BU FENOMEN DEYİLMİ ?

                     YIĞIM KAMPANİYASI DAVAM EDİR

Ötən əsrin yetmişinci illərindən başlayaraq üzümçülük Dağıstanın aqrosənaye  kompleksinin aparıcı sahələrindən birinə çevrilməyə başladı. Bitkiçilikdən alınan gəlirlərin üçdə bir hissəsinin bu sahədən alınmasını qeyd etmək kifayətdir.

   Respublika üzüm istehsalına və onun tutduğu sahələrə görə RF-da aparıcı yerlərdən birini tuturdu. Lakin səksəninci ilin ortalarında antialkoqol kampaniyasının başlanması, üzümlüklərin filloksera xəstəliyinə tutulması və sonralar SSRİ-nin dağılması və digər səbəblər Dağıstan üçün vacib olan bu sahəyə çox ağır zərbələr vurdu. Bunu Dərbənd rayonunun timsalında daha aydın görmək olur. Əvvəllər Dağıstanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş Dərbənd rayonunda bir neçə təsərrüfat istisna edilməklə, qalanları böhran vəziyyətinə düşdü. Min hektarlarla üzümlük sahəsi baxımsızlıq üzündən qurudu, həmin sahələr digər bitkilərin əkib-becərilməsi üçün icarəyə verilməyə başlandı. İcarədarlar sahələrin üzüm kollarından təmizlənməsi üçün buldozerlərdən istifadə etdilər. Bunun nə ilə nəticələnəcəyini yəqin ki, o vaxtlar çoxları təsəvvürünə belə gətirə bilməzdilər. Buldozer torpağın üst, şirin, məhsuldar qatını sıyırıb aparır, təpələr yaradırdı. Bunun nə qədər zərərli olduğunu ancaq torpaqşünaslar bilirlər.  Təsərrüfatların əksəriyyətində isə  sırf torpaqla məşğul olan mütəxəssislər olmadığından istədikləri kimi hərəkət edirdilər. Alimlərin fikrincə 10 sm. torpaq qatının münbit olması üçün 50 il vaxt lazımdır.  Nə isə Dərbənd torpağının şanı- şöhrəti sayılan üzümçülük unuduldu, hamı tərəvəz məhsulları yetişdirməklə məşğul olmağa başladı.  Doğrudan da həmin illərdə bu sahə ilə məşğul olanlar yaxşı gəlir əldə etdiklərinə görə gördükləri işdən çox razı idilər. Vaxt keçdi, tərəvəz məhsullarının yetişdirilməsinə maraq azalmağa başladı. Əgər əvvəllər sahələrdə yetişdirilmiş məhsulun çox hissəsi Rusiyanın müxtəlif sənaye şəhərlərinə aparılıb satılırdısa, sonralar sürtkü-yanacaq məhsullarının qiymətlərinin ildən- ilə artması yol xərclərini bahalaşdırdı və belə bir vaxtda məhsulun aparılıb Rusiyada satılması heç kəs üçün xeyirli olmadı və nəticədə təsərrüfatları icarəyə götürmək  istəyənlərin sayı da azaldı.  Bunun digər səbəbi Dağıstanda emal sənayesi müəssisələrinin əksəriyyətinin böhran vəziyyətinə düşüb dağılması idi. Zaman üzümçülüyün bərpa edilməsini tələb etdi. Çünki yaşayış məntəqələrində işsizlərin sayı durmadan artırdı. Əmək resursları çox olan Dağıstan Respublikası üçün işsizlik böyük təhlükə yaratmağa başladı. Xüsusilə gənclər arasında işsizliyin nə ilə nəticələndiyi göz qabağındadır. 

   Nəhayət, 2013-cü ildən başlayaraq üzümçülüyün inkişafına yeni impuls  verilməsi üçün həm respublikamızda həm də Rusiya  Federasiyası səviyyəsində qanunlar qəbul olundu, yeni yanaşmalar, təkliflər, təşəbbüslər irəli sürüldü. Bütün sahələrdə olduğu kimi kənd təsərrüfatının inkişafı üçün zamanla ayaqlaşa bilən təşəbbüskar təsərrüfat başçıları tələb  olunurdu.  Belə iş adamlarından biri indi artıq respublikada yaxşı tanınmış, idarəçilikdə öz dəsti- xətti, mötəbər kürsülərdən öz sözünü deyə bilən və sözünün sahibi olan Yəhya Hacıyevin son illərdəki fəaliyyəti buna parlaq sübutdur. Vaxtilə mən sovxozda baş verən dəyişiklikləri Tatlar fenomeni adlandırmışdım. Bu həqiqətdir. Cəmisi 300 tona qədər məhsul istehsal edən Tatlar aqrofirmasının  son illərdə istehsal həcmlərini 15-16 min tona çatdırması fenomen deyilmi? Burada üzüm sahələri ildən-ilə genişləndirilir, yeni məhsuldar üzüm sortlarından yeni  bağlar salınır, sosial məsələlər həll edilir.

Tatlar artıq aqrofirma yox, aqroxoldinqə çevrilir. Tərkəmə mahalının təsərrüfatlarının atılıb qalmış torpaq sahələrini icarəyə götürərək yeni üzüm, meyvə bağları salınması yüzlərlə adam üçün yeni iş yerləri yaratmış və onların rifahı ildən-ilə yaxşılaşır. Bu günlərdə mən aqroxoldinqin Padar kəndindəki sahəsində oldum. Məktəb yoldaşım Pirverdi Əmirovun başçılıq etdiyi 6-cı şöbə qabaqcıllardan sayılır. Vaxtilə istifadəsiz qalmış Padar kolxozunun torpaqlarında Ağadayı, Moldavski, Rannıy, Rakasiteli üzüm sortlarından salınmış bağları görəndə adamın ürəyi fərəhlə dolur. Dördüncü ildir ki, bu torpaqlarda üzümlüklər salınmışdır.  Ötən ildə şöbə üzümçüləri bu sahələrdən 1700 ton günəş məhsulu toplamışlar. Şöbədə üzüm yetişdirməklə bir briqada məşğul olur. Briqadaya gənc təsərrüfatçı Umar Qırxlarov başçılıq edir.  Məlum oldu ki artıq xeyli vaxtdır seçmə üzüm yığımına başlanmışdır. Moskvadan və Rusiyanın digər sənaye şəhərlərindən gələn alıcılar yetişdirilmiş məhsulu böyük razılıqla alırlar. Sahələrdə doğrudan da çox keyfiyyətli məhsul yetişdirilmişdir.  Artıq 450 ton üzüm yığılmışdır ki, bunun 350 tonu  sifariş ilə tədarük olunub yola salınmışdır. Həm şöbə rəisinin, həm də briqada başçısının kefi kök idi. Başqa cür  də ola bilməzdi. İqlim şəraitinin əlverişsiz keçdiyi bir ildə üzüm kollarındakı məhsulu görəndə istər-istəməz təəccüblənməli olur və fikirləşirsən ki, əgər vaxtında yağışlar yağsaydı, məhsulu yığışdırıb qurtarmaq asan olmazdı.  Aqrotexnikaya görə üzüm kolları beşinci ildə tam məhsula gəlir. Buradakı bağlara isə 4 ildir. Seçmə yığımında hər gün 100 nəfərə qədər adam işləyir, onlar yüksək əmək haqqı alırlar. Yığımda iştirak edənlər bizdə orta hesabla  1300 rubl, ayrı -ayrı adamlar isə 1500-2000 rubl əmək haqqı alırlar. Bunlardan Larisa Qırxlarovanı, Nargilə Vəlixanovanı, Gülsənəm Həmzəyevanı xüsusilə qeyd etmək lazımdır.

Günəş məhsulunun daşınmasında Nurşərif Əmirov və Qədir Qəhrəmanov kimi qabaqcıl mexanizatorlar çalışırlar.  Onların hər biri gündə dörd reys məhsul daşıyır.  İşlərin bu cür təşkilindən söz düşəndə Umar Qırxlarov dedi:- Cari ildə biz sahələrdən 2000 tona yaxın məhsul götürməyi planlaşdırmışıq. Məhsulumuz doğrudan da boldur. Əminəm ki, havalar bu cür əlverişli keçsə, biz sözümüzə əməl edəcəyik. İşçi qüvvəsi, texnika kifayət qədərdir, yığımda iştirak edən adamların məhsuldar işləməsi üçün tam şərait yaradılmışdır.

Sahələri gəzərkən mən bütün deyilənlərin şahidi oldum. Adamlar böyük həvəslə yığımda iştirak edirdi. Söhbət zamanı onları narahat edən heç bir məsələ barədə ortaya söz qatılmadı.

                                                                             Kərim Kərimov