Həsrəti gözümdə yaşa dönməyib,
Dostlar dönməsə də,cəbhədən keçir.
Sanıram torpağa, daşa dönməyib,
Onlar durna olub, gəzir göyləri.
Hər il sentyabrın əvvəli, Dağıstanımızın hər rayonunuda, hər kəndində görkəmli şəxsiyyət Rəsul Həmzətov günləri keçirilir. Rəsul Həmzətovun “Ağ durnalar” festivalı sentyabrın 8-də Dərbənd şəhərinin gözəllik əsəri sayılan Mirzə Kazım bəy döngəsində təntənəli bir tədbir keçirildi. Festival Dərbənd şəhər mədəniyyət İdarəsi tərəfindən onun rəisi Samilə Nəcəfovanın təşəbbüsü ilə təşkil edilmişdi.
Festivala Mahacqaladan Rəsul Həmzətov fondunun vitse-prezidenti Həbibət Nəcmətdinovna gəlmişdi. İlk söz Dərbənd şəhərinin başçısı Xizri Abakarova verildi: O, hamını bayram münasibətilə təbrik etdi və salamladı, Rəsul Həmzətovdan danışdı.
Sonra isə çıxış ücün söz şəhər başçısının müavini Vidadi Zeynalova verildi. O,
şairin “Anaları qoruyun” şeirini oxudu. Dərbənd şəhər mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Diana Əliyeva şairlə ilk görüşündən danışdı.
Tədbirdə dahi şairin adını daşıyan Dərbənd şəhər 20 nömrəli orta məktəbin direktoru Dilara Yaşarovnaya söz verildi: O, qeyd etdi ki, 15 ildən artıqdı ki, məktəb R.Həmzətovun adını daşıyır və hər il də onun ad günün təntənəli tədbirlərlə qeyd edirlər. Bu gün də məktəbimizin şagirdləri gözəl bir konsert proqramı ilə qonaqların qarşısında çıxış edəcəklər. Şagirdlər böyük şairin “Mənim Dağıstanım”, “Durnalar”,”Ulduzlar” və s. şeirlərini söylədilər və davam üçün söz musiqiyə verildi. Onlar “Durnalar” mahnısını ifa etdilər. Şagirdlərin çıxışının sonunda Həbibət xanım Rəsul Həmzətov fondu adından 20 nömrəli məktəbin bir necə şagirdini fəxri diplomlarla təltif etdi.
Çıxış üçün söz Həbibət Nəcmətdinovnaya verildi: Həbibət xanım hamıya öz minnətdarlığını bildirdi,ölməz şairin həyatı və yaradıcılığı haqqında ətraflı danışdı. Onun maraqlı çıxışını bütün qonaqlar diqqətlə dinlədilər.
Sonra isə Azərbaycan Dövlət teatrının aktyoru Dağıstan Respublikasının əməkdar artisti Mahir Melikov şairin “Atam” şeirini ifa etdi.
Həbibət xanımın xahişi ilə Rəsul Həmzətovun, Tofiq Bayramın tərcümə etdiyi “Əziz dostum” mahnısını Zeynəb Dərbəndli ifa etdi. Həbibət xanım: -Bu möhtəşəm ifanı dinləmədən buradan getməzdim deyərək, Zeynəb xanımı bağrına basdı.
Sonra isə şairin sənətinin vurğunlarına, şeir söyləmək istəyənlərə söz verildi. Bəli, şair, yazıçı öz qələmi ilə yaşadığı dövrü əks etdirir və bu töhfələr bizə tariximizlə bağlı daha dəqiq məlumat əldə ətməyə imkan verir.
Bayramın sonunda söz yenə Həbibət xanıma verildi. O, bu möhtəşəm tədbiri təşkil edənlərə və iştirakcılara minnətdarlığını bildirərək dedi: -Rəsul Həmzətov həyatdan getməmişdir. O, bu gün də yaşayır və bizimlədir. Qoy dövrün bu böyük şairinə əbədi eşq olsun!
A.Məmmədova