Yeni il arzularım


Uşağlığdan bəri, ən çox sevdiyim bayramdır bu bayram. Atam, Anam sağ ikən, evin sonbeşiyi idim. Onların çalışdığı yerdən, mənim üçün hədiyyələr gələrdi. Bəlkə də elə ona görə, bu bayram mənim üçün başqa bir aləm idi. Sonra böyüdüm, arzularımda mənimlə böyüdü. Əlimə qələm alıb, yazmağa başladığım gündən, şeirlərimdə də arzularımı ilmələmişəm. Axı şair gördüyün yazar, mən həm də ürəyimdən keçənləri də yazıram.
Uşağkən şeir yazanda, öz-özümə fikirləşirdim ki, görəsən nə zamansa, məni də tanıyacağlar, sevəcəklərr? Amma artıq, arzularıma bir-bir yaxınlaşmışam. Həm şeirlərim sevilir, həm də şeirlərimə bəstələnmiş mahnılarım sevilir. Mən də bu 2022-ci ilə, yaxşı ilə, pisi ilə beləcə yola salıram. Mənim Elmir Mədətoğlunun bəstələdiyi «Göz bəbəyim Dağıstanım» mahnım, artıq altı dildə səslənir. Öz doğma Azərbaycan dilim, Rus, Aqul, Tabasaran, Ləzgi və Yəhudi dillərində ifa olunub. Tabasaranca, DR əməkdar artisti Besxanım Gülməhəmmədova, Ləzgicə, Zeynəb Zairbəyova, Rusca, DR Xalq artisti Zərifə Koxmazova, Aqulca, DR əməkdar artisti Zulfira Şabanova, Yəhudicə, Laura İzgiyayeva, öz dilimdə isə həm özüm, həm Diləfruz Şixməmmədova, həm də balaca Günel Həbibovanın ifasında. «Xoş gəlmisən novruzum» mahnımı da, Zulfira xanım Aqul dilincə ifa edib. Bir şair üçün, bir sənət adamı üçün, bundan gözəl və dəyərli uğur nə ola bilər?
Ondan əlavə də, bir çox mahnılarım həm Türkiyədə, həm Azərbaycanda sevilən müğənnilərin dilindən düşmür. Şair öz vətənində sevilirsə, şairdir. Allahıma min kərə şükr edirəm ki, mən xalqımın sevgisini qazana bilmişəm.
Əziz xalqımı, yenicə qədəm basmış 2023-cü il münasibətiylə, səmimi qəlbdən təbrik edirəm. Hər birinizin evlərinə saadət, süfrələrinizə bol bərəkət, dünyanıza əminamanlığ arzulayıram. Yeni il yeni gözəlliklərlə, ömrünüzü bəzəsin Amin.

Yeni il arzuları

Xoş arzular, ümidlər,
Var olsun təzə ildə.
Allah bizə hər zaman,
Yar olsun təzə ildə.

Hər kəsə can sağlığı,
Bol saadət gətirsin.
Daim evlərimizə,
Saf məhəbbət gətirsin.

Arzular, arzu olub,
Qalmasın gözümüzdə.
Hər zaman sevinc yaşı,
Çağlasın gözümüzdə.

Müharibə olmasın,
Üzü gülsün xalqımın.
Dillərindən süzülən,
Sözü gülsün xalqımın.

Qoy ötən il aparsın,
Bütün dərd, sərimizi.
Sevinc, saadət örtsün,
Acı dərdlərimizi.

Necə də xoş arzudur,
Arzu sonsuz, ömür az.
Allahım qurban olum,
Ömrümüzə sevinc yaz.

30.12.2022.
Zeynəb Dərbəndli