Moskva, 13 dekabr, AZƏRTAC
Dərbənddəki Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyev adına 4 saylı orta ümumtəhsil məktəbində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gecəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Dərbənd Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin sədri Telman Hacəliyev Ulu Öndərin anadan olmasının 100 illiyi şərəfinə Dağıstanda keçirilən tədbirlər silsiləsinin parlaq davamı olan mərasimi açaraq, bugünkü anım gecəsinin görkəmli siyasət xadimi və həyatını öz xalqına həsr etmiş böyük insanın – Heydər Əlirza oğlu Əliyevin xatirəsinə ehtiram olduğunu qeyd edib. O, Ulu Öndərin nəinki Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda xatirəsinin anıldığını və əziz tutulduğunu vurğulayıb.
Tədbirdə Azərbaycan şairlərinin Azərbaycan və Heydər Əliyev haqqında əsərləri səsləndirilib. Dərbənd Azərbaycan Dövlət Dram Teatrının artistləri Sevda Bəybalayeva, Bətulə Hüseynova, Tamilla Mihrabova, Zeynəb Dərbəndli və 4 saylı orta ümumtəhsil məktəbinin şagirdləri Müslüm Maqomayevin Nəbi Xəzrinin sözlərinə bəstələnmiş “Azərbaycan” mahnısını ifa ediblər.
Məktəbin direktoru Heydər Ələkbərov, Azərbaycan dili müəllimləri Səlimə İsayeva və Dilarə Seyidova Ulu Öndərin bioqrafiyasının bəzi tarixi məqamlarından söhbət açıblar.
Sonda Telman Hacəliyev Ümummilli Lider Heydər Əliyevin xatirəsinə göstərilən ehtirama görə tədbirə toplaşanlara minnətdarlığını bildirib.
Fəridə Abdullayeva