İ.H. MUSAYEV-90

         Yüksək peşəkar və alovlu natiq

   Deyirlər, insanın mənəvi ömrü, fiziki ömründən qat-qat uzundur. Çünki bu dünyada hər şey gəldi-gedərdir. Təkcə yaradıcı əməkdən, xeyirxah əməldən başqa. Əsrin hansı dövrü olursa-olsun, yaradıcı əməyə, xeyirxah insanlara ehtiyacı olur. Sonra isə illər ötür, zaman keçir, bu qəbildən olan insanlar yaddaşlarımızdan və könüllərimizdən silinirlər. Belə insanlardan yazmaq istəyəndə istər-istəməz məşhur rus yazıçısı A.P.Çexovun sözləri yada düşür: «İnsanda hər şey- həm sifəti, həm paltarı və həm də qəlbi gözəl olmalıdır. Allah-təala bu insana bunlardan başqa əlavə olaraq istedadı da bəxş etmişdir. İstedad isə gizlədilməsi mümkün olmayan gözəllikdir. Ancaq fitri istedada çox- az insanlar malik olur. Ötən əsrin ikinci yarısında Dərbənd rayonunun siyasi və ictimai həyatının meydanında dağ çayı kimi qarşıya çıxan sədləri yarıb keçən bir insan çıxmışdı. Bu, İzzət Hacıməhəmmədoviç Musayev idi. Cari ildə onun 90 yaşı tamam olmalı idi. Ancaq amansız ölüm 55 yaşında, yəni 35 il əvvəl onu aramızdan aparmışdır.

   İ.Musayev 1930-cu ilin yanvar ayının sonunda Dərbənd rayonunun ucqar Muğartı kəndində anadan olmuşdur. Onun valideynləri Oktyabr İnqilabınadək kəndli, 1930-cu ildən isə Mahaç Daxadayev adına kolxozun üzvü olmuşlar. Bu dövrün uşaqlarının çoxunda müəllimliyə daha böyük həvəs olmuşdur. Çünki müəllim hər yerdə ən nüfuzlu peşə sahibi sayılırdı. 1943-cü ildə Muğartı kənd yeddillik məktəbini bitirdikdən sonra ibtidai sinif müəllimləri hazırlayan 6 aylıq hazırlıq kurslarını başa vuran İ.Musayev doğma kəndində müəllimlik etməyə başlayır. Təhsilini davam etdirmək üçün Dərbənd pedaqoji məktəbinə daxil olur və 1946-cı ildə buranı müvəffəqiyyətlə bitirir.  Bir il işlədikdən sonra sənədlərini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə qiyabi verir və 1952-ci ildə təhsilini başa vurur. 1950-ci ilin oktyabr ayında Sovet Ordusu sıralarına çağırılır və 1952-ci ilin dekabr ayınadək Bakı hərbi dairəsinin hava hücumuna qarşı müdafiə qoşunlarında xidmət edir. Hərbi məktəbi bitirdiyinə görə vzvod komandiri vəzifəsinə təyin olunmuş və ordudan baş leytenant rütbəsində ehtiyata göndərilir. Ordudan tərxis olunduqdan sonra doğma kəndinə qayıtmış və məktəbdə işləməyə başlamışdır. Müəllimliklə yanaşı, 1944-50-ci illərdə eyni vaxtda məktəbin komsomol təşkilatının katibi işləmişdir. Komsomol işində fəallığına görə 1954-cü ildə o partiya sıralarına qəbul edilir və 5 il ardıcıl olaraq məktəbin və kolxozun birləşdirilmiş partiya təşkilatının katibi vəzifəsində çalışır.

   1954-74-cü illərdə o Muğartı məktəbinin direktoru vəzifəsində çox uğurla çalışmışdır. Həmin illərdə Dərbənd rayonunda bir neçə internat — məktəb var idi. Bunlardan biri Muğartı kəndində idi və bu məktəbdə ətraf kəndlərdən başqa, qonşu Tabasaran rayonundan və Dərbənd şəhərindən gələn şagirdlər oxuyurdu. Həmin illərdə mən də bu məktəbdə oxuyurdum və İzzət müəllimdən dərs almaq mənə də nəsib olmuşdu. Rus dilini gözəl bilməsi, onun söz ehtiyatının zənginliyi və geniş dünya görüşünə malik olması hamını valeh edirdi. Onun dərsində olan sakitliyi görməsə, inanmalı deyildi. Fəlsəfəni gözəl bilən İzzət müəllimin xüsusilə ictimaiyyət dərslərində işlətdiyi ifadələri sonra elə asanlıqla izah edirdi ki, anlaşılmaz heç bir şey qalmırdı. O həm də ideoloji cəbhədə çox fəal idi. İdeoloci cəbhədə «Bilik» cəmiyyəti çox mühüm və aparıcı rol oynayırdı. O illərdə ideoloji iş rayon partiya və komsomol komitələrinin işinin özəyini təşkil edirdi.  Çünki cəmiyyətin qarşısında yeni insan- Sovet adamı tərbiyə etmək məsələsi dururdu. Bununçun güclü təbliğatçılar və təşviqatçılar lazım idi. Az bir zamanda İzzət müəllim ideoloji cəbhənin ən görkəmli şəxsiyyətlərindən   birinə çevrilir. Onun apardığı hər bir mühazirə və etdiyi məruzə özünün fəlsəfə mahiyyəti ilə seçilirdi.

   1955-ci ildən başlayaraq Sov.İKP. Dərbənd rayon Komitəsinin təşviqat və təbliğat strukturunda onun tayı-bərabəri yox idi. Xalq arasında onun nüfuzunun artması sözün əsl mənasında bir çoxlarını qorxudurdu. Ola bilsin ki, məhz bu faktor onun gələcək taleyinə çox mənfi təsir etmişdir.  Onu hər yerdə görmək olurdu: kənd və rayon Sovetinin deputatı, Sov.İKP. Dərbənd rayon Komitəsinin və «Bilik» cəmiyyətinin üzvi idi. İzzət müəllimin qaynar həyatının fəaliyyəti bir çox mükafatlara layiq görülmüşdü. O, 1962-ci ildə «SSRİ Xalq Maarifi əlaçısı» döş nişanı ilə təltif olunmuş, sonra «DMSSR məktəblərinin əməkdar müəllimi» fəxri adlara layiq görülmüş və bir çox fəxri vərəqələr, təşəkkürlər almışdır.

   1960-cı ildə Dağıstan müəllimlərinin altıncı qurultayının nümayəndəsi və ölkəmizin paytaxtı Moskva şəhərində ictimaiyyət müəllimlərinin Ümumittifaq seminarının iştirakçısı olmuşdur. Lakin bu nailiyyətlərlə o kifayətlənməmiş, alim olmaq arzusu onu təhsilin davam etdirməyə vadar etmişdir.  Bu məqsədlə 1962-1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin «SSRİ tarixi» ixtisası üzrə aspiranturasına qiyabi daxil olmuşdur.

   1968-ci ildə o «Yeddiillik illərində Dağıstanın kolxoz kəndlilərinin (1955-1965) əmək nailiyyətləri və siyasi fəallığı» mövzusunda elmlər namizədi dissertasiyasını müdafiə edir. Rayonun ilk tarixçi aliminin partiya əvəzinə ona birdən-birə təsərrüfat işinə irəli sürülməsini anlamaq çox çətin idi, özü də geridə qalan bir təsərrüfata.

   Rayon Partiya Komitəsinin qərarı ilə o Muğartı sovxozuna direktor təyin olunur. Üzümçülük və tərəvəzçilik rayonun iqtisadiyyatının əsasını təşkil etdiyindən təsərrüfatlar ixtisaslaşdırılmış sovxozlara çevrilirdi. Muğartıda isə tərəvəzçiliyi inkişaf etdirmək qeyri- mümkün idi və buna görə də daha çox gəlir gətirən üzümçülüyə üstünlük verildi. Direktor bu vəzifənin öhdəsindən bacarıqla gəldi və təsərrüfat ildə 3 min tondan artıq günəş meyvəsi istehsal etməyə başladı. Bununla yanaşı, kənd əhalisinin güzəranı yaxşılaşmağa başladı. Direktora təzə «Moskviç» markalı xidmət maşını verilmişdi. İzzət müəllimin tapşırığı ilə sürücü yolda rast gələn kənd sakinlərini qoyub keçmirdi. Bu hamı tərəfindən çox müsbət hal kimi qeyd olunurdu. Adətən direktorların çoxu öz maşınına fəhlə adamları mindirmirdi. Direktor vəzifəsi onu heç də qane etmirdi. Əsl elm üçün yaranmış bu insanı təsərrüfat işlərinə cəlb edilməsi sözün əsl mənasında dözülməz bir fakt idi. Axı, elm üçün doğulan insanların başqa sahələrə yönəldilməsi ədalətsizlik deyilmi? Gec də olsa, bunu yaxşı dərk edən İzzət müəllim Bakı şəhərinə üz tutur. 1979-cu ilin dekabr ayında alimlik fəaliyyətini davam etdirmək məqsədilə o Bakıya köçür və Azərbaycan SSR Elmlər akademiyasının SSRİ xalqlarının respublika Dostluq Sarayında mühazirə şöbəsinin müdiri vəzifəsinə təyin olunur. Bu, ona alimlik dərəcəsini artırmağa yaxşı imkan verir. «İnkişaf etmiş sosializm dövründə (1960-1980) Azərbaycan Respublikası ilə Şimali Qafqaz respublikaları arasında iqtisadi və mədəni əməkdaşlığın möhkəmləndirilməsi» mövzusu üzrə doktorluq dissertasiyası üzərində işləməyə başlayır. Lakin arzusuna çata bilmir.  1985-ci ilin oktyabr ayının 6-da qəflətən dünyasını dəyişir. Harada işləməsindən asılı olmayaraq ömrünün sonuna kimi ictimai həyatda çox fəallıq göstərmişdir. Dərbənd rayonunun, Dağıstan Respublikasının, Azərbaycan Elmlər Akademiyasının Xalq nəzarəti Komitəsinin sektorunda, Bakı şəhərinin «Bilik» cəmiyyətinin tarix üzrə metodiki Şurasının, Dostluq Sarayının partiya təşkilatının büro üzvü olaraq böyük nüfuz qazanmış, işlədiyi kollektivlərin hörmət və rəğbətini qazana bilmişdir.

   Belə insanlar unudulmamalıdır. Təssüflər olsun ki, indiyə qədər onun xatirəsinin əbədiləşdirilməsi üçün rayon rəhbərliyi və ictimaiyyəti heç bir iş görməmişdir. Bir çox nəsillərin təlim və tərbiyəsində xidməti olan bənzərsiz natiq, gözəl pedaqoq, şərəfli insanın keçdiyi ömür yolu bir məktəb və bir nümunə kimi gələcək nəsillərə ötürülməlidir. Yoxsa….

                                                                           Kərim Kərimov