Новостная лента

Mən fəxr edirəm ki, eloğlum Şixəmməd müəllim  həyatda öz yüksək mədəniyyətilə, tariximizi, ədəbiyyatımızı yaşatmaqda insanları sülhə, dostluğa, əmin-amanlığa çağırmaqla böyük nüfuz qazanmış, ucalmışdır. O, fəal təhsil işçisi, qayğıkeş müəllimdir. İş yoldaşları, qələm dostları, şagirdləri və tələbələri ona hörmət bəsləyir, onunla fəxr edirlər.

                                                                                                                       Düriyyə Rəhimova,

                                                                                                                              DR xalq artisti

 

         Şixəmməd müəllim haqqında bu fikirləri xatırlamaqdan əlavə demək istərdim ki, bəşəriyyətin tərəqqipərvər övladları həmişə öz ziyalıları ilə fəxr etmiş, onların məsləhətlərindən bəhrələnərək faydalanmışlar. Xüsusilə ağsaqqallarımız, ağbirçək ziyalılarımız gənc  nəsillərə həyat yolunu seçməyə, onlara doğru yol göstərməyə, onları vətənə, torpağa, əməyə sədaqət ruhunda tərbiyə etməyə çalışmışlar.

         Bir də Ulu Peyğəmbərimiz buyururdu: Dost olun, ey insanlar! İnsan dünyaya gələndən onun ikinci xoşbəxtliyi dostluqdur, dost qazanmaqdır. Məhz haqqında söz açdığım belə ziyalılıramızdan biri də el-obasında həmişə nüfuz qazanmış qardaş Azərbaycan və Dağıstan xalqları arasında dostluq körpüsü quranlardan, qəbri qədim Dərbəndimizdə olan Dədəmiz Qorqud kimi insanları sülhə səsləyən və ədəbi dostluq əlaqələrimizin inkişafında böyük xidmətləri olan, bu yaxınlarda ömrünün 65 illik yubileyini qeyd etmiş Şixəmməd Şahkərəm oğlu Seyidməmmədovdur.

         Qardaş Azərbaycan respublikasının Quba rayonunda füsunkar təbiətilə seçilən səfalı yerlərdən biri də qədim Qımıl kəndidir. Bu kənd meşələri, müxtəlif müalijəvi bitkiləri, bulaqları, dağları, torpağının münbitliyilə fərqlənən bir guşədir. Bu ecazkar yurdun insanları da təbiəti kimi saf, məğrur, hörmətcil, qonaqpərvərdir, yüksək davranış mədəniyyəti səviyyəsinə malikdir. Hər kimin yolu bura düşərsə, çoxunun sevincinə səbəb olar. Hər yerdə hörmətlə «Buyurun, xoş gəlmisiniz!» kəlmələrini eşidəcəksiniz.

         Bu yaraşıqlı kənd çoxlu ziyalıları, xadimləri ilə fəxr edir. Onlar bir çox sahələrdə, o cümlədən təhsilin inkişafında ad-san qazınıblar. Çoxu gərgin əməyi sayəsində fəxri adlara layiq görülüblər. Elə Şixəmməd Seyidməmmədov da buna misaldır. O, elm, təhsil və ədəbiyyat sahəsində nəzərəçarpan dərin iz qoymuşdur.

         1952-ci ildə doğma kənddə dünyaya gəlib və orada orta təhsil alıb.  Bakı Dövlət Universitetinin geoloji- coğrafiya fakültəsinin coğrafiya şöbəsini müvəffəqiyyətlə bitirib. Bir müddət Quba rayonunun bir sıra məktəblərində müəllimlik edib, direktorun müavini və direktor vəzifələrində işləyib. 1984-cü ildən 2016-cı ilədək Quba RTŞ-də ixtisası üzrə metodist vəzifəsində çalışmış və 20 ilə yaxındır ki, Quba TTL-də müəllimliyini davam etdirir.

         Ş.Seyidməmmədovun 600-dən çox yetirməsi vardır ki, onların 90 nəfərdən çoxu sırf coğrafiya ixtisasına yiyələnib. Dərs dediyi şagirdlərdən Çində, Misirdə, Rusiyada, ABŞ-da, AFR-da qardaş Türkiyədə təhsil alanlar çoxdur.  Onun təhsildə uğurları Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmiş, baş müəllim, AR-ın təhsil əlaçısı, «Ali kateqoriyalı müəllim» adlarına və üçüncü dərəcəli «Şöhrət» ordeninə layiq görülmüşdür.  Azərbaycan respublika təhsil nazirliyi Quba RİH tərəfindən diplom və fəxri fərmanlarla təltif edilmişdir.

         Azərbaycan Yazıçılar, Jurnalistlər birliklərinin və eləcə də Beynəlxalq «Gülüstan» ədəbiyyatçılar İttifaqının fəxri üzvü olan, 16 ildir ki, Quba «Gülüstan» elmi-ədəbi məclisinə sədrlik edən Ş.Seyidməmmədov 20-dən çox kitab və kitabçanın, 117 çap vərəqi həcmində 1400-dən çox qəzet, jurnal məqaləsinin müəllifi, «Gülüstan inciləri» 8 şeirlər toplusunun tərtibçisi, «Tərəqqi» və «Sözün sorağı» qəzetlərinin baş redaktorudur. O, müxtəlif vaxtlarda «Araz» və «Qızıl qələm» mükafatlarına layiq görülmüşdür.

         Şixəmməd müəllim sadə, təmənnasız, fədakar və yaradıcı bir ömrün salnaməsidir. Fərəhli haldır ki, onun təşəbbüsü ilə rəhbərlik etdiyi «Gülüstan» elmi-ədəbi  məclisinin məşğələlərində dağıstanlı şair və yazıçılar, xüsusən də Dərbənd yazarları iştirak edir, maraqlı görüşlər keçirirlər.

         Son dərəcə dost duyğulu qəlbə malik olan emosional insan  Şixəmməd Seyidməmmədov Quba-Dərbənd şair və yazıçılarının fəaliyyətini genişləndirmək üçün daim səy göstərir, Dərbənd yazarlarının əsərlərini qardaş respublikanın qəzet və jurnallarında çap etdirməklə çox xeyirxah iş görür. Şixəmməd müəllimin ömür yolu əsil ziyalının şərəfli,günəş kimi parlaq yola bənzəyir. Onun kitablarında Vətən, ana torpaq, təbiətə məhəbbət, dostluq və çoxlu mövzuda poeziya nümunələri bədii cəhətdən obrazlı şəkildə öz əksini tapmışdır. Şəninə isə onlarla şeir həsr olunmuşdur. Qələm dostumuz, tanınmış şair Qafar Süleyman «Şixəmməd» adlı şeirində deyir:

 Bu torpağın polad kimi bərkiyən,

Yenilməyən biləyidir, Şixəmməd.

O, elinin, obasının əvəzsiz,

Qranitdən dirəyidir, Şixəmməd.

 

Şagirdləri uca tutur xətrini,

Tər fidanlar ondan alır ətrini.

Sağlığında bilməliyik qədrini,

Çünki elin gərəyidir, Şixəmməd.

 

Nur tökülür baxışından, üzündən,

İlham alır Quba-Dərbənd sözündən.

«Gülüstan»ı çox istəyir özündən,

Bu məclisin ürəyidir, Şixəmməd.

Bəli, coğrafiyaşünas alim, istedadlı şair, jurnalist, publisist, tərcüməçi və nəhayət, vətən təəssübünü çəkən Şixəmməd  Seyidməmmədov xoşbəxt taleli, mərd, sədaqətli bir insandır. Necə deyərlər, «onun xəmiri tərtəmiz, xalis, insanlıqdan yoğurulub».

         O, həm də gözəl ailə başçısıdır, övladlarının,nəvələrinin halal çırağıdır.

         Bu gün Şixəmməd müəllim Azərbaycanın şimal  bölgəsinin Quba, Xaçmaz, Şabran, Qusar və Dərbənd şairlərinin poeziya nümunələrinin Dağıstan-Azərbaycan, Dağıstan- Rusiya dostluq münasibətlərinə dair materiallar toplamağı davam etdirir və yeni kitablar üzərində işləyir.

         Ömrünün 65 illik yubileyi münasibətilə Şixəmməd müəllimin ünvanına göndərilən çoxsaylı təbriklərə mən, dərbəndli qələm dostlarımız, o cümlədən «Dərbənd» respublika qəzetinin yaradıcı kollektivi ona  ürəkdən möhkəm can sağlığı, yeni- yeni uğurlar arzulayırıq.

                                                                                                          Tahir Saleh,

                                                                                              Beynəlxalq «Gülüstan»              

                                                                                                            Ədəbiyyatçılar

                                                                                                          İttifaqının sədri

 

DƏRBƏNDDƏ  YENİ   İSTİRAHƏT   ZONASI   AÇILMIŞDIR
08 Июнь 2017

İyunun 7- də  Dərbənd şəhərində yeni sahilyanı istirahət zonasının  təntənəli açılışı  olmuşdur.  Açılışda Şimali Qafqaz işləri üzrə  RF  naziri Lev Kuznetsov  və  Dağıstan Hökumətinin Sədri Abdusamad Həmidov iştirak etmişlər. Sakinlərə və qonaqlara  müraciət  edən  Lev  Kuznetsov  təbrik sözü ilə çıxış etmişdir. 

- Dərbənd  yalnız Rusiyanın  deyil, o həmçinin  dünyanın ən gözəl şəhəridir.   Burada açılışını təmtəraqla qeyd etdiyimiz bu gözəl məkan şəhərin qədim  arxitekturasına  və  tarixinə əlavə olunur.  İstərdim ki, istirahət  zonasının tikintisinin  həyata keçirilməsində yüksək əməyi olan insanlara təşəkkür və minnətdarlığımı bildirim.  Bu gün biz hamılıqla şəhərin tarixində yeni bir səhifənin açılmasına  çox şadıq.

Bəli biz bu gün çox sevinirik, sevincimizin həddi-hüdudu yoxdur. Bu layihə şəhər sakinləri və turistlər üçün çox qiymətlidir. Həm dəniz kənarında yerləşdiyinə, həm də gözəlliyilə seçildiyinə görə unikaldır.  Bu obyekti  qorumağı   və təmiz saxlamağı sizdən xahiş edirəm.   Biz Rusiya  Günü bayramı ərəfəsindəyik. Mən əminəm ki, belə hədiyyələr  dövlətimizin   gələcəyinə  hörmət əlaməti  göstərməkdir. Hamınızı   bu gözəl və yaddaqalan bayram münasibətilə səmimi qəlbdən təbrik edirəm!

Öz səmimi çıxışından sonra Lev  Kuznetsov şəhərin başçısına simvolik olaraq sahilyanı zonanın açarını təqdim etmişdir.    

DR Başçısı  və  DR Xalq Məclisi adından DR Hökumətinin sədri  Abdusamad Həmidov çıxış etmişdir. O qeyd etmişdir ki, bu hadisə yalnız  şəhərin həyatında  yox,  həm də bütün  Dağıstan respublikası üçün  əlamətdardır. Abdusamad Həmidov  layihənin həyata keçirilməsində göstərdiyi böyük dəstəyə görə  Rusiya Prezidenti  Vladimir Putinə  dərin təşəkkürünü bildirmişdir.

Gözəl hədiyyəyə görə dərbəndlilər  adından  şəhər başçısı   Malik Baqliyev Lev  Kuznetsova, Odes  Baysultanova, Ramazan Abdulatipova  və Abdusamad Həmidova  minnətdarlığını bildirərək qeyd etmişdir: 

- Son zamanlar qədim şəhərimiz günü-gündən  gözəlləşir. Bu layihələr RF  Prezidenti V. Putinin  Dərbənd şəhərinin 2000-illik yubileyinin  bayram edilməsi haqqında fərmanı sayəsində həyata keçirilir. Bu gün  Şimali Qafqazda analoqu olmayan bir istirahət yeri də dərbəndlilər üçün istifadəyə verildi. Burada insanların  istirahət etmələri  üçün hər cür şərait yaradılmışdır.

Mən bu möhtəşəm obyektin istifadəyə verilməsində böyük və gərgin əməyi olan, yorulmaq bilmədən burada   çalışan inşaatçılara bildirmək istəyirəm. Məqsədimiz  ondan ibarətdir ki, biz  şəhər sakinləri üçün, respublikamız üçün,  ölkəmizin  vətəndaşları üçün insanın ürəyini riqqətə gətirən bu gözəlliyi qoruyub saxlamalıyıq.   

Qeyd etmək lazımdır ki, yeni sahilyanı istirahət zonası çoxfunksiyalı rekrasion kompleksidir. Onun ərazisində çox gözəl uşaq  və idman meydançaları, maşın dayanacağı, piyadalar üçün cığırlar və velosiped  yolları yerləşir. Burada fövqəladə hallar (MÇS)   mərkəzi, tibbi yardım və polis məntəqəsi  sakinlərin keşiyində dayanmaqdadır.

         «Naberejnaya»nın möhtəşəm açılışında konsert proqramı ilə  "Ləzginka",  "Xəzər" akademik dövlət ansamblları, Dağıstan estradasının ulduzları, Azərbaycan və Ləzgi dövlət teatrlarının aktyor və aktrisaları   çıxış etmişlər.

Tədbirin sonunda mavi Xəzərin sahilində   və Narınqala istehkamında   təntənəli   bayram atəşfəşanlığı olmuşdur.                                 

                                                                                            Telman Tahirli

 

 

 

 

5 İyun 2017-ci il tarixində Şairlər günü münasibəti ilə əlaqədar Astara rayon Siyəku Kənd Folklor evində AYB , RYB , İTƏB , DGƏB üzvü , Nəğməkar şairə Zeynəb Dərbəndlinin " Dərbəndin səsi " adlı kitabının təqdimatı keçirildi. Tədbirin təşkil olunmasında  böyük əməyi olan Siyəku kənd orta məktəbin müəllim psixoloqu, bəstəkar  Elmir Mədətoğlu tədbiri giriş sözü ilə açaraq sözü aparıcı, tanınmış ziyalımız, gözəl şairəmiz , AYB , AJB , İTƏB-nin üzvü , AZAD QƏLƏM qəzeti və ALİ ZİYA jurnalının baş redaktoru  Nəcibə İlkinə verdi. Yeddi ildən artıqdı Astaralılarla əməkdaşlıq edən  Azad Qələm qəzetinin abunəçiləri, şairləri və yazıçıları tədbirdə iştirak etdilər. Mədəniyyət və Turizm İdarəsinin Lənkəran regional şöbəsinin baş məsləhətçisi Şadoğlan Bayramov, Məktəbin direktoru, şair Faiq Həsənov, yazıçı Meyxoş Abdullah, AYB nin Lənkəran bölmə sədrinin müavini, şair Ağamir Cavad, Folklor evinin müdiri Mahil Əlifoğlu, ədəbiyyat müəllimi, şair Sabir Mirhəsənoğlu, Nəriman Azəri, Əhmədşah Quliyev , İlham İlhami,

QHT nin Şəfəq ekuturizm iştimai birliyin sədri Vamiq Babayev. kitabxanaçılardan Bahar xanım,  Nuridə Babayeva , müğənnilərdən Aqil Məmmədov, Famil Əliyev, Xəyyam Qasımov, Yaşar Şairoğlu və Rasif Babayev öz ifaları ilə məclisi canlandırdılar sonra isə Şağlazüzə kənd tam orta məktəb şagirdləri Arif Kərimli , Taeif Kərimli və İranə Kərimova Zeynəb Dərbəndlinin şeirlərini dedilər . Tədbirin sonunda xatirə şəkilləri çəkildi .

 

Bu günlərdə   Sankt-Peterburq  şəhərində  Beynəlxalq İqtisadi Forumunun rəsmi açılışı  olmuşdur. Forumu  Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko açmışdır. Qonaqları salamlayan qubernator Sankt-Peterburq beynəlxalq İqtisadi Forumunun tarixi haqqında məlumat vermişdir. O, sayca XXI  olan forumda müzakirə olunacaq məsələlərdən danışmışdır.

Açılış mərasiminin moderatoru tanınmış  jurnalist Sergey Brilyov olmuşdur. Açılış mərasimində BMT baş katibi Antonio Qutyerres, Serbiyanın keçmiş xarici işlər naziri, hazırda baş nazir vəzifəsini icra edən İvitsa Daçiç, Monqolustanın baş naziri  Jarqaltulqın Erdenabat iştirak etmişlər. Qeyd etmək lazımdır ki, forumda  DR Başçısı Ramazan Abdulatipov da iştirak etmişdir.

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

Сайт www.derbend.ru зарегистрирован Федеральной службой по надзору в сфере связи, информационных  технологий и массовых коммуникаций.

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

Настоящий ресурс может содержать материалы 12+

email:gazetaderbend@mail.ru

главный редактор Алифханов Гаджимахмуд Шамилович

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru