Son zəng rayon başçısının iştirakı ilə keçmişdir

Mayın 22-də Dərbənd rayonunun digər məktəblərində olduğu kimi, Sabnova orta məktəbində də məzunlar üçün son zəng səslənmişdir. Bu münasibətlə keçirilən tədbirdə Dərbənd rayonunun başçısı Mövsüm Rəhimov da iştirak etmişdir. Onunla birlikdə rayon başçısının məsləhətçisi Hacımurad Abakarov, rayon üzrə işlər müdiri Məhəmmədağa Əliməhəmmədov, Sabova kəndi başçısı vəzifəsini müvəqqəti icra edən Yaşarbala Həsənov da tədbirin qonaqları olmuşdur.
Tədbiri açan aparıcı bütün tədbir iştirakçılarını salamlamış, sonra isə 11-ci sinif məzunlarını tədbirə dəvət etmişdir. Buraxılış sinfin şagirdləri sinif rəhbəri Zeynab Əliyeva ilə birlikdə hərəsi 1-ci sinif şagirdlərindən birinin əlindən (qız oğlanın, oğlan qızın) tutaraq, təntənəli şəkildə, musiqi sədaları altında tədbirə daxil olmuşlar. Onlar öz yerlərini tutduqdan sonra Rusiyanın və Dağıstan Respublikasının Dövlət Himnləri səslənmişdir.
İlk söz məktəb direktoru Viktor Osmanova verilmişdir. O, hamını salamlamış, qonaqları təqdim etmiş, rayon başçısına “son zəngdə” iştirak etmək üçün Sabnova ümumtəhsil məktəbini seçdiyinə görə minnətdarlığını bildirmişdir. Sonra üzünü məzunlara tutaraq, onlara öz arzularını çatdırmış, onları həyat yolu ilə möhkəm addımlamağa çağırmışdır. Sonra sözü rayon başçısına vermişdir.
Rayon başçısı Mövsüm Rəhimov hamını salamladıqdan sonra, 11-ci sinif məzunlarına üz tutmuşdur. O demişdir ki. həyatın xoş anlarında vaxt sürətlə gedir. “Məktəb illəri artıq geridə qalmışdır. Qarşıda sizi vahid dövlət imtahanları gözləyir, yeni imkanlar açılır. Yanınızda 11 il sizinlə bir yerdə olan müəllimlər durmuşdur. İnanıram ki, siz daim ürəklərinizdə onlara qarşı öz dərin minnətdarlıq hissini gəzdirəcəksiniz.”
Sonra rayon başçısı ayrıca olaraq, 9-cu sinif məzunlarına, 1-ci sinif şagirdlərinə, məktəbin pedaqoji kollektivinə və Sabnova kəndinin sakinlərinə müraciət etmiş, onlara öz xoş arzularını çatdırmışdır.
Sabova kəndi başçısı vəzifəsini müvəqqəti icra edən Yaşarbala Həsənov isə öz çıxışında məzunları hər yerdə kəndimizi, rayonumuzu layiqincə təmsil etməyə çağırmışdır.
Məzunlar üçün son zəng səsləndikdən sonra, Xurşidə, Arif Məmmədəliyev və Ramazan Ramazanov öz nəğmələrindən ifa etmiş, milli geyimdə rəqslər, səhnəciklər göstərilmiş, 1-ci sinif şagirdləri şeirlər demiş, eləcə də məzunlar buraxılış valsı oynamışlar.
11-ci sinif rəhbəri Zeynab Əliyeva çıxış edərək öz göz yaşlarını saxlaya bilməmişdir. Ondan sonra həmin sinfin şagirdləri çıxış etmiş, sinif rəhbərlərinə və bütün müəllimlərinə öz dərin minnətdarlığını bildirmişlər. Bundan sonra bütün məzunlar havaya Rusiya və Dağıstan Respublikasının Dövlət Bayraqları rənglərində olan şarlar buraxmışlar. Eləcə də valideynlərə söz verilmişdir.

Elnur Hacıəhmədov.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *