Istər şəxsiyyət olsun, istərsə də adicə bir insan olsun, onun haqqında danışanda, nə isə yazanda ilk olaraq onun doğulub tərbiyə aldığı ailə mühitinə diqqət yetirmək məncə düzgün olardı. Odur ki , Dağıstanın xalq artisti, iki xalqın nəğməkar qızı Düriyyə Rəhimovanın və Dərbənddə Azərbaycan Xalq Teatrının yaranmasında gərgin əməyi olan insan- Dağıstanın əməkdar artist, istedadlı rejissor Nəsir Haşımoğlunun ailəsində tərbiyə almış respublikamızın əməkdar mədəniyyət işçisi, Dərbənd Azərbaycan Dövlət Dram Teatrının quruluşçu rejissoru, teatr aləmində öz sözünü deyən və teatr rejissorları arasında öz dəsti -xətti ilə seçilən Yaqut Xandadaşova sözün əsl mənasında valideynlərinin yolunu davam etdirmişdir. Zənnimcə sevdiyi peşənin əsl vurğunu olan belə bir insan haqqında xoş sözlər söyləmək bütün qədr bilən insanların, o cümlədən mənim də borcumdur.
Yaqut xanım mənim nəzərimdə zəhmətkeş, çətinliyə qatlaşmağı bacaran bir insandır. Rejissor işi həç kəsə sadə görünməsin. Həmişə yazmaq — pozmaq, rolları bölüşdürmək, kimin hansı rolun öhdəsindən necə gələ biləcəyini hiss etmək lazımdır. Onun bu sahədə olduqca dəyərli xidmətləri vardır. O, çox gözəl və maraqlı həmsöhbətdir. Bu yaxınlarda onunla görüşdük. Çay süfrəsi arxasında söhbətimiz olduqca maraqlı və səmimi keçdi.
-Yaqut xanım, əgər mümkünsə həyatınız , yaradıcılığınız haqqında danışın.
-Böyük məmnuniyyətlə. Azərbaycanda Quba şəhərində doğulmuşam. 2 saylı orta məktəbi bitirdikdən sonra Bakıda M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət Institutuna daxil olmuşam. Mənə xalq artisti Həsrət Quliyev və əməkdar artist Vaqif Əliyev sənətdən dərs deyiblər.
Aktyorluq fəaliyyətinə N.Haşımoğlunun başçılıq etdiyi Azərbaycan xalq teatrında başlamışam və bir çox rolların ifaçısı olmuşam. 1998-ci ildə xalq teatrı yenidən Azərbaycan Dövlət Teatrı statusu alır. Təəssüf ki, N. Haşımoğlu 1967 -ci ildən xalq teatrının yaradıcısı bu günü görmür. 2000-ci ildən teatrın həm aktrisası, həm də quruluşçu rejissoruyam. Hazırladığım müxtəlif mövzulu tamaşalar tamaşaçıların rəğbətini qazanıb. Bir aktrisa kimi 40-dan çox rol oynamışam.Yaratdığım obrazlara görə çoxlu mükafatlara layiq görülmüşəm.2015-ci ildə Moskvada Kreml sarayında,2016 -cı ildə Bakıda H.Əliyev sarayında, 2017-ci ildə Nalçikdə keçirilən «Dağıstan günləri”nin iştirakçısıyam.2008-ci ildən RD Teatrlar Ittifaqının üzvü, 2001 — dən isə əmək veteranıyam.
-Yaqut xanım, bizə məlumdur ki, ötən il KOVİD 19 -un qoyduğu məhdudiyyətlərə baxmayaraq tamaşaçıları intizarda qoymamısız.
-Bəli Amaliya qızım, düz deyirsən, virusa görə 2020-ci ildə mədəni -kütləvi tədbirlər ləğv edildi.Bu hadisə Novruz bayramı ərəfəsində baş vermişdir.Biz Novruza çox gözəl hazırlaşmışdıq. Amma nə etməli, ruhdan düşmək olmazdı. Dağıstanın Mədəniyyət Nazirliyi milli teatrların və bədii kollektivlərin onlayn afişasını təqdim etdi. Teatr sevənlərimiz tamaşalarımıza yutub kanalında onlayn rejimində baxa bilərlər.
Böyük Qələbəmizin 75 illik yubileyinə də çox gözəl hazırlaşmışdıq.
«Qələbə mahnıları «, «Qələbə valsı” may ayının sonunadək davam etdi. Əlbəttə ki, bu çıxışlarda teatrımızın aktyorları da çox fəal iştirak etdilər.
-Keçən il «Dağıstanı vəsf edənlər» üçüncü respublika teatr festivalında birinci yeri qazandığınızı eşidəndə çox sevindik. Bəs buna necə nail oldunuz?
- Festival müsabiqə 2016 -cı ildən bəri hər iki ildən bir keçirilir. Tamaşalar Dağıstan haqqında yazıb-yaradan şairlərin həyat və yaradıcılığına həsr olunur. Beləliklə, 2016-cı ildə Azərbaycan teatrı mənim quruluşumda «Sənin və mənim Dağıstanım» adlı musiqili -ədəbi kompozisiya ilə çıxış etdi. Kompozisiya şair-jurnalist Nəriman Ağasiyevin yaradıcılığına həsr edilmişdi. O vaxtda uğur qazandıq. Teatrımızın aktyoru Hörmət Aslanov RF Teatr Xadimləri Ittifaqının həvəsləndirici mükafatına layiq görüldü. Bu dəfə isə kompozisiyanın ssenarisini Azərbaycanın xalq şairi Nəbi Xəzrinin dostu, Dağıstanın xalq şairi Rəsul Həmzətov haqqında yazısı əsasında hazırlamışdım. Sağ olsunlar, aktyorlarımız və aktrisalarımız. Nəticə göz qabağındadır, «Dostum haqqında söz» ədəbi-poetik kompozisiyasına görə birinci yeri aldıq.
-Yaxşı yadımdadır, bir vaxtlar sizin quruluş verdiyiniz «Kimdir müqəssir?» tamaşası dərbəndlilər arasında çoxlu müzakirələrə səbəb olmuşdur. Hamı bu tamaşanın ibrətamiz olduğundan danışırdı.
-Müəllifi H.Salixov olan «Kimdir müqəssir? » dərs dediyim aktyorluq fakültəsinin tələbələrinin diplom işi idi. Və əsrimizin bəlası olan saysız -hesabsız ailələrin dağılmasına səbəb olan narkomaniyanın dəhşətlərindən bəhs edirdi.
-Bəs gələcək planlarınız? Bizə məlumdur ki, siz balacalar üçün də nağıl-tamaşalar hazırlayırsınız.
-Hər il böyük məmnuniyyətlə körpələrimizi sevindiririk. «Dovşanın evi «, «Qırmızı papaq «, «Alyonuşka və İvanuşka » və s . uşaqlar tərəfindən böyük sevinclə qarşılanır. Uşaq tamaşalarını rus dilində hazırlayırıq. Hazırda M.Atmurzayevin müəllifi olduğu «Çestnoye slovo” o nağılının son məşqləri gedir.
-Geriyə dönüb keçdiyiniz həyat yoluna baxdıqca nə düşünürsünüz və hansı arzularınızın həyata keçməsini istərdiniz?
-Hər hansı bir insan həyatında iz qoyub gedir. Mən də geriyə dönüb keçdiyim həyat yoluna nəzər saldıqca fikirləşirəm ki, görən xalqıma, millətimə bir dəyərim olubmu, Vətənimə layiqli övlad ola bildimmi?
50 il mədəniyyət və incəsənət sahəsində çalışaraq, oynadığım 40 -a yaxın rolum, 30-dan artıq quruluş verdiyim tamaşa, ədəbi kompozisiyalar, bayram şənlikləri, yubiley gecələri, saysız-hesabsız kütləvi tədbirlərim, ssenarilərim, tərcümələrim var. Nailiyyətlərim, mükafatlarım da var. Bilmirəm, bütün bunlar çoxdu ya azdı. . .
Ömür keçir. Yaşamağa tələsirəm. İrəlidə çox işlər var. Ən böyük arzum Azərbaycan teatrının tikilməsi və onun səhnəsində tarixi bir drama əsasında quruluş verəcəyim tamaşanın premyerasını görməkdir.
-İnşallah, onu da görərsiniz Yaqut xanım. Arzularınız çin olsun! Mən Sizə və teatrın bütün kollektivinə can sağlığı, böyük tamaşaçı kütləsi arzulayıram.
AMALİYA AĞAKİŞİYEVA