Heydər Əliyevə həsr olunan silsilə tədbirlər təşkil ediləcək Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialında Dünya Poeziya Günü, Rusiya Mədəniyyət İşçiləri Günü və Dünya Teatr Gününə həsr olunmuş dəyirmi masa təşkil edilib.
Tədbirin moderatoru, Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirli çıxışında 2023-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin və Dağıstanın Xalq şairi Rəsul Həmzətovun 100 illiyinin qeyd edildiyini bildirib.
Diaspor təşkilatının rəhbəri diqqətə çatdırıb ki, Rəsul Həmzətovun yubileyi ilə əlaqədar onun başçılıq etdiyi Milli-Mədəni Muxtariyyət Dağıstanda Azərbaycan Yazıçılar İttifaqı ictimai təşkilatını təsis edib. Azərbaycan və Rusiya Yazıçılar ittifaqlarının üzvü Tahir Saleh yekdilliklə bu təşkilatın sədri seçilib.
Dəyirmi masada çıxış edən Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov bildirib ki, dünya azərbaycanlılarının lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dərbənd şəhərindəki Azərbaycan Dövlət Dram Teatrı İrəvan Dövlət Dram Teatrı ilə birlikdə “Qurtuluş” tamaşasını hazırlayır.
Telman Tahirli çıxışında deyib: “Azərbaycan dili Dağıstanda 14 dövlət dilindən biridir. Respublika televiziyası və radiosunda bu dildə verilişlər aparılır. Dərbənd şəhərində əsası 1898-ci ildə qoyulmuş qədim Azərbaycan Dövlət Dram Teatrı fəaliyyət göstərir, Azərbaycan dilində “Dərbənd” qəzeti nəşr olunur, həmçinin Dağıstan azərbaycanlılarının ictimai birliyi var”. O vurğulayıb ki, Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovun bu yaxınlarda Azərbaycana səfəri çox zəngin olub. Azərbaycan Prezidenti İlham Əliyev onu qəbul edib, habelə səfər çərçivəsində müxtəlif səviyyələrdə görüşlər keçirilib, iri müəssisələrlə tanışlıq olub.
T.Tahirli daha sonra deyib: “Azərbaycan və Dağıstan xalqlarını tarixi qardaşlıq bağları birləşdirir, hazırkı mərhələdə isə bu münasibətlər daha da möhkəmlənir. Bu səbəbdən cari ildə dünya azərbaycanlılarının lideri Heydər Əliyevin yubileyinə həsr olunan tədbirlər təşkil edəcəyik. Azərbaycan və Dağıstan qardaş respublikalardır”.
Tədbirdə Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti sədrinin beynəlxalq münasibətlər üzrə müavini Fazil Nametov, təşkilatın Qadınlar şurasının sədri Aygün Seyidova, şairlər, artistlər və jurnalistlər də çıxış ediblər.