Əsgərov Əziz Həmzə oğlu

Əsgərov Əziz Həmzə oğlu — 1907-ci ilin mayında Dərbənd şəhərində sənətkar ailəsində anadan olmuşdur. Azərbaycanlıdır. Dərbənd şəhərində 7 illik məktəbi bitirdikdən sonra 1924-cü ildə Dağıstanın Xalq Maarifi komissarlığı yaxşı oxuduğu üçün onu Bakıya Pedaqoji Texnikumda təhsil almaq üçün göndərir. 17 yaşlı Əziz Əsgərov yaxşı oxumağı, texnikumun ictimai həyatındakı fəaliyyəti ilə öz yaşıdlarından seçilirdi. Artıq o, ikinci

kursda həmkarlar komitəsinin üzvü, üçüncü kursda isə – komsomol təşkilatının katibi və texnikumun pedaqoji şurasının üzvü idi. Texnikumu bitirdikdən sonra Əziz Əsgərovu Mahaçqalaya göndərirlər. O, burada «Dağıstan füqərası» respublika qəzetinin əvvəlcə şöbə müdiri, sonralar isə məsul katibi işləmişdir. Qəzetdə bir il işlədikdən sonra Əziz Əsgərov təhsilini davam etdirmək üçün özünün oxumağa göndərilməsini xahiş edir. Qəzetin rəhbərliyi onun xahişini yerinə yetirir və 1929-cu ildə Bakıya Azərbaycan Dövlət Universitetinə göndərir. Bu vaxtdan başlayaraq Əziz Əsgərov öz həyatını Azərbaycanın təhsil müəssisələrinin flaqmanı olan Azərbaycan Dövlət Universiteti ilə möhkəm və əbədi bağlayır. Təhsillə yanaşı o, geologiya-minerologiya kafedrasında laborant vəzifəsində işləyir. O vaxtlar kafedraya Paris Universitetinin və Sorbonna Politexnik İnstitutunun məzunu professor Aslanbəy Vəzirov rəhbərlik edirdi. Hələ 3-cü kurs tələbəsi olarkən Əziz Əsgərov birinci kurs tələbələrinə parktiki məşgələlər keçirdi, dördüncü kursda isə professor A.Vəzirzov istedadlı tələbəyə hətta mühazirə oxumağa da icazə verdi. 1934-cü ildə universitetdə təhsili əla başa vurduqdan sonra Elmi şuranın məsləhəti ilə Ə.Əsgərov biologiya fakültəsinin paleontologiya və geologiya kafedrasının aspirantı qəbul edilir. O, burada həm assistent işləyir, həm də tələbələrlə praktiki iş aparırdı. 1938-ci ildə Ə.Əsgərov «Azərbaycanın cənub-şərq hissəsində mineral mənbələrin geologiyası» mövzusunda geologiya- minerologiya elmləri namizədi elmi dərəcəsini almaq üçün dissertasiya müdafiə edir. Tezliklə onun elmi rəhbəri, o vaxtlar kafedraya rəhbərlik edən, dünya şöhrətli alim, professor V.V.Boqaçov Ə.Əsgərovu

kafedraya müəllim qəbul edir və o burada Azərbaycan dilində müharizələr oxuyur. Getdikcə onun pedaqoji fəaliyyət dairəsi genişlənir. Ə.Əsgərov 1940-1949-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunda, 1946- 1953-cü illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda, 1954-1956-ci illərdə Azərbaycan Sənaye İnstitutunda mühazirələr oxuyur. Onun pedaqoji ustalığı və yüksək peşəkarlığı nəzərə alınaraq 1945-ci ildə SSRİ ali təhsil nazirliyi

tərəfindən ona M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin geologiya fakültəsinin decani akademik Y.M.Sergeyevlə birlikdə İttifaqın geologiya fakültələri üçün standart tədris planı və ümumi geologiya, hidrologiya və mühəndis geologiyası kursları üzrə proqramlar hazırlamaq həvalə olunur. Bundan əlavə, onun tərəfindən 5 metodiki vəsait, həmçinin Azərbaycan dilində «Hidrogeologiya» dərs vəsaiti yazılmışdır. Əziz Əsgərov pedaqoji fəaliyyətini elmi fəaliyyəti ilə uğurla əlaqələndirirdi. Onun tərəfindən Azərbaycan mineral sularına həsr olunmuş 3 monoqrafiya, bir dərslik, 6 elmi-populyar kitabça və yüzlərlə elmi və elmi-populyar məqalə yazılıb nəşr edilmiş, universitet, respublika və ümumittifaq əhəmiyyətli müxtəlif konfranslarda və forumlarda onlarla məruzələr olunmuşdur. 1948-1950-ci illərdə onun tərəfindən bu gün ən kamil hesab olunan mineral suların təsnifatı işlənib hazırlanmışdır. 1949- cu ildə Ə.Əsgərov M.V.Lomonosov adına MDU

geologiya fakültəsinin ixtisaslaşdırılmış şurasında «Azərbaycanın mineral mənbələri» mövzusu üzrə doktorluq dissertasiyasını müdafiə edir. Professor

Ə.Əsgərov heç vaxt kabinet alimi olmayıb. 1933- cü ildən başlayaraq 1985-ci ilədək o, hər il sahə ekspedisiyalarına rəhbərlik etmişdir. Onun bütün sahə ekspedisiya işlərinin nəticələri çoxcildli hesabatlarında öz əksini tapmış və Azərbaycan Respublikasının Geologiya və Mineral Ehtiyatları Dövlət Komitəsinin ərazi geoloji fondunda qorunub saxlanılır. Ə.Əsgərovun rəhbərliyi altında aparılan geoloji sahə işləri və elmi tədqiqatlar Azərbaycanda istirahət

zonalarının tikilməsinin inkişafına böyük təkan vermişdir. Onun şəxsi təşəbbüsi ilə respublikada 100- dən çox sağlamlıq ocağı yaradılmış və mineral suların doldurulması zavodları tikilmişdir. Ə.Əsgərovun xidmətləri Qırmızı Əmək Bayrağı ordeni ilə, onlarla medalla, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları ilə, Ümumittifaq Həmkarlar ittifaqı kurort idarəsinin döş nişanı ilə, müxtəlif nazirliklərin və hərbi təşkilatların 60 fəxri fərmanı ilə qiymətləndirilib. 1979-cu ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə ona dövlət mükafatı və üç (Badamlı, Sirab, Vayxır) qiymətli mineral suların yataqlarının ilk kəşf edicisi  diplomu verilmişdir. Professor Əziz Əsgərov aparıcı

mütəxəssislərdən biri kimi yalnız Azərbaycanda tanınmamışdır. L.P.Karpinskinin və V.İ.Vernadskinin tələbələri və davamçıları M.V.Lomonosov adına  MDU hidrogeologiya kafedrasının müdiri professor

O.K.Lanqe, geologiya elmində tanınmış S.A.Bektaşi, İ.K.Raviç, N.İ.Tolstixin, V.M.Şıts, M.İ.Vrublevskiy və başqa alimlərin əsərlərində onun əməyi yüksək

qiymətləndirilmişdir. Onu haqlı olaraq Azərbaycan hidrogeologiyasının patriarxı adlandırırlar. 1992-ci ildə xalq qarşısındakı və elmin zənginləşdirilməsində ki, xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən görkəmli alimin 85-illik yubileyinə həsr olunmuş təntənəli mərasimlər keçirilmişdir. Əziz Əsgərov 1993-cü ildə vəfat edib və Bakı şəhərində dəfn olunub. Dərbənddə onun anadan olduğu və yaşadığı evin  qarşısına xatirə lövhəsi vurulmuşdur.