Məktəbdə keçən ömür

Hər zaman qeyd etdiyim kimi, insan dünyaya gələn gündən, ayağı yer tutan kimi onun həyat hekayəsi başlayır. Müəllim, həkim, alim və sair.

Bu gün haqqında söhbət açacağım şəxs, həyatını məktəbə bağlayan, ömrünün yarıdan çox hissəsini müəllim sənətinə həsr edən Məhəmməd Mekkiyeviç Zahirbəyovdur. O, 1943-ci il dekabrın 1-də DASSR, indiki Dağıstan Respublikasının Dərbənd rayonunun Cimikənd kəndində anadan olub. Onun uşaqlığı çox maraqlı keçib, kənd abu-havasında, özü də ta uşaqlığından çox zəhmətkeş olub.

İlk ibtidai təhsilini də Cimikənd məktəbində alıb. Təhsilinin davamını 5-ci sinifdən məktəbi bitirənə qədər Dərbənd rayonunun Berikey kənd orta məktəbində davam etdirib.1962-ci ildə orta məktəbi bitirib Dərbənd şəhər V. İ. Lenin adına Pedagoji məktəbinə daxil olub.

O məktəbi də 1965-ci ildə bitirdikdən sonra, özünün doğulub boya başa çatdığı Cimikənd məktəbində iftidai sinif müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 1969-cu ildə isə, Dağıstan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olur və qiyabi şöbədə təhsil almağa başlayır.Beləliklə,O,həm oxuyur,həm də işləyirdi. Öz işinə çox məsuliyyətli yanaşmasına görə 1970-ci ildə, o V. İ. Leninin 100 illik yubileyi münasibətilə «Əmək fəaliyyətində şücaətə görə» medalı ilə təltif olunub.

1971-ci ildə Cimikənd məktəbinin Rus dili və ədəbiyyatı müəllimi təyin olunub. O, bütün bunlara addım-addım, pillə-pillə nail olub. Öz işini yorulmadan, böyük həvəslə görən Məhəmməd müəllim, indinin özündə də bütün kəndin cavanları üçün bir nümunədir. Həmkarlarının və şagirdlərinin sevgisini qazana bilib ki, bu da hər kəsə nəsib olmur.

1979-cu ildə Məhəmməd Mekkiyeviç çalışdığı məktəbdə direktor müavini və təşkilatçı təyin edilir. 1983-ci ildə isə onu, çalışqanlığı və zəhmətkeşliyinə, ən əsası da, işinə ürəklə bağlılığına görə, məktəbin təlim-tərbiyə üzrə direktor müavini vəzifəsinə təyin edirlər. Məhəmməd müəllim bu vəzifəni 37 il, əmək təqaüdünə çıxana kimi, layiqincə yerinə yetirib.
Onun Pedaqoji məktəbi bitirib, ilk işə başladığı ildən, ilk dərs dediyi iftidai sinifinin yetirmələri Ramazan Surxayev: «Məhəmməd müəllim mənim ilk müəllimim olub, o, biz şagirdlərini öz doğma övladlarından ayırmazdı. Bizə o qədər qayğı və sevgi ilə yanaşırdı ki, biz çətin dərsimizi belə onun sayəsində asan öyrənə bilirdik.

O, dərsi bizə anlatmaq üçün çalışar,hətta ev tapşırıqlarını belə asan yerinə yetirə biləcəyimiz tərzdə izah edərdi, öyrədərdi. Mən ürəklə deyə bilərəm ki, bu gün Məhəmməd Mekkiyeviç kimi müəllimlərimizin sayəsində mən mən olmuşam. Məhəmməd müəllimə can sağlığı və uzun ömür arzulayıram». Kazum Əzizov: «Məhəmməd müəllim həm qayğıkeş, həm də tələbkar müəllim idi. O, bizim gələcəymizin parlaq olması üçün, bizdən bilik tələb edirdi. Müəllim şagirdlərinin, sözün əsl mənasında, gələcəyinə işıq saçan bir mayakdır. Məhəmməd müəllimin, mənim bugünkü günümdə böyük əziyyəti var. Əziz müəllimimi, yubileyi münasibətilə ürəkdən təbrik edirəm».

Huseyn Şahnavazov: «Biz uşaq olanda müəllimimizin bizi dərsə hazırlıqsız olanda danlamasına inciyirdik. Amma indi baxıram ki, əyər Məhəmməd müəllim və başqa müəllimlər də məndən dərs üçün tələbkarlıq tələb etməsəydilər, mən bugün mən olmazdım. Mənim əziz müəllimim Məhəmməd müəllimə bunun üçün mən xüsusi minnətdaram. Nə yaxşı mənim ilk müəllimim, belə bir şəxsiyyət olub. Allah ona can sağlığı və uzun ömür versin».

Umgülsüm Surxayeva: «Müəllim olmaq asan iş deyil, biz evdə iki və ya üç uşağı başa sala bilmirik. Amma müəllim isə, 25-30 uşaqla işləyir. O uşaqların da, hər biri bir evdən gəlir. Bizə elm və tərbiyə verən, bizim gələcəyimiz üçün bizə öz sağlamlığını həsr edən dəyərli müəllimim Məhəmməd Mekkiyeviçə ən başlıcası can sağlığı, mənalı ömür və həyatda möhkəm olmağı arzulayıram». Məhəmmədseyid Nəbiyev: «Məhəmməd müəllimin mənim bu günkü günümdə, əziyyəti böyükdür. Əyər o, məndən tələb edərək məni öyrətməsəydi, bəlkə də mən bugün belə olmazdım. Nə yaxşı ki, məhz o mənim müəllimim olub. Məhəmməd müəllim haqqlnda nə qədər də danışsaq azdır, çünki o, hər bir sözün ən dəyərlisinə layiqdir.

Mən ona dərin hörmətlərimlə Allahdan sağlam ömür arzulayıram».
Onun şagirdləri çoxdur, mən inanıram ki, onların hər birinin onun haqqda deyəsi sözü var. Amma mən , az da olsa hər kəsin ona olan sevgisini çatdırmağa çalışdım. Doğurdan da onun həyatı çox maraqlı keçib, bir müəllim olaraq bu gün də o, öz layiqli şagirdləri ilə fəxr edir.

Deyirlər, müəllim hər bir uşağın ikinci valideynidir. Layiqli övlad istər valideynin, istərsə də müəlliminin başını uca edərək onun qürur mənbəyinə çevrilir. Onun haqqında həmkarlarından Əsgərpaşa Abasov: «Məhəmməd Mekkiyeviç həmişə öz tərbiyəsi, davranışı və qabliyyəti ilə bizlər üçün bir örnək olub. Mən çox şadam ki, belə bir insanı yaxından tanımışam.

O, uşaqla uşaq, böyüklə böyük olub. Amma hər şeydə öz həddini bilib. Onun insani cəhətləri həddindən çoxdur. Bəzən bizə bir qardaş olaraq öyüd-nəsihət verirdi. Onu yubileyi münasibətilə, səmimi qəlbdən təbrik edirəm». Əlimuradov Əlimurad onun haqqında belə dedi: «Məhəmməd Mekkiyeviç elə şəxsiyyətlərdəndir ki, onun qoyduğu yol, insanı sadəcə uğura doğru apara bilər.

O, şagirdlərinə həm müəllim, həm ata, həm də dost olub. Bu gün onun yetirmələri arasında özü kimi müəllim, həkim, mühəndis, və sairlər var. O, hər bir şagirdi üçün həyəcan keçirirdi. O, həyatda öz layiqli yerini tutan şagirdləri üçün qürur duyur. O deyir, «Bu mənə daha çox güc verir, çünki onların uğurunda az da olsa mənim də payım var». Belə bir müəllimi, belə bir insanı tanıdıdığıma görə, çox qürurluyam. Allah Məhəmməd Mekkiyeviçə uzun ömür, can sağlığı versin. Onu, 80 illik yubileyi münasibətilə, xüsusi olaraq, təbrik edirəm».
Onun dörd övladı var, ikisi- qızı İbadət və oğlu Zülfüqar Cimikənd məktəbində atasının yolunu davam edirlər. İkisi isə, kənd təsərrüfatında çalışlrlar. Övladları da eyni özü kimi, öz işinə cavabdeh və məsuliyyətli yanaşırlar. Əsl ata tərbiyəsi, ata sevgisi onları belə yetişdirib.
Bu yerdə, şairə Zeynəb Dərbəndlinin bu şeiri yadıma düşdü.

Müəllim

Bizlərə qələm tutmağı öyrədər,
Həm yazmağı, oxumağı öyrədər,
Rəsm çəkməyi, toxumağı öyrədər,
İllərini bizə verər müəllim.

Şagird əlaçı olanda sevinər,
İlbəil yaşa dolanda sevinər,
İmtahandan beş alanda sevinər,
Qürurundan üzü gülən müəllim.

Ali məktəbə giririk, şad olur,
İmtahanları veririk, şad olur,
Hər şeyi əzbər bilirik, şad olur,
Qanadlanır bunu görən müəllim.

Zeynəb deyər, əlaçıya beş yazar,
Şagird üçün, nə yazarsa xoş yazar,
Anlamayan şagirdinə, kaşşş yazar,
Zəhmətinin qədrin bilən müəllim.

Bu il dekabrın 1-də Məhəmməd müəllimin 80 yaşı tamam olur. Onu bu münasibətlə həm öz adımdan, həm də «Dərbənd» respublika qəzetinin kollektivi adlndan təbrik edirəm. Ona can sağlığı və mənalı ömür arzulayıram.
H. Aslanov