Bir veteranın ömrü

Çox təəssüflər olsun ki, Sabnova kəndində Böyük Vətən müharibəsi veteranlarından heç kim qalmamışdır. Ancaq onlar unudulmur, əksinə, onlar haqqında ildən-ilə daha çox material toplanılır. Ümumilikdə, kəndimizdən müharibəyə yüzdən artıq adam yollanmışdır, lakin onlardan çoxuna doğma kəndə qayıtmaq nəsib olmamışdır. Doğma yurda, qohum-əqrəbaya qovuşmaq sevincini yaşayan müharibə iştirakçılarından biri  Əliyev  Xanbala Saleh oğlu olmuşdur.

Əliyev Xanbala 1 may 1918-ci ildə Dərbənd rayonu Sabnova kəndində anadan olmuşdur. 1928-1931-ci illərdə dördillik kənd məktəbində oxumuşdur. 1934-cü ildə ailəsi ilə birlikdə Dərbənd şəhərinə köçmüş, Carçı qapı yaxınlığında yaşamışdır. 1934-cü ildən kolxoz üzvü (cəmi 27 nəfər)  olmuşdur. 1934-1937-ci illərdə at arabaçısı işləmişdir. 1937-ci ildə yeddi aylıq briqadir kurslarına göndərilmişdir. 1938-1939-cu illərdə briqadir vəzifəsində çalışmışdır.1939-cu ilin noyabr ayının 10-da hərbi xidmətə çağırılmışdır. Atlı dəstədə xidmətə başlamış, qərbi Ukraynada – Lvov, Stanislav (indiki İvano-Frankovsk), Sambor, Tulçin, Nikolayev və b. şəhərlərdə — xidmət etmişdir. 1940-cı ilin yanvar-fevral aylarında Finn körfəzinin, iyun ayında isə Şimali Bukovinanın azad edilməsində iştirak etmişdir. Avqust ayının sonlarında Nikolayev şəhərinə qaytarılmışdır. 1941-ci ildə alman faşistləri ilə döyüşlərə qatılmışdır. İlk döyüşləri Konstantinovka şəhəri uğrunda gedən döyüşlər olmuşdur. Sonra Belaya Serkov və Dnepropetrovsk şəhərləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1942-ci ilin avqustunda Dnepropetrovsk şəhərində yaralanmışdır.

Əliyev X.S. xatirələrindən:

-Qarşıdakı mərtəbəli evin yuxarı mərtəbəsində alman snayerləri var idi. Onlar bizə hücuma keçməyə imkan vermirdilər. Odur ki, onları məhv etmək lazım idi. Komandirimiz bir-bir əsgərləri yollayırdı ki, evi partlatsınlar. Məndən qabaq göndərilmiş bir neçə əsgər yoldaşım alman snayperləri tərəfindən öldürüldü. Növbə mənə gəlib çatdı. Mən sürünə-sürünə bir qədər getdikdən sonra bir daşın arxasında uzandım. Faşistlər məni görüb atəşə tutdular və ayağımdan yaraladılar. Ancaq mən yenə də sürünə-sürünə evə çatdım. Evin birinci mərtəbəsi samanlıq idi. Mən onu yandırmaq istədim. Amma düşmən məni tutdu. Almanlar məni yuxarı mərtəbəyə apardılar və mənə bizim əsgərləri necə öldürdüklərini göstərməyə başladılar. Məni huşumu itirənə kimi döydülər. Qoltuğumda qumbara var idi. Özümə gələndən sonra, almanların yayınmasından istifadə edərək, qumbaranı onların üstünə tulladım və tez yarısı uçmuş döşəmədən özümü saldım aşağı. Beləliklə, hücum üçün yol açıldı. Mənə “Şücaətə görə” medalı verdilər.

Bir neçə aydan sonra Əliyev X.S. mina qəlpəsi ilə təkrar yaralanmış, 11 gün Voroşilovqradda (indiki Luqansk) hospitalında yatmış, sonra Kislovodsk şəhərinə gətirilmiş, dörd ay burada müalicə olunmuşdur. Bundan sonra evə göndərilmişdir. Müharibədən qayıtdığı 1942-ci ildə əvvəlcə Molotov adına kolxozda qarovul, sonra isə Sabnova kəndində kolxozda arabaçı və naxırçı kimi çalışmışdır. 1943-1955-ci illərdə briqadir kimi fəaliyyət göstərmişdir. 1955-ci ilin sonlarında Xasavyurt şəhərindəki Kənd Təsərrüfatı Texnikumuna  göndərilmişdir. 1958-ci ilin sonuna kimi burada oxumuşdur. 1959-1960-cı illərdə kolxoz sədri vəzifəsində çalışmışdır. 1961-1968-ci illərdə Dağıstanskiye oqnidə İliç adına sovxozda  briqadir işləmişdir. 1969-1970-ci illərdə Sabnova kəndində Kirov adına kolxozda kassir, 1971-1974-cü illərdə yenidən kolxoz sədri, 1975-1978-ci illərdə ferma müdiri, 1979-1989-cu yenidən kassir kimi çalışmışdır.

Əliyev Xanbala 1944-cü ildə ailə həyat qurmuş, 7 oğul və iki qız atası olmuşdur. Övladları onu gözəl və qayğıkeş ata kimi yadda saxlamışlar.

Əliyev Xanbala 22 noyabr 2000-ci ildə dünyasını dəyişmişdir.

Əliyev  Xanbala Saleh oğlunun simasında dünyasını dəyişmiş bütün Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsini əziz tutur, onlara Allahdan rəhmət, qalanlara uzun ömür və can sağlığı arzu edirəm.

Elnur Hacıəhmədov.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *