Dadaşov Əlifərman şəhərimizin 8 saylı orta ümumtəhsil məktəbinin 7-ci sinifində oxuyur. Çalışqanlığı, məktəbin ictimai işlərində fəal iştirak etməsi ilə müəllimlərin və sinif yoldaşlarının rəğbətini qazanmışdır. Hələ kiçik yaşlarından idmana olan sönməz həvəsini görən Əlifərmanın (onu hamı Əli,-deyə çağırır) valideynləri onu şəhərimizdəki 7 saylı idman məktəbinə qoyur. Balaca oğlan elə ilk günlərdən əməkdar idman ustası və məşqçi Zeynal Həsənpaşayeviç Həsənovun diqqətini cəlb edir. Məşqçi onun çevikliyini, öyrətdiyi fənnləri tez qavramasını nəzərə alaraq, sanki gələcəkdə Əlinin böyük uğurlar qazanacağını göz önünə gətirir və onun üzərində daha böyük əzmlə çalışırdı. Çünki qələbə sevinci böyük hiss və duyğu, həm də özünə qarşı bir zəfərdir, ustalıq gündəlik məşğələlərin nəticəsidir.
İdmançılarımızın, xüsusilə də istedadlı və inadcıl orta məktəb şagirdlərinin qazandığı qələbələr və nailiyyətlər mənim zənnimcə, onların valideynlərinin və məşqçilərinin möhkəm iradəsi, gərgin zəhməti nəticəsində baş verir və bizdə bu fədakar insanlara minnətdarlıq hissi oyanır.
Hər bir idman növü özünə görə yaxşıdır. Əli də boksu seçdi, öz aləmində boksçu olmaq arzusunda idi. Onun fikrincə idmanla məşğul olmaq insanın fiziki hazırlıq səviyyəsini yüksəldir ki, bu da öz növbəsində sağlam həyat tərzinə gətirib çıxarır.
Bəli, mənəvi və fiziki cəhətdən güclü olması, idmanın bu növünü seçərək, yorulmaq bilmədən çalışması, məşqçinin ona verdiyi tapşırıqları canla-başla yerinə yetirməsi sayəsində yuxarıda adı çəkilən qəhrəmanımız birinci yerləri qazandı. Maşallah, həqiqətən də, çempionumuz aldığı çoxlu sayda mükafatlara baxarkən, bu yeniyetmənin neçə yaşda olduğunu dərk etmirsən.
Bu günlərdə Süleyman-Stalski rayonunun Karçaq kəndində Həbib Allahverdiyev adına idman məktəbində DR -nın cənub zonası üzrə keçirilmiş yarımfinalda 60 kq.çəki dərəcəsində olan yeniyetmələrlə birlikdə Əli də çıxış etmişdir. Həmin yarış eyni zamanda Dağıstan çempionatı üçün bir tramplin idi.
Yarışın nəticələrinə görə aşağıdakı qaliblər müəyyənləşdirilmişdir:
1-ci yer- Dadaşov Əlifərman (Dərbənd)
2-ci yer- Saidov Said (Daq.Oqni)
3-cü yer- Abakarov Maqomedrasul (Qaytaq)
Beləliklə, nəticə çox sevindirici oldu. Əvvəllər də o, Daqestanskiye Oqni şəhərində, Bilici (2019-2020) qəsəbəsində uğurla rinqə çıxmış və Şimalı Dağıstanın qalibi adına layıq görülmüşdür.
Hazırda Əlifərman Dadaşov böyük ruh yüksəkliyi ilə Dağıstan çempionatına hazırlaşır. Ümidvarıq ki, çempionumuz gələcəkdə ƏLİ adı ilə dərbəndli idmançı kimi məşhur olaraq, dağlar diyarı Dağıstanımızın adını ölkəmizin hüdudlarından kənarda da ucaldacaqdır. Buna hər iki məktəbin kollektivi, onun valideynləri ilə yanaşı, biz də ürəkdən inanır, çempionumuza möhkəm cansağlığı və yeni-yeni müvəffəqiyyətlər arzulayırıq!
AMALİYA AĞAKİŞİYEVA