Dağıstan Respublikası Hökumətinin sədri Abdulmuslim Abdulmuslimov şənbə günü, avqustun 5-də Xunzax rayonuna işgüzar səfəri çərçivəsində Arani kəndində 308 şagird yerlik məktəbin tikintisi ilə tanış olub. Dağıstan Respublikası üzrə UVK-nın rəhbəri Abdulpatax Amirxanov, bələdiyyənin rəhbəri Nurməhəmməd Zadiyev və bir sıra hakimiyyət orqanlarının rəhbərliyi ilə birlikdə Dağıstanın Baş naziri interyerə, məktəbin həyətinə baxış keçirib, podratçı ilə söhbət edib. Təhsil ocağı dünya şöhrətli Dağıstan şairi Rəsul Həmzətovun 100 illik yubileyinə hazırlıq çərçivəsində tikilən əsas sosial obyektlərdən biridir. Obyekt Respublika investisiya proqramının icrası çərçivəsində tikilir. Məktəb 1970-ci ildən fəaliyyət göstərən köhnə məktəbin əvəzinə tikilir. 20 min kvadratmetr sahəsi olan üçmərtəbəli yeni məktəb dörd korpusdan ibarət olacaq: tədris korpusu, idman zalı, iaşə şöbəsi, akt zalı, 126 yerlik yataqxana, o cümlədən idman və kölgəli çardaqları olan uşaqlar üçün oyun meydançaları. Hərəkət qabiliyyəti məhdud insanlar üçün panduslar quraşdırılıb, binanın ikinci mərtəbəsinə liftlərin köməyi ilə çıxış təmin olunub. Hazırda əsas tikinti-quraşdırma işləri yekunlaşdırılır, hasarlanma və abadlıq işlərinə başlanılıb, avadanlıqların tamamlanması və quraşdırılması işləri davam etdirilir. Obyektin tikintiyə hazırlığı 95 faizdir. Obyektin ümumi layihə dəyəri 622 milyon rubl təşkil edir. Obyektə baxış keçirən Abdulmuslim Abdulmuslimov sosial əhəmiyyətli obyektdə işin keyfiyyətini ümumilikdə müsbət qiymətləndirib. Eyni zamanda, işlərin sürətinin artırılması və işə cəlb olunan inşaatçıların sayının artırılması ilə bağlı tapşırıqlar verib. Nazirlər Kabinetinin rəhbəri vurğulayıb ki, Dağıstan Respublikasının rəhbəri Sergey Melikovun tapşırığı ilə Rəsul Həmzətovun yubileyi çərçivəsində tədbirlər planına daxil edilmiş obyektlər xüsusi nəzarətdədir. Sentyabrın əvvəlinə, şairin yubileyinə həsr olunmuş əsas tədbirlərin başlayacağı vaxta qədər bütün əsas obyektlər hazır olmalıdır.
S. Salehova