Analar bayramı


Martın 6-da, 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində, Azərbaycan Dövlət Dram Teatrının artistləri, teatrın musiqi üzrə rəhbəri və Dağıstan Respublikasının əməkdar artisti Sevda Beybalayeva və nəğməkar şairə, müğənni, aktrisa Zeynəb Dərbəndli Dərbənd şəhəri Dünya İqtisadiyyatı İnstitutunun akt zalında, möhtəşəm konsert proqramı ilə çıxış ediblər. Konsert boyunca artistlər, bir-birindən gözəl və şən mahnılarla konsertdə qonaq qismində iştirak edən anaları və tələbələri təbrik etdilər. Konsertdə Ləzgi Dövlət Musiqili teatrın və Tabasaran Dövlət teatrının da artisləri iştirak edirdi.


Analarln bayramı, təkcə səkkiz mart deyil, anaların üzündə, övladlarının sevinci ilə təbəssüm varsa, o onların əsil bayramıdır. Qadın olmayan ev, elə bilki sütunsuz bir körpüdür. Hər bir evi quran, qoruyan qadındır. Qadın ilk öncə qız övladıdır, bacıdır, sevgili yardır, gəlindir, həyat yoldaşıdır, anadır, nənədir. Görün qadının çiyinlərində, nə qədər ağır yük var. Övladı dünyaya gətirir, Ana, gecələr yuxusuz qalır, Ana, övladı üçün hər şeydən keçən, Ana. Onun əməyini sadalamağla bitməz. Analar əvəz olunmur, ana dünyaya tək gəlir. Anaların dəyərini, sağlığında bilmək gərək. Ana sözü cəmi-cümlətanı üç hərfdir. Amma nə qədər dərin və böyük mənası var. Hər dünyaya övlad gətirən qadına ana deməzlər. Ana odur ki, övladı üçün canından, sağlamlığından keçər.
Bilirsiz? Şairlər əbəs yerə hər sözünü analara həsr etməyiblər. Onlar bilirlər ki, ana müqəddəsdir, ana ölməzdir. Ana ölmədikcə, onların analara yazdığları kəlmələr onları yaşadacağ.


Azərbaycan teatrının artistləri də, bugünki gün, anaların üzündə təbəssüm yarada biliblərsə, bu onların yaşadığı tarixi ömürlük yaşadacağ. Hər iki sənətçi həm təbriklə, həm də gözəl ifalarla bayram konsertini yekunlaşdırıblar. Sonda İnstitutun rektoru Sevil Sadıqova, Azərbaycan teatrının direktoru Firdousi Səftaroviç Əskərova, teatr artistlərinin fəal və gözəl çıxışlarına görə «Təşəkkürnamə» təqdim edib. Və hər zaman olduğu kimi, bir-birindən gözəl gül buketləri hədiyyə olunub və xatirə şəkilləri çəkilib. Əziz Analar, bizdə sizlər üçün şairə Zeynəb Dərbəndlidən, gözəl bir ana şeirini təqdim edirik.

 Anadır

Durub yol üstə gözləyən,
Hər anımızı izləyən,
Bizi sevən, əzizləyən,
Ürəyi yanan Anadır.

Mələk kimi göydən ənən,
Bizimlə uşağa dönən,
Xoş günümüzə sevinən,
Ən böyük insan Anadır.

Ürəyin də mərhəməti,
Öz sözündə dürüst, qəti,
Bizə öyüd, nəsihəti,
Verən qəhrəman Anadır.

Səsi ipəkdən də ipək,
Ən xoş arzu, ən xoş dilək,
Hekaye, dastan nə gərək?
Tükənməz dastan Anadır.

Zeynəbəm, ayrı sözüm yox,
O gedib, sanki gözüm yox,
Anasızlığa dözüm yox,
Dərdimə dərman Anadır.
H. Aslanov