Heyran edən cütlük

Sənət Allah vergisi,

Sənət ruh aynasıdır.

Sənəti qanan üçün,

O ömrün mənasıdır.

     Həyatda bəzən elə şeylərlə rastlaşırsan ki, onları görmədən keçə bilmirsən. Ər arvad cütlüyü həkim, müəllim, alim, şair ən nəhayət aktyor. İnsan dünyaya cüt gəlirmiş deməklə, atalarımız belələrini görüb demişlər. Bütün bu sadaladığım sənətlər, hər bir insan həyatında önəmli rol oynayan sənətdir. Ər və arvadın səhnədəki birgə yaradıcılığı da, demək olar ki bir başqa aləmdir. Bu gün sizə söhbət açacağım cütlük də nəinki Dərbənddə, Dağıstan estradasında tanınan və sevilən cütlük Osman və Tamilla Mihrabovlardır. Onlar həm teatr səhnəsində, həm də estradada birgə addım ataraq hər kəs tərəfindən sevilən sənətkarlardır.

     Osman Həsənoviç Mihrabov  1983-cü il noyabrın 15-də Dərbənd rayonunun Gecux kəndində anadan olub. Gecux tam orta məktəbini bitirib, orta məktəbi bitirdikdяn sonra Dərbənd şəhər Musiqi Məktəbində vokal üzrə təhsil alıb.  2000-ci ildə, o Azərbaycan Dövlət Dram Teatrında işləməyə başlayıb. Hal- hazırda da  Dağıstan Dövlət Universitetinin tələbəsidir. Osman işlədiyi illər ərzində, bir çox baş rolların və saysız-hesabsız rolların ifaçısıdır.  Osman və Tamilla Mihrabovlar yuxarıda qeyd etdiyim kimi ər-arvaddırlar. Onlar həm teatr səhnəsində, həm də el şənliklərində ən çox sevilən və tələb olunan sənətkarlardır. Dağıstan estradasının ən parlaq, məşhur ulduzları və cütlüyüdürlər.

  2003-cü il oktyabrın 22-də ailə quran bu gözəl vəmehriban cütlüyün bu il  ailə həyatının 20 illik yubileyidir.

Sevgi, sənət, ailə,

Hər üçü müqəddəsdir.

Hər üçünü qorumaq,

Əsil insana xasdır.

     Tamilla Məhəmmədovna Mihrabova 30 dekabr 1982-ci ildə Dərbənd şəhərində dünyaya göz açıb. Uşaqlıqdan mahnı oxuyaraq qonşu uşaqlarına konsert verən balaca Tamillanın böyüyəndə tanınmış bir sənətkar olacağına heç onun valideynləri belə inana bilməzdilər.  O, Dərbənd şəhər 12 saylı orta məktəbini bitirib. Orta məktəbi bitirdikdən sonra  Mədəniyyət və İncəsənət İnstitutuna daxil olub və eyni zamanda da Azərbaycan Dövlət Dram Teatrında işləməyə başlayıb. O, səhnədə atdığı ilk addımlarına  görə onun həyatında böyük dəyişiklərə və bu günə kimi qazandığı uğurlarının səbəbkarı olan qadın Antanina İvanovna Matveçenkoya minnətdardır. Tamilla deyir ki, «Mənə teatrda işləməyi təklif edərək, məndə bu sənətə inam yaratmışdı Antanina İvanovna. O mənə deyirdi ki, Tamilla səndə fitri istedad var, sən özün onu görmürsən. Amma sən teatrda işləməyə başlasan, görəcəksən ki, sən bunu bacarırsan. Mən o vaxt çox gənc idim, özümdə onun dediyi o potensialı görmürdüm. Teatrda işləməyə başladım və Antanina Jvanovnanın dediyi o bacarığı özümdə toplamağa başladım. O həyatda deyil, amma mən onun mənim üzərimdəki əməyini unutmuram. Çünki həyatda özümü tapmağıma görə hesab edirəm ki, o insanın əməyi böyükdür» Tamilla orada öz  gələcək həyat yoldaşı Osman ilə  tanış olur və ailə həyatı quraraq belə gözəl və isti bir ocaq yaradıblar. Teatrda işlədiyi bu uzun illər ərzində, bir çox baş rolların ifaçısı olub. O oynadığı həm baş rolların, həm kiçik rolların öhdəsindən ustalıqla gəlməyi bacarır. 

  Osman Mihrabov özünün musiqidə, müğənnilikdə öz ilk addımlarına görə ustadı Ruslan Candarova minnətdar olduğunu vurğulayır. O deyir: Mən çox gənc idim, hər şeydən çəkinirdim. Fikirləşirdim ki, görəsən bu addımı atsam necə olar? Ruslan isə mənə deyirdi ki, Osman səndə olan səs tembri heç kimdə yoxdur. Sən istə, səndə mütləq alınacaq. Çünki, öz isdedadını görmürsən. Mən onun sayəsində bu gün, öz sənətimdə əyilmədən addımlayan Osman olmuşam. Teatra gəlincə isə, məni tanlyanlar mənə həmişə deyərdilər ki, Osman sən aktyor doğulmusan. Mən hər iki sənətimi çox sevirəm, səhnə bizim ikinci evimizdir». 

   Tamilla xanım «Qaynana»da yaratdığı Afət obrazından danışdı, bu obraz  aktrisanın yaddaşında möhürlənib. O tamaşada əsas qəhrəman Afəti oynayıb. Onun tərəf müqabili isə teatrın aktrisası Kəmalə Rzayeva olub. Kəmalə xanım qaynananı, Cənnət xalarolunu oynayıb. Aktrisa deyir, «Mən səhnədə həm dram əsərlərini oynayıram, həm komediya oynayıram. Amma mən özümü ən çox komediyada görürəm. Çünki, komediyada mən mən oluram. Mənim üçün bütün rollarım yaddaqalandır. Amma «Qaynana» tamaşası, bir başqa cür yadımda qalıb.  Biz bu tamaşa ilə çox yerlərə qastrol səfərlərinə getmişik. Azərbaycanda, Bakı şəhərində bu tamaşa ilə çıxış etmişik. Həm də «Arşın mal alan» tamaşası ilə Azərbaycanın bir çox rayonlarına qastrolumuz olub «.

  Osman Mihrabov öz sənətinin demək olar ki, professionalıdır. Yaratdığı hər hansı bir obrazın xarakterini tez götürür, onun xarakterinə uyğun hərəkət edir. O deyir ki, «Mən tamaşanı məşq edərkən, sanki yaratdığım obrazla mübarizə aparıram. O qədər onuhaldan salıram ki, həmin o obraz özü mənim xarakterimə yaxın olur. Sənət adamı istər oynadığı obrazı, istərsə də oxuduğu mahnını, öz xarakteri ilə uyğunlaşdırmağı bacarmalıdır. Əgər mən onu bacarmıramsa, deməli mən sənətdən uzağam. Mən də öz sənətimə həssas yanaşıram, amma onunla dil tapmağı da bacarıram. Oynadığım bütün rollarımı sevirəm, amma «Gözün aydın» tamaşasındakı «Salyanski» rolum isə mənim ürəyimin lap dərinliyindədir. Mən də həm dram, həm komediya əsərlərini oynayıram. Amma mən özümü ən çox, komediyada görürəm».

  Tamilla və Osman Mihrabovların səhnədə yaratdıqları hər bir obraz tamaşaçılar tərəfindən çox sevilir. Tamilla oynadığı hər bir rola həssaslıqla yanaşır. O deyir ki, «Oynadığım hər hansı bir obraz mənim qəhrəmanımdır. Necə ki ana övladına yanaşır, mən də o qəhrəmanlarıma elə yanaşıram. Çünki övladın böyüyüb, hər kəs tərəfindən sevilməsi onun valideynindən asılıdırsa, yaratdığım obrazı da elə yaratmalıyam ki, onu tamaşaçıya sevdirə bilim. Mənə tamaşalarda rol veriləndə, mən ilk öncə onun xarakterini öyrənmək istəyirəm. Onun xarakterini bilməsəm, mən onu canlandıra bilmərəm. Mənə elə gəlir ki, bütün aktyorlar belədir». 

   Onlar hər ikisi də Dövlət Mükafatı Laureatıdır,  Osman ən yaxşı kişi roluna görə, Tamilla isə ən yaxşı qadın roluna görə dövlət diplomu və dəfələrlə Dağıstsan Mədəniyyət Nazirliyi tərəfindən «Fəxri fərman»larla təltif olunublar. Ondan əlavə də, Dərbənd şəhər rəhbərliyi tərəfindən, teatr rəhbərliyi tərəfindən də mükafatlandırılıblar. Çünki onlar səhnə üçün doğulublar, ər və arvadın torpağı bir yerdən alınıb. Hər ikisi də eyni vaxtda səhnəyə gəlib, hər ikisi də xalq tərəfindən sevilir. Bu isə, çox az adama nəsib olan zirvədir. Onların üç gözəl övladı var iki qız və bir oğlan. Uşaqları da hərdən teatra gəlirlər, valideynlərinin məçqi zamanı sakit dinməz, bir kənarda oturub tamaşa edirlər. Mən onları çoxdan tanıyıram, artıq bir ildən çoxdur ki, onlarla bir yerdə çalışıram. Çox mebriban, mülayim, xasiyyətlidirlər. Kimsənin qəlbinə dəymək istəməyən, öz yerlərini bilən insanlardır bu gözəl cütlük. Həm sənəti ilə, həm insanlığı ilə, hər kəsi özlərinə heyran edə biliblər.

  Mən xə həm öz adımdan, həm” Dərbənd» respublika qəzetinin kollektivi adından, həm də teatr kollektivi adından Osman və Tamillaya ilk öncə can sağlığı, ailəsəadəti və sənət zirvləri arzulayırıq. Birdə, bu gözəl cütlüyü, 20 illik yubileyləri münasibətilə ürəkdən təbrik edirik. Yolunuz heç zaman ayrılmasın, ocağınız daima sevginiz ilə isinsin. Onların ifa etdikləri mahnıların sözlərinin çoxunun müəllifi, Osman Mihrabovun özüdür. Əsil sevgidən doğan mahnılar da, xalq tərəfindən sevilir.

  Mən onların hər bir yaratdığları obrazlarını çox bəyənirəm, onları həm məşq zamanı, həm də konsert zamanı izləyirəm. Hər ikisinin də «Nizami»dəyaratdıqları obrazlar bir-birindən maraqlı idi. Tamillanın oynadığı Afaq rolu isə, mənim ən çox xoşuma gələn obrazıdır. O, səhnəyə Afaq kimi çıxanda, sanki səhnəni büsbütün doldurmuşdu. Bir daha, hər iki kolleqama  uğurlar arzulayıram.

Sevgi, sənət, ailə,

Hər üçü müqəddəsdir.

Hər üçünü qorumaq,

Əsil insana xasdır.

  Z. Dərbəndli