40 İL XALQIN XİDMƏTİNDƏ “DANIŞIR MAHAÇQALA!”


Dağıstan radiosunun yaranması günü 7-noyabr 1927-ci ildən “ALLO! ALLO! Danışır Mahaçqala ” –sözləri ilə başlanıb. 1931-ci ildə Radio Verilişləri Komitəsi təşkil olunub. 1960-ci ilin oktyabrında Dağıstan televiziyasının verilişlərə başlanması ilə əlaqədar Dövlət Televiziya və Radio Komitəsi yaradılıb. Dağıstan radiosu yarandığı gündən respublikanın mədəni mərkəzinə çevrilib. Burada 1931-ci ildə simfonik orkestri, 1938-ci ildə isə xalq alətləri orkestri və 1971-ci ildən estrada ansamblı yaradılmışdır.
Hazırda Dağıstan radiosu 14 milli dildə, o cümlədən Azərbaycanca verilişlər aparır.
Məhz Dağıstan respublikasında televiziya və radio verilişləri içərisində Azərbaycan dili radiosunun öz rolu, öz yeri vardır. 1982-ci ilin aprelində “ Danışır Mahaçqala! ” “ Sabahınız xeyir, əziz radio dinləyəciləri!” sözləri ilə diktorun səsi respublikanın şəhər və kəndlərində eşidilib.
İndi o vaxtdan 40-il keçir. Bu müddət ərzində Azərbaycan dilində saysız-hesabsız radio və son illərdə həm də televiziya verilişləri hazırlanıb efirə verilmişdir.
Mikrofon qarşısında Dağıstan azərbaycanlılarının və respublikanın tanınmış adamları : dövlət, siyasi-ictimai, xadimlər, şairlər, yazıçılar, qonaqlar, sənaye müəssisələrinin, kənd təsərrüfatının, elm, təhsil, mədəniyyət, incəsənət və bir çox başqa sahələrin nümayəndələri çıxış etmiş, maraqlı məqalələr, zarisovkalar, radioreportajlar, oçerklər və s. materiallar səsləndirilmişdir.
“ Narınqala ” informasiya, “ Gülüstan ” ədəbi- musiqili , “ Şahin ” uşaq verilişləri dinləyicilərin xüsusi marağına səbəb olmuşdur.
Azərbaycan dili redaksiyası həmişə dinləyəcilərin hüquq və mənafelərinin müdafiəsi və tərbiyəsi kimi çıxış edib. Milli – mənəvi dəyərlərimizin qorunması, xalqlar dostluğunun tərənnümü, respublikanın sosial-iqtisadi inkişafı radionun əsas mövzuları olub.
Təsadüfi deyil ki, Azərbaycan dili radiosu səmərəli işinə görə Dağıstan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılmış , bir neçə əməkdaşı isə respublikanın fəxri adlarına və fərmanlarına layiq görülmüşdür.
Radionun belə şərəfli yol keçməsində müxtəlif illərdə onun redaktorları olmuş Yavər İbrahimov, Tahir Hacəliyev (Tahir Saleh), Firuzə Şərifova və hazırda bu vəzifəni daşıyan, cəfakeş Zöhrə Musayeva haqqında ancaq xoş sözlər demək olar. Onların böyük əməyi sayəsində redaksiyada gözəl kollektiv formalaşmış, Azərbaycan dili verilişləri respublikamızda şöhrət qazanmış və zamanın sərt sınağından alnı açıq çıxmışdır.
Mən bu gün qürur hissi keçirirəm ki, uzun müddət bu redaksiyaya rəhbərlik etmişəm. Əməkdaşlarımız həmişə işgüzarlıq göstərmiş, səmərəli çalışmışlar. Minlərlə azərbaycanlı dinləyicisinə mənəvi qida vermiş və onların öz sözünü deyə bilməsi üçün meydan yaratmışlar.
Hazırda da redaksiyanın verilişlərində Dağıstan azərbaycanlılarının qayğı və problemlərindən, elm, təhsil, mədəniyyət, ədəbiyyatdan, həyatımızın, məişətimizin müxtəlif sahələrində çalışan sadə peşə adamlarından, onların dostluğundan bəhs edən inandırıcı materiallar, reportajlar, zarisovkalar, oçerklər səsləndirilir. Bu verilişlərdə hər dəfə yeni-yeni yaradıcılıq cizgiləri tapılır və buna çox sevinirəm.
Qeyd etmək istəyirəm ki, bu gün redaksiyada çalışan zəhmətkeş jurnalist, redaktor Zöhrə Musayeva və başqa əməkdaşlar yaradıcılıq axtarışları aparmaqdan yorulmurlar . Onlar dilimizi, adət — ənənələrimizi təbliğ etməkdə məktəb rolunu oynayırlar. Hər bir verilişdə dinləyicilərlə və tamaşaçılarla açıq danışır, informasiyaların dəqiqliyinə, həqiqiliyinə nail olurlar.
Azərbaycan dili radiosunun 40-illik yubileyi təkcə redaksiya işçilərinin deyil, bütün Dağıstan azərbaycanlılarının bayramıdır. Heç şübhəsiz ki, radiomuz bundan sonra da xalqın sözünü deməyə çalışacaqdır.
Əziz həmkarlarım! Sizi – yaradıcı kollektivinizi, doğma Azərbaycan dilində radiomuzun 40-illiyi münasibətilə ürəkdən təbrik edir və işlərinizdə yeni-yeni uğurlar arzulayıram.
Bayramınız mübarək!
Tahir Saleh