UĞUR OLSUN, AYGÜN!

Məktəb uşağın yetkin yaşa çatdığı andır. Məktəbdə təhsil almaq hər bir insan üçün çox vacibdir. Çünki şəxsiyyət, xüsusiyyət və bacarıqların formalaşması məhz bu dövrdə baş verir. Uşaq əsas təhsil səviyyəsini alır və gələcək peşəsi ilə müəyyən edilir. Məktəbdə tədris prosesində əldə olunan biliklərin əhəmiyyətini qiymətləndirmək çətindir.
Ötən ilin dekabrında Dərbənd rayonunun Xəzər kənd orta ümumtəhsil məktəbinin şagird və müəllim kollektivinin sevincinin həddi-hüdudu yox idi. Hamı böyük fəxrlə Aygünün uğurundan danışırdı. Axı bu təhsil ocağının 9-cu sinif şagirdi Aygün Ramazanova “İlin Avropa ağacı-2020” milli müsabiqəsinin laureatı adına layiq görülmüşdü.
Beləliklə, böyük istedada və bacarığa malik olan Aygün müsabiqənin baş sponsoru — Kirqu ticarət evi tərəfindən diplom, hədiyyələr və 5000 rub.sertifikatla təltif edildi.
Hal-hazırda Aygün babasının himayyəsindədir. O, vaxtını boşuna sərf etmir, təsviri incəsənət onun həyatının mənasına çevrilib. Ev işlərilə yanaşı, babasının da qayğısına qalır. Qarşısına çıxan çətinliklər onun arzusuna sədd çəkə bilmir, ürəyi daha gözəl rəsmlər, şedevrlər yaratmaq həvəsilə döyünür. Onun qazandığı qələbə bütün şagirdlər üçün nümunə olmalıdır. Çünki həm evdə, həm də məktəblərdə uşaqların əla təhsil almaları üçün hər cür lazımi şərait yaradılmışdır. Şagirdlərdən isə yalnız və yalnız yüksək nizam-intizam, tərbiyə və möhkəm biliyə yiyələnmək tələb olunur.
Onu da qeyd etmək lazımdır ki, bu qız keçən il Xəzər İncəsənət məktəbini qırmızı diplomla bitirib. Aygünün qələbəsində onun hər iki məktəbdə (orta və incəsənət məktəblərində) rəsm müəllimi Tofiq Maqomedoviç Azizxanovun da əvəzsiz xidməti var. Tofiq müəllimin yetişdirmələri rayon və respublika üzrə keçirilən müsabiqələrdə fəal iştirak edir, mükafatlı yerləri tuturlar. Hər bir nümunəvi şagird onun təhsil aldığı məktəbin fəxri və qürurudur. Qoy belə şagirdlərin sayı çox olsun. Ümidvarıq ki, Aygün Ramazanova bununla kifayətlənməyəcək bundan sonra da sevimli müəllimlərini öz uğurları ilə sevindirəcək. Biz onun timsalında bütün istedadlı şagirdlərə bundan sonra da yüksək zirvələr fəth etməyi və yeni-yeni nailiyyətlərə sahib olmağı arzulayırıq.
AMALİYA AĞAKİŞİYEVA