Artıq 22 ildir ki, fevral ayının 21 Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. Bu il də həmin gün Dərbənd şəhərinin və rayonunun OÜM -də böyük təntənə ilə təşkil olunmuşdur. Belə tədbirlərdən biri də Muğartı kənd orta məktəbində keçirilmişdir. Azərbaycan dili və ədəbiyyat müəllimi Vasif Məhəmmədovun hazırladığı “Doğma dilə sevgilərlə” ədəbi-kompozisiya toplaşanların alqışlarına səbəb olmuşdur. Bu kompozisiya bir daha Vasif müəllimin doğma dilə bəslədiyi sonsuz sevgini təsdiq etdi.
Tədbirdə dahi şəxsiyyətlərin dil haqqında dəyərli fikirləri, hikmətli sözləri səsləndirilmiş, B.Vahabzadə, T.Bayram, B.Azəroğlu, V.Kəhrizlinin və başqa şairlərin doğma dilə həsr etdikləri şeirlər ifa olunmuş, eləcə də milli rəqslər və maraqlı səhnəciklər göstərilmişdir. Çıxış edən şagirdlərin ifasından təşkilatçıların bu tədbirə vaxtında və məsuliyyətlə yanaşdığı hiss olunurdu. Onu da qeyd edim ki, Vasif Məhəmmədov çox bacarıqlı və məsuliyyətli pedaqoq, səmimi və təvazökar insandır. Artıq 27 ilə yaxındır ki, məktəbdə çalışır və Azərbaycan dilini sevə-sevə şagirdlərinə öyrədir. O, 1992-1997-ci illərdə Bakı Dövlər Universitətində təhsil alıb. Bu illər ərzində onun yetirmələri rayon və respublika müsabiqələrində mükafatlı yerləri tutublar.
Tədbirlə əlaqədar Vasif müəllimlə söhbətləşdik. Söhbət əsnasında əsas diqqət dilimizin məktəb şagirdləri arasında sevilməsi üçün müəllimlərin əllərindən gələni etdiklərinə, doğma dilə qayğıya yönəlmişdir.
Vasif müəllim Beynəlxalq Ana Dili Gününə həsr olunmuş bu tədbirə həm özünün, həm də şagirdlərinin böyük həvəslə çalışdığını qeyd edərək dedi:- Zənnimcə Azərbaycan dili ən gözəl, ən incə və ən asan dildir. Bu dil hamar səs və qramatik quruluşun sabitliyilə xarakterizə olunur, yüksək yazı mədəniyyətinə malik olaraq söz ehtiyyatımızı daim zənginləşdirir. Ana dili hər bir millətin milli və mənəvi sərvəti, mədəni irsidir. Bəzən görürsən ki, cavanlar ölkəmizin müxtəlif regionlarına işləməyə və ya oxumağa gedir. Onlar qayıdıb məzuniyyətə və yaxud tətilə gələrkən görüşüb hal-əhval tutursan, sənə ana dilində cavab vermirlər. Amma bu düzgün deyildir. Digər dili də bilmək lazımdır. Lakin bunun müqavilində dürüst deyildir. Çünki ana dili bizim bu günümüz, sabahımız və gələcəyimizdir. Azərbaycan dilində dünya ədəbiyyatı xəzinəsinə daxil olan əvəz olunmaz əsərlər vardır. Buna görə şəxsən mən həmişə fəxr edirəm. Bu dil bütün dünya azərbaycanlılarının həmrəyliyinin pozulmaz binövrəsidir və fərqi yoxdur, istər Dağıstanda, istərsə də lap Amerikanın özündə yaşasın, onu qoruyub saxlamaq hər bir azərbaycanlının müqəddəs borcudur.
Vasif müəllimin söylədikləri mənim ürəyimdən xəbər verirdi. Həqiqətən də biz dilimizi qorumalı, onu qəlbən sevməliyik. Bizim ana dilimiz milli şüurun, milli-mənəvi dəyərlərin layiqli bir varlığını və inkişafını təmin edir. Bir də ki, keçmişini unudanın, gələcəyi olmaz,-deyib ulularımız. Hörmətli oxucular, mən Sizə ürəyi şeirlə, nəğmə ilə, yazıb-yaratmaq eşqilə döyünən Vasif müəllimin ana dilinə həsr etdiyi “Mənim dilim” şeirini ərməğan edirəm.
Vasif Məhəmmədov Ana Dilim
Sən ana südü ilə hopdun ruhuma,
Mənim doğma dilim, mənim can dilim.
Sən qol-qanad verdin hər bir arzuma,
Mənim ana dilim, mənim can dilim.
Mən səndə tapmışam öz mənliyimi,
Gürurum, aqidəm, öz məsləkimi.
Ruhuma həkk olmuş öz kimliyimi,
Mənim ana dilim, mənim can dilim.
Necə məlahətli, necə şirinsən,
Gör necə mənalı, necə dərinsən.
Sən özgənin deyil, təkcə mənimsən,
Mənim ana dilim, mənim can dilim.
Nəsildən-nəsilə yol gələn dilim,
Döyüşən Mübariz, yenilməz dilim.
Səninlə fəxr edir Türküstan elim,
Mənim ana dilim, mənim can dilim.
Üzeyir nəğməli, bülbül avazlı,
Türkcələr içində işvəli, nazlı.
Daim yaşayasan baharlı, yazlı,
Mənim ana dilim, mənim can dilim.
Şəninə nə qədər söz desən azdı,
Dahilər bu dildə dastanlar yazdı.
Bil, sənsiz hər anım qışdı, payızdı,
Mənim ana dilim, mənim can dilim.
AMALİYA AĞAKİŞİYEVA