Mədəniyyət bayramı keçirilib


Noyabrın 23-də Dərbənd rayonunun Zidyan- Qazmalar kənd Mədəniyyət evində Dağıstan Respublikası Mədəniyyət Nazirliyinin və Respublika Xalq Yaradıcılığı Evinin təşkilatçılığı ilə “Sevinc” Azərbaycan mədəniyyətinin forumu keçirilmişdir. Azərbaycanlılar Dağıstanın yerli xalqlarından biridir. Azərbaycan xalqı öz tarixi maddi mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqisi ilə haqlı olaraq fəxr edir. Dünya musiqi mədəniyyəti xəzinəsini nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisi çoxəsrlik ənənələrə malikdir. Bu ənənələrin nəsildən-nəslə davam etdirilməsi sayəsində nəhəng və zəngin irs yaradan xalq musiqisinin yaradıcıları Azərbaycan musiqisinin inkişafına böyük töhfələr vermişlər.
Tədbiri Zidyan- Qazmalar kənd icra başçısı Elimdar Ramazanov və Dərbənd Rayon Mədəniyyət, Gənclər Siyasəti və Turizm Şöbəsinin sədri Timur Məcidov açaraq qonaqları və forum iştirakçılarını salamlayıb, çoxmillətli Dağıstanımızın və nəhəng Rusiyanın xalqlarına xeyir, sülh və firavanlıq arzulayıblar.
Forumun konsert proqramında Dağıstanın “Kaspiy” Dövlət Rəqs Ansamblı, Dərbənd rayon Beynəlxalq Uşaq və Mədəniyyət Mərkəzinin xalq çalğı alətləri ansamblının ifasında Azərbaycan xalq rəqsləri, mahnıları, instrumental əsərləri tamaşaçılara təqdim olunub. Vokalçılar Əjdər Məmmədov, Xurşidə Arazova, Əmirah Həmidov, Azərbaycan Dövlət Dram Teatrının aktrisası və nəğməkar şairə Zeynəb Dərbəndli, instrumental musiqiçilər Məhəmmədəmin Kafarov, Məhəmməd Arzumanov, o cümlədən Dərbənd rayonunun Gedjux və Xəzər kənd incəsənət məktəblərinin uşaq xoreoqrafiya kollektivləri iştirak ediblər. Sənətçilərin ifalarında səslənən hər bir mahnı, Azərbaycan mədəniyyətinin zəngin çalarlarından süzülən gözəlliyi təmsil edirdi.
Tədbirin sonunda bütün forum iştirakçılarına MKİ “Mədəniyyət, Gənclər Siyasəti və Turizm Şöbəsi” MR “Dərbənd Rayon” tərəfindən təşəkkürnamələr verilmişdir. Ənənəvi mədəni irsin qorunub saxlanmasına və təbliğinə görə Dağıstan Respublikası Mədəniyyət Nazirliyinin və Respublika Xalq Yaradıcılığı Evinin diplomları Dərbənd rayonunun “UKMPiT” MKU və MKUK “MKDTs”lərinə də təqdim edilib.
H. Aslanov