QARS Müqaviləsinin 100 illiyi və NAXÇIVAN

Qars müqaviləsinin imzalanmasından 100 il ötür.

          1921- ci ilin oktyabrın 23-də Azərbaycan-Gürcüstan, Ermənistan və Türkiyə arasında Rusiyanın iştirakı ilə 20 maddədən və 3 əlavədən ibarət olan Qars müqaviləsi imzalanıb. Qars müqaviləsinə əsasən Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi kimi təşkil edilib və müqaviləyə əsasən Naxçıvan Azərbaycan torpağıdır, onun mənsubluğu heç bir zaman müzakirə obyekti deyil. Qars müqaviləsi müddətsiz olaraq imzalanmışdır.

          Müqaviləni beynəlxalq hüquq və geosiyasi tarazlıqlar baxımından qiymətləndirdiyimiz zaman, I dünya müharibəsindən sonra bölgədəki gərginliyin artdığı dövrdə Cənubi Qafqazda sülhü və sabitliyin təmin edilməsi istiqamətində çox mühüm bir tarixi qərar olduğunu görürük.

Həmin  dövrdə erməni daşnaq hərbi dəstələri tərəfindən Azərbaycanın müxtəlif bölgələri xüsusi ilə Naxçıvan intensiv hücumlara məruz qalırdı. Bir sıra tarixi Azərbaycan torpaqlarını zəbt edən və onun əsasında qurulan Ermənistan, o dövrdə yaranmış situasiyadan istifadə edərək Naxçıvanı da ilhaq etmək istəyirdi. Tarixi ədalətin bərqərar olması Ermənistanın qara niyyətlərinin həyata keçməsinə mane oldu. Qars müqaviləsinin imzalanması ilə Naxçıvanla bağlı məsələ öz ədalətli həllini tapdı. Anlaşmaya əsasən Naxçıvan Muxtar Respublikası təşkil olundu.

          1918-1920-ci illərdə  bir sıra ölkələrdən dəstək alan erməni terror qrupları Azərbaycan kəndlərində böyük vəhşiliklər talan və dağıntılar törədirdilər. Azərbaycan, Türkiyə, Gürcüstan və digər ölkələrin torpaqlarını zəbt etməklə böyük Ermənistan xülyası ilə yaşayan erməni siyasətçiləri Qars müqaviləsinin imzalanması ilə Naxçıvanla bağlı  “arzularını” gerçekləşdirə bilmədilər.

          Naxçıvanın muxtariyyət statusu dünya praktikasında olan muxtar dövlət statuslarından tamamilə fərqlənir. Misal üçün, Avropada olan muxtariyyətlər daxili narazılıqlar əsasında meydana gələn muxtariyyətlərdir. Naxçıvan Muxtar Respublikasının statusu isə xarici təzyiqlərin, işğal və təhditlərin qarşısını almaq məsqsədi ilə meydana çıxmışdır. Qars müqaviləsi əsasında Naxçıvanın ərazi məsələsi həllini tapmaqla Azərbaycanın torpaq bütövlüyü burada təsbit edilmşdir. Qars müqaviləsi Naxçıvanın ərazi bütövlüyü təminatı və təhlükəsizlik baxımından yüz il içərisində beynəlxalq hüquqa malik sənəd olaraq, müxtəlif dövrlərdə öz aktuallığını göstərmişdir.

Sovet ittifaqı dövründə ayrı-ayrı zamanlarda Naxçıvan Muxtar Respublikasının torpaqlarının bir hissəsini Ermənistana birləşdirilməsi çağırışları edilmişdir. Lakin Qars müqaviləsinin mövcudluğu beynəlxalq hüququn prinsipləri sovet imperiyası və erməni şovinizlərin burda da niyyətini puç etmişdir. Qars müqaviləsinin şərtlərinin  daim qorunması Türkiyə dövlətinin bu məsələdə prinsipal və dayanıqlı mövqeyini göstərməkdədir.

Son yüz ilin Naxçıvanı üçün növbəti ağır şərtlərlə yaşamaq dövrü 1990-cı illər oldu. Ermənistanın Azərbaycana qarşı 1988-ci ildə başlatdığı işğal siyasəti və hərbi əməliyyatlar  Naxçıvan Muxtar Respublikasının  Azərbaycanla əlaqəsini kəsərək blokada vəziyyətinə saldı. Erməni daşnaqları yüz il əvvəl olduğu kimi Naxçıvanın kəndlərinə hücum etməyə başladılar. Erməni silahlı dəstələrinə  qarşı Naxçıvan əhalisi tarixdə olduğu kimi 1990-cı illərdə əzm və qəhrəmanlıqla müqavimət göstərdilər. Yüz ildə Naxçıvanın ətrafında baş verən siyasi, hərbi geopolitik hadisələri təhlil edəndə Naxçıvan Muxtar Respublikasının ərazisinin qorunmasının qarantı olan bir tərəfdə Qars müqaviləsidir, digər tərəfdən Naxçıvandakı insanların vətənə bağlılığı düşmənə qarşı misilsiz müqaviməti qeyd olunmalıdır.

          Qars müqaviləsi tarixi, siyasi və hüquqi sənəd baxımından Naxçıvan Muxtar Respublikası və Naxçıvanlılar üçün böyük əhəmiyyət daşımaqdadır. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov tərəfindən Qars müqaviləsinin 100 illiyinin keçirilməsi barədə sərəncam imzalayıb. Bu sərəncam muxtar respublika tərəfindən  müqavilənin hüquqi siyasi əhəmiyyətinə verilən qiymətdir.

Qars müqaviləsi Naxçıvan Muxtar Respublikasının beynəlxalq hüquqla təsbit olunmuş toxunulmazlığının əsasıdır. Bu müqavilə ilə Muxtar Respublika ərazisi  təsdiq olunmuş və beynəlxalq hüquqla qorunmaqdadır.

Naxçıvan Muxtar Respublikası mühüm geopolitik əhəmiyyətə malik olmaqla yanaşı, bu gün region üçün  iqtisadi, ticarət, nəqliyyat, turizm kimi mühüm sahələrdə də rol oynamaqdadır. Avropa və Asiyanın iqtisadi inteqrasiyasına xidmət edəcək böyük layihələrin nəqliyyat dəhlizinə və əməkdaşlıq körpüsünə çevrilməkdədir.

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri

Samir Adıgözəlli