СOVİD-19


Son bir həftə ərzində dünyada 4 milyondan çox insan koronavirusa yoluxub, 47 minə yaxın insan dünyasını dəyişib. Əvvəlki yeddi günlə müqayisədə yeni yoluxma hallarının sayı 5 faiz, ölüm hallarının sayı isə 10 faiz azalıb. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemiya ilə bağlı bülletenində deyilir.
Dekabrın 6-dan 12-dək 4 000 817 yoluxma halı aşkar edilib, 46 961 ölüm faktı qeydə alınıb.
Yeddi gün ərzində qeydə alınmış yoluxma hallarının 65 faizi və ölüm hallarının 60 faizi Avropaya təsadüf edir: yoluxma hallarında 7 faiz, ölüm hallarında isə 3 faiz azalma qeydə alınıb. Yoluxma hallarının əhəmiyyətli dərəcədə artması Afrikada (111 faiz) qeydə alınıb. Eyni zamanda, keçən həftə Amerikada (10 faiz), Cənub-Şərqi Asiyada (10 faiz) və Qərbi Sakit Okean regionunda (7 faiz) nəzərəçarpacaq dərəcədə daha az yoluxma halları qeydə alınıb. Qərbi Sakit Okean regionunda (4 faiz) ölüm hallarının sayı artıb, lakin Cənub-Şərqi Asiyada (50 faiz), Amerikada (14 faiz), Şərqi Aralıq dənizində (3 faiz) və Afrikada (1 faiz) azalıb.
Bir həftə ərzində ən çox yoluxma halları (674 019) Birləşmiş Ştatlarda qeydə alınıb. Ondan sonra Almaniya (351 738), Böyük Britaniya (350 340), Fransa (335 972) və Rusiya (215 283) yer alıblar.
Dünyada dominant “delta” ştamı son 60 gün ərzində aparılan analizlərin 99,2 faizində, “omikron” isə 0,4 faizində aşkar edilib. ÜST qeyd etdiyi kimi, 77 dövlətdə aşkar olunan “omikron” ştamı “delta” üzərində artım üstünlüyünə malikdir», “O, təkcə “delta”nın dövriyyəsinin “aşağı” olduğu Cənubi Afrikada deyil, həm də göründüyü kimi, “delta” variantına yoluxma hallarının çox olduğu, xüsusən də Böyük Britaniyada daha sürətli yayılır. Ekspertlər ilkin məlumatlara istinadən bildirirlər ki, vaksinlər “omikron”dan müdafiədə daha az effektivdir, bu ştamla təkrar yoluxma riski isə digərlərinə nisbətən daha yüksəkdir”. Bütövlükdə, narahatlıq doğuran bu yeni variantla bağlı risk, çox yüksək olaraq qalır”, — bülletendə deyilir.