Dağıstan, dağlara bürünmüş bir cənnətdir. Bəlkə də onun dağlarının havası, çaylarının səsi onun övladlarına güc verir.
Həm yazmaq, həm oxumaq, həm də hər bir işdə irəli getməyi bacarır Dağıstan övladları. Şairləri ilə tanınan, dağlı yurdumuz Dağıstanımızın. Ucqar Arak kəndində göz açmış, şair ürəkli qızı Cəmilə xanım da, bütün bu gözəlliklərdən bəhrələnib.
Fevralın 2-də Dərbənd şəhər mərkəzi kitabxanada şairə Cəmilə Araklının yaradıcılıq gecəsi keçirildi. Şairə üç dildə yazıb yaradır, Azərbaycan, Rus və Tabasaran. Onun ürəyi sözlə doludur, o ürəyindən keçənləri ilmə-ilmə varaqda toxuyur. Özü ixtisasca Rus dili müəllimi olub, ona görə də yazmaq onun üçün daha çox maraqlı olub. Cəmilə xanım demək olar ki, xoşbəxt insandır. Onun sənətinə ən çox dəyər verən elə onun ailəsidir. Oğlu və qızları, hər zaman onun yanında olurlar. Bu da şairəyə yazıb yaratmaqçün güc və stimul verir.
Tədbir çox gözəl keçdi, onun gözəlliyinə bizlər Azərbaycan Dövlət Dram Teatrının aktyorları daha da gözəllik qatdıq. Dağıstan Respublikasının əməkdar artistləri Məhərrəm və Rəhilə Ömərovalar, Sevda Beybalayeva, şairə və aktrisa Zeynəb Dərbəndli. Azərbaycan teatrı harda varsa, ora hər zaman gözəlləşir, cənnətləşir. Tədbirdə; şairənin qələm dostları, müəllim kollegaları, ailə üzvləri və bir başqa qonağlar da iştirak edirdi. Tədbiri, Dərbənd şəhər mərkəzləşdirilmiş kitabxanalar sisteminin direktoru Diana Əliyeva, şairəni təbrik edərək açdı.
Şairlər, Dərbənd Gülüstan beynəlxalq ədəbiyyatçılar birliyinin sədri, DR əməkdar mədəniyyət işçisi, Azərbaycan şairləri Tahir Saleh, Həsənbəy Həsənbəyov, Məmmədhəsən Bayatlı vəTat şairi Peysax Mişiyev. Dərbənd şəhər 4 saylı orta məktəbinin Ana dili və ədəbiyyatı müəllimləri Səlimə İsayeva və Dilarə Seidova, «Dərbənd» respublika qəzetinin məsul katibi Ayna Məmmədova. «Dərbəntskiye izvestiya» qəzetinin əməkdaşı Eminat Davudova, «Derbentskiye novosti» qəzetinin baş redaktoru Naidə Başırova iştirak edirdilər. Çıxış edənlər, şairə Cəmilə Araklıya, yaradıcılıq zirvələri arzuladılar. Öz dilində bir kəlmə belə yazan, yazdıqlarını sevdirə bilən insanları doğrudan da sevmək və dəyərləndirmək gərəkdir. Cəmilə xanım yorulmadan, usanmadan yazır və yazdığlarını sevə-sevə oxucularına özü çatdırmağı bacarır.
Bu sənət yolunda, şairə Cəmilə xanıma daima uğurlar, müvəffəqiyyətlər arzulayıram.
H. Aslanov