Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin rəhbər şəxsləri, Dərbənd şəhər dairəsinin Deputatlar Məclisinin üzvləri, Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər iştirak ediblər.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumatlandırılıb. Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri və müasir Azərbaycanın qurulmasında oynadığı roldan bəhs edən sənədli film nümayiş etdirilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının direktoru Qurban Qurbanov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində hazırda Azərbaycan sosial tərəqqi və iqtisadi inkişaf ölkəsi, həmçinin beynəlxalq birliyin fəal üzvüdür.
Çıxış edən Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov vurğulayıb: “Azərbaycan diasporunun üzvləri mədəniyyətimizi, milli xüsusiyyətlərimizi nümayiş etdirməli, özlərinin elmi potensiallarını təqdim etməlidirlər. Yalnız buna əməl edərək, ulu öndər Heydər Əliyevin qoyduğu yüksək həddi saxlaya bilərik. Biz həmişə xatırlayırıq və fəxr edirik ki, biz azərbaycanlıyıq”.
Yekun nitqi ilə çıxış edən Dərbənd Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Telman Hacəlıyev qeyd edib ki, ümummilli lider Heydər Əliyev dahi siyasətçi və dahi şəxsiyyətdir, onun ardıcıl siyasəti sayəsində dövlətlərimiz — Rusiya və Azərbaycan arasında dostluq münasibətləri formalaşıb və inkişaf edib.
Tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri qoyublar.