“Ana dilində ən yaxşı qiraətçi” müsabiqəsi keçirilib.

 

“Dərbənd” qəzetinin redaksiyası tərəfindən “Ana dilində ən yaxşı qiraətçi” müsabiqəsi keçirilib. Mayın 7-də Dərbənd şəhər kitabxanasının binasında “Dağıstan” Etnomedia Holdinqinin “Dərbənd” respublika qəzetinin redaksiyasının təşkilatçılığı ilə doğma Azərbaycan dilində ən yaxşı oxucular müsabiqəsinin finalı keçirilmişdir.

Uşaqlar Böyük Qələbə Günü və Ailə ili mövzusunda şeirlər oxudular. Tədbir boyu bayram ab-havası hökm sürürdü. Tədbirdə iştirak edənlər qarşısında çıxış edən nəşrin baş redaktoru Tərlan Ələkbərov təhsil müəssisələrində ana dilinin inkişafı üçün belə tədbirlərin keçirilməsinin vacibliyini və zəruriliyini vurğulayıb və müsabiqənin təşkilinə görə Dərbənd şəhər Nizami Gəncəvi adına № 6 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nazilə Mirhəmidovaya təşəkkür edib.

Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən Dərbənd şəhər 6 saylı orta məktəbin şagirdləri mükafatlandırılıb. Mükafatlandırılanlar arasında: Əli Rizayev, Nərgiz Cumalıyeva, Rəqibə Əsgərova, Zəhra Həbibova, Hüseyn Ələkbərov, Elgün Mikayılov. Qaliblərə diplomlar və “Dərbənd” qəzetinin bayram nömrəsi təqdim olunub.

Tədbirdə respublikanın Azərbaycan dilində nəşr olunan “Dərbənd” qəzetinin baş redaktoru Tərlan Ələkbərov, qəzetin məsul katibi Ayna Məmmədova, Dərbənd şəhər Birləşmiş Kitabxanalar sisteminin direktoru Diana Əliyeva, ana dili müəllimi Nazilə Mirhəmidova, məktəb şagirdləri və qonaqlar iştirak ediblər. “Ana dilində ən yaxşı qiraətçi” müsabiqəsi təşkilatçılarının sözlərinə görə, müsabiqənin belə təşkili “Dağıstan” Etnomedia Holdinqinin rəhbərliyi tərəfindən Dağıstan Respublikası ərazisində doğma dillərin populyarlaşdırılması üçün təklif edilib.

Salehova S.