdığı dövrlərdə özünü bacarıqlı dövlət xadimi və səhiyyə sahəsində təşkilatçı kimi göstərib. Onun Dağıstanda birinci katib olduğu illər Dağıstan-Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olduğu dövr hesab edilir. Sonrakı illərdə Əziz Əliyev Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi olub, SSRİ Ali Sovetinin və Dağıstan Ali Sovetinin deputatı seçilib.

Bildirilib ki, görkəmli dövlət xadiminin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri yüksək qiymətləndirilib. O, bir çox orden, medal və fəxri fərmanlarla təltif edilib. Hazırda Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakıda, Naxçıvanda və Mahaçqalada küçələr və s. Əziz Əliyevin adını daşıyır.

N.Əliyev vurğulayıb ki, 2007-ci ildə Əziz Əliyevin 110 illik yubileyi münasibətilə Dağıstanda keçirilmiş yubiley tədbirlərində çıxış edən Dağıstan Respublikasının Prezidenti Muxu Əliyev ölkəsinə xidmət göstərmiş görkəmli siyasi və ictimai xadimlərin sırasında Əziz Əliyevin adının daim xüsusi hörmət və ehtiramla çəkildiyini bildirib. Qeyd olunub ki, Böyük Vətən müharibəsində Qələbə münasibətilə Dağıstan əhalisinin rəhbərinə inam və sədaqət rəmzi olaraq hədiyyə etdiyi xəncər hazırda Azərbaycan Milli Tarix Muzeyində saxlanılır.

Azərbaycan - Dağıstan əlaqələrindən söz açan N.Əliyev bildirib ki, ulu öndər Heydər Əliyevin səyləri nəticəsində xalqlarımız arasında bütün sahələrdə münasibətlər sürətlə inkişaf edib. Ümummilli Liderin diqqət və qayğısı nəticəsində hər iki respublikada tanınmış şəxslərin yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi bunun əyani göstəricisidir. Qafqaz xalqları qarşısında əvəzsiz xidmətləri olan iki dahi şəxsiyyətin - Şeyx Şamilin və Əziz Əliyevin yubileylərinin həm Azərbaycanda, həm də Dağıstanda dövlət səviyyəsində qeyd olunmasında ulu öndər Heydər Əliyevin rolu danılmazdır.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycan və Dağıstan xalqları arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Məhz bu diqqətin nəticəsidir ki, son illərdə hər iki respublika arasında müxtəlif sahələrdə əlaqələr sürətlə inkişaf edir. Dərbənd şəhərinin 2000 illik yubiley tədbirlərində Azərbaycandan nümayəndə heyətinin iştirakı, Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovun Mahaçqala şəhərində Əziz Əliyevin abidəsinin ucaldılmasına dair imzaladığı Sərəncam, Prezident İlham Əliyevin Sərəncamı ilə Dərbənddə mədəni obyektlərin yenidən qurulmasına vəsait ayrılması, Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil müəssisələrinin binalarının əsaslı təmiri və s. faktlar hər iki respublika arasında əlaqələrin inkişafının göstəriciləridir.

Sonra “Dərbənd” xeyriyyə cəmiyyətinin üzvləri çıxış edərək Əziz Əliyevin xalqlarımız arasındakı əlaqələrin inkişafında misilsiz xidmətlərindən danışıb, onun qayğıkeş alim, tanınmış həkim və müəllim kimi xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər. Çıxış edənlər Azərbaycan və Dağıstan respublikaları arasında münasibətlərin inkişafında mühüm layihələr həyata keçirən Heydər Əliyevin Fondunun və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rolunu xüsusi vurğulayıblar.

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov rəhbərlik etdiyi elm ocağında Azərbaycanın qədim şəhəri olan Dərbəndin tarixinin öyrənilməsinə mühüm əhəmiyyət verildiyini söyləyib. Bildirilib ki, Əziz Əliyevin siyasi fəaliyyətinin Dağıstan dövrü xalqlarımız arasındakı əlaqələrin ən şanlı səhifələrini təşkil edir. Məhz Əziz Əliyevin sayəsində dağıstanlıların öz yurdlarından sürgün edilməsinin qarşısı alınıb. Əziz Əliyevin yaşadığı dövr araşdırılarkən İrəvanın qədim Azərbaycan torpağı olduğu, ermənilərin isə bu ərazilərə sonralar köçürüldüyü danılmaz faktlarla bir daha təsdiqlənir.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Müzəffər Talıblı çıxışında bildirib ki, vətənpərvər ziyalı, dövlət xadimi, gözəl insan olan Əziz Əliyev Dağıstanda böyük imperiyanın və ermənilərin məkrli siyasətinin qarşısının alınması kimi məsul vəzifənin öhdəsindən layiqincə gəlib.

Sonra Əziz Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinə həsr olunan şəkillər nümayiş etdirilib.

Sonda cəmiyyətin üzvləri adından Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovun Mahaçqala şəhərində Əziz Əliyevin abidəsinin ucaldılmasına dair imzaladığı Sərəncama görə minnətdarlıq məktubu oxunub.

                                                                          Bakı, 26 dekabr, AZƏRTAC

 

 

Rusiya prezidenti Vladimir Putinin fikrincə, 2015-ci ilin ən əhəmiyyətli hadisəsi Böyük Vətən müharibəsinin 70-illiyinin qeyd olunmasıdır. Putin etiraf edib ki, qalib nəslin taleyi onu bu gün də ruhlandırır. Bu barədə V. Putin qarşıdan gələn Yeni il bayramına həsr olunan mərasimdə çıxışı zamanı deyib.

“Çox vacibdir ki, rus cəmiyyəti bu çətin zamanda həmrəylik göstərir, biz birlikdə hərəkət edirik və hər zaman öz dəyərlərimizi, milli maraqlarımızı və dövlətin təhlükəsizliyini müdafiə etməyə hazırıq”, - prezident vurğulayıb. 

 

Bu günlərdə  DR Başçısı Ramazan Abdulatipov  Mahaçqalanın  Dostluq  Evində respublika sakinlərinə  dövlət mükafatlarını təqdim etmişdir.

  Mükafatlandırma mərasimində həmçinin  DR  Xalq məclisinin Sədri Xizri Şıxsaidov,  DR Hökumətinin Sədri Abdusamad Həmidov,  DR Başçısının  Administrasiyası  və  Hökumətinin rəhbəri  Ramazan Əliyev  iştirak etmişlər. R. Abdulatipov  Dağıstan  respublikasının  inkişafında verdiyi böyük töhfəyə görə 50-dən çox respublika sakinlərinə  mükafatlar vermişdir.  

Qeyd etmək lazımdır ki, Dağıstan  respublikasının   ictimai-siyasi həyatında fəal iştirakına görə Dərbənd dünya mədəniyyətləri və  dinləri tarixi muzeyinin  direktoru Diana Həsənovaya DR Başçısının qrantını qazandığı üçün   diplom  təqdim edilmişdir.

 

                                                                                                                          Telman Tahirli

Bu günlərdə  Dərbənd şəhərində yerləşən Birinci Pyotr  Ev muzeyində imperator yolkası quraşdırılmışdır. Dərbənd Qoruq muzeyinin direktoru Əli İbrahimov, "PƏRİ"  xeyriyyəçilik fondu,  muzeyin işçiləri   kimsəsiz uşaqlar üçün  yeni il bayramı təşkil etmişlər. Bayramda DR Başçısının  cənub dairəsində səlahiyyətli nümayəndəsinin müavini Tacəddin Sultanov,  Dərbənd şəhərinin başçısı Məlik Baqliyev, onun müavini Mehdi Əliyev, Dərbənd şəhər məclisinin   deputatı Həsən Mirzoyev, şəhər məktəblərinin direktorları, şəhər  mədəniyyət şöbəsinin işçiləri, uşaqlar iştirak etmişlər.

Qeyd edilmişdir ki, Yanvar ayı (latınca "Yanvarus") qədim Roma ilahəsi Yanusun şərəfinə adlandırılıb. Qriqori təqvimində ilin birinci ayıdır. Qriqori təqvimi 1582-ci ildə qəbul edilib. Rusiyada I Pyotrun fərmanı ilə indiki Yuli təqviminə keçilib. Bu fərmana uyğun olaraq, yanvarın 1-i İsanın doğum günü - ilin başlanğıcı kimi qəbul edildi və XVIII əsr 1701-ci il yanvarın 1-dən başlandı.Keçmiş Sovetlər İttifaqında bu təqvim 1918-ci ildə V.İ.Leninin fərmanı ilə rəsmiləşdirildi. Beləliklə, o vaxta qədər Yeni il hər ayın 13-dən başlayırdısa, indi bu fərq aradan götürüldü və Yeni il 1 yanvardan hesablanmağa başlandı. O vaxtdan Yeni il yanvarın 1-dən başlayır.

 

Tədbirdə uşaqları şənləndirmək üçün aktyorlar bütün istedad və bacarıqlarını göstərdilər, balacaların rəqs və səhnəcikləri maraqla müşayiət olundu. Yolkanın ətrafında   toplaşmış uşaqların çöhrələrində bu gözəl bayram şənliyini onlara bəxş edən “ Pəri ”  Fonduna, onun prezidenti  Ziyavuddin Məhəmmədova  minnətdarlıq hissləri aydın sezilirdi. Dərbəndin tanınmış estrada müğənniləri, məktəblilərin özfəaliyyət kollektivləri, rəqs qrupları, gənc istedadlar oynaq, şux mahnıları, rəqsləri ilə bayram şənliyini daha da rövnəqləndirirdilər.

Rəqqaslara qoşulan, al-əlvan yolka ətrafında yallı gedən, məharətlərini göstərən, özlərini möcüzələr aləmində hiss edən uşaqların sevinci hədsiz idi.

Əli İbrahimov və muzey kollektivi   tədbirdə iştirak edən uşaqlarla yolkanın ətrafında şəkillər çəkdirdilər.

 

                                                                                                       Telman Tahirli

 

Bu günlərdə Dərbənd azərbaycanlıları İmam Hüseyn məscidində toplantı keçiriblər. Narazı Dərbənd sakinləri həmin toplantıda şəhərdəki ictimai-siyasi vəziyyəti müzakirə ediblər, məmurlar arasında korrupsiyanın səviyyəsinin həddən artıq yüksək olduğunu vurğulayıblar. Qeyd ediblər ki, şəhərə yeni, vicdanlı və təmiz rəhbərlər lazımdır.  Heç olmasa  şəhər başçısının birinci müavini azərbaycanlı olmalıdır.

Qeyd etmək lazımdır ki, şəhərin yeni nizamnaməsinə görə  Dərbənd şəhərinin başçısının birinci müavini vəzifəsi ləğv edilməlidir. Bu nizamnamə  azərbaycanlılara  qarşı hazırlanıb, çünki  əhaliyə görə bu vəzifədə  azərbaycanlı olmalıdır.   M.Baqliyevin  artıq nüfuzdan düşmüş komandasının fəaliyyəti ilə barışmaq niyyətində deyillər və öz tələblərində axıradək qalacaqlar.

Xatırladaq ki, bu, Dərbənd azərbaycanlılarının ilk belə aksiyası deyil. Noyabrın  əvvəllərindən bəri artıq bir neçə belə etiraz aksiyası keçirilib. Narazı azərbaycanlılar şəhərin indiki rəhbərliyindən  azərbaycanlılar yaşayan məhəllələrin sosial-iqtisadi problemlərinin həllini və  yerli idarəetmə orqanlarında əvvəlki kvotanın bərpa olunmasını tələb edirlər.

Dekabrın 17-də Rusiya Prezidenti Vladimir Putin Moskvada illik mətbuat konfransı keçirib. KİV işçiləri ilə birbaşa ünsiyyət 3 saatdan çox çəkib və Prezident 32 jurnalistin suallarını cavablandırıb.

Mətbuat konfransında Rusiya-Türkiyə münasibətlərinin şərhinə daha çox yer ayıran Vladimir Putin bildirib ki, “Türk axını” layihəsinin həyata keçirilməsi Brüsselin yazılı təminatı olduğu təqdirdə davam etdirilə bilər.

Suriya münaqişəsindən danışan Prezident Rusiyanın BMT Təhlükəsizlik Şurasında ABŞ-ın Suriya ilə bağlı irəli sürdüyü qətnaməni dəstəklədiyini bildirib.

Gürcüstan ilə əlaqələrə toxunan Vladimir Putin qeyd edib ki, Rusiya Gürcüstan ilə viza rejimini aradan götürməyə hazırdır. O, Gürcüstan ilə Rusiya arasında əmtəə dövriyyəsinin artdığını diqqətə çatdırıb.

Ukraynada vəziyyətin nizama salınması ilə bağlı suala cavab verən V.Putin deyib ki, Rusiya Ukraynaya qarşı heç bir sanksiya tətbiq etmək niyyətində deyil və Donbasda vəziyyətin nizama salınması üçün açıq dialoqa hazırdır.

Xatırladaq ki, V.Putinin böyük mətbuat konfransı artıq 11-ci dəfədir keçirilir. Budəfəki konfransda iştirak etmək üçün rekord sayda - 1390 jurnalist akkreditasiya olunub.

 

 

Dərbənd dünya  mədəniyyətləri və dinləri  tarixi  muzeyində “Qalaların və əfsanələrin ölkəsi"  yeni ekspozisiya açılmışdır. Dağıstana ekspozisiyanı   İnquşetiya Respublikasının   Tuqana Malsaqova adına ölkəşünaslıq  Dövlət muzeyinin kollektivi   gətirmişdir. Muzeyin ziyarətçiləri  "Vəhşi diviziya" fotosərgisi, qardaş inquş xalqının tarixi qəhrəman səhifələri,  oğul- qəhrəmanları ilə tanış ola bilmişlər.  Həmçinin ekspozisiyada  mənzərəli yerlər,  qədim arxitektura,  fotoşəkillər, xalçalar, avadanlıq,  inquş geyimləri nümayiş olunmuşdur.

Sərginin açılışında İnquş dövlət ölkəşünaslıq muzeyinin elmi işi üzrə  direktor müavini Zaretxan Pliyeva   İnquşetiya mədəniyyət naziri  Mareta Qazdiyeva adından  təbrik  məktubu oxumuşdur. Məktubda xalqlar arasında  daha  dərin dostluq və əminəmanlıq   imkan yaratmağa çağırılmışdır.          

Qonaqları salamlayan   Dünya mədəniyyətləri və  tarixi muzeyinin direktoru   Diana Həsənova və onun müavini Samilə Nəcəfova    Dağıstan Başçısı Ramazan Abdulatipovun  “Dərbənd”  adlı kitabı  İnquşetiyadan gələn qonaqlara hədiyə etmişlər.

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

Сайт www.derbend.ru зарегистрирован Федеральной службой по надзору в сфере связи, информационных  технологий и массовых коммуникаций.

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

Настоящий ресурс может содержать материалы 12+

email:gazetaderbend@mail.ru

главный редактор Алифханов Гаджимахмуд Шамилович

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru