DƏRBƏNDDƏ MƏHƏMMƏD ƏLİ MİRZƏ KAZIM — BƏYƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA

İyulun 22-də  Dərbənd şəhərinin  Mərkəzi Kitabxanasında  “ Məhəmməd Əli Mirzə Kazım-Bəy  (1802-1870) və onun  Dərbəndi. Rusiya  şərqşünaslığının uzun səyahətin başlanğıcı ” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirin təşkilatçısı Dərbənd şəhər administrasiyasının mədəniyyət, idman, gənclər siyasəti  və turizm şöbəsidir.

Dəyirmi masada Dərbənd şəhər  başçısının müavini Vidadi Zeynalov, Dərbənd şəhər deputatlar məclisi   sədrinin müavini Eyvaz Əlixanov, Dərbənd  şəhər administrasiyası mədəniyyət, idman, gənclər siyasəti  və turizm şöbəsinin rəisi  Samilə Nəcəfova, Dərbənd dövlət tarix, memarlıq və incəsənət  qoruq  muzeyinin baş elmi işçisi Hüseynbala Hüseynov,  YUNESKO-nun nümayəndəsi  Gülçöhrə Seyidova, Dədə-Qorqud Fondunun sədri Rafiq Mövsümov, Dərbənd  azərbaycanlıları   milli- mədəni muxtariyyətinin sədri  Telman Tahirli, Dərbənd ləzgiləri  milli- mədəni muxtariyyətinin sədri  Nizami Fətullayev, Dərbənd şəhər deputatlar  Məclisi sədrinin  köməkçisi Əsədulla Paşayev, Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvləri Fəxrəddin Oruc  Gəribsəs, Zeynəb Dərbəndli, Mirzə Kazım-Bəyin adını daşıyan   məktəb rəhbərliyi və müəllimləri, kitabxana işçiləri, gənclər  iştirak etmişlər.

 Tədbiri açan Samilə Nəcəfova  tədbir iştirakçılarını və qonaqları salamlayaraq, alim Mirzə Kazım-Bəyin Rusiya  şərqşünaslığında  banisi kimi görkəmli rolunu qeyd etmişdir. Sonra isə  Azərbaycan Dövlət Dram Teatrının aktyoru Sərxan Səmədovu və şairə Zeynəb Dərbəndlini səhnəyə dəvət  etmişlər. Onlar   qonaqlar üçün  Mirzə Kazım-Bəyə  həsr olunmuş musiqi kompozisiyası təqdim etmişlər.

Sonra isə tədbir iştirakçıları görkəmli alim-şərqşünasın həyat və yaradıcılığı haqqında qısa danışmışlar. Tədbirin sonunda   Mirzə Kazım-Bəyə  Dərbənddə abidə qoyulması üçün şəhər rəhbərliyinə müraciət   hazırlanması təklif edilmişdir.

Aşağıda Mirzə Kazım- Bəyin avtobioqrafiyasını təqdim edirik:

Mirzə Kazım bəy 1802-ci ildə Rəşt şəhərində anadan olub. O, 9 yaşında ikən anası ilə birlikdə Rəştdən Dərbəndə atasının yanına gəlib. Hələ uşaqlıqdan elmi biliklərə dərin maraq göstərən Kazım bəy atasının köməyi ilə müsəlman məzhəbinin tam kursunu bitirib, Azərbaycan, tatar, fars dillərini mükəmməl öyrənib. O, eyni zamanda ərəb, rus və türk dillərinə də dərindən yiyələnib. Kazım bəy 17 yaşında ikən özünün ərəb dilində “Ərəb dilinin qrammatikası təcrübəsi” adlı ilk əsərini yazıb.

1821-ci ildə Həştərxana gedən Mirzə Kazım bəy Şərq ölkələrinə getmək və təhsilini başa çatdırmaq istəyirdi. O, Həştərxanda qaldığı dörd il ərzində ingilis, fransız, alman və qismən yəhudi dillərini öyrənib.

Kazım bəyi 1824-cü ildə Avropa elmlərini mükəmməl öyrənməsi üçün İngiltərəyə dəvət edirlər. Lakin rus hakim dairələri bu təklifin həyata keçməsinə imkan vermir. Bunun əvəzində Rusiya imperiyasının xüsusi sərəncamı ilə Kazım bəy Omska tatar dili müəllimi olaraq göndərilir. 1826-cı ilin əvvəlində Omska gedərkən yolda ağır xəstələnən Kazım bəy Kazanda dayanmaq qərarına gəlir Burada Kazım bəy Kazan Universitetinin rektoru, professor K.Fuksla tanış olur. Kazım bəyin istedadından heyrətə gələn K.Fuks onu şəhərin çox görkəmli adamları ilə tanış edib. Kazım bəy 1826-cı ilin oktyabrında Kazan alimlərinin xahişi ilə ərəb-fars dilləri üzrə lektor (baş müəllim) təyin olunub.

Kazım bəy 26 yaşında ikən London Kral Asiya cəmiyyətinin həqiqi üzvü seçilib. İki il keçdikdən sonra fars dilində ərəb filologiyasına dair əsərinə görə Şərq dilçiliyi magistri dərəcəsi alıb. Sənədlərdən məlum olur ki, Kazım bəy universitetə lektor təyin olunanda rus dilini heç bilmirdi. Ona görə də rus dilini əsaslı şəkildə öyrənmək vəzifəsini qarşıya qoyan Kazım bəy çox keçmədən mühazirələrini rus dilində oxumağa başlayıb. O, eyni zamanda Sədinin “Gülüstan” əsərini rus dilinə tərcümə edib və 1829-cu ilin sonunda tərcüməni başa çatdırıb. Kazım bəy Kazan Universitetində fəaliyyəti dövründə elmi-tədqiqat işləri ilə də ciddi məşğul olurdu. “Ərəb ədəbiyyatı haqqında mülahizələr” adlı əsərini tamamladıqdan sonra Krım xanlarının tarixinə həsr etdiyi “Əssab as-Səyyar, yaxud yeddi səyyarə” adlı əsəri də yazıb başa çatdırıb.

Mirzə Kazım bəy 1835-ci ildə isə Rusiya Elmlər Akademiyasına müxbir üzvü seçilib. 1849-cu ildə Sankt-Peterburq Universitetinin rəsmi dəvəti ilə Peterburqa gedən Kazım bəy orada fars dili ilə bərabər ərəb dilini də tədris edib.1850-ci ilin fevralında Rusiya Coğrafiya Cəmiyyətinin həqiqi üzvü seçilib, bir müddətdən sonra Şirvan və Dərbəndin qədim tarixinə dair “Dərbəndnamə” adlı çox mühüm əsərini nəşrə hazırlayıb. Təqribən 12 il ərzində ərsəyə gətirdiyi bu əsərində Kazım bəy təkcə ona məlum əlyazmalardan deyil, həm də Qərbi Avropa alimlərinin əsərlərindən də faydalanıb. Rusiyada və Qərbi Avropa ölkələrində geniş rezonans doğurmuş bu əsərə görə o, Peterburq Elmlər Akademiyasının çox nüfuzlu Demidov mükafatına layiq görülüb. Sonralar bu əsərə görə Kazım bəyə Britaniya kraliçasının qızıl medalı verilib. Alim 1839-cu ildə “Türk-tatar dilinin qrammatikası” dərsliyini çap etdirib.

1854-cü ilin oktyabrında Peterburq Universitetinin Şərq dilləri şöbəsi fakültəyə çevriləndən sonra Kazım bəy oranın ilk dekanı seçilib. Onun təklifi ilə bu fakültədə qədim ərəb, yeni ərəb, fars, osmanlı türkcəsi, Azərbaycan-türk, caqatay, monqol, kalmık, mancur, Çin, qədim yəhudi, yeni yəhudi, gürcü dili və ləhcələrinin tədrisi başlanıb. Kazım bəy Şərq dilləri fakültəsində əlavə olaraq xarici əlaqələr, siyasi-iqtisad, mülki hüquq və cinayət hüququ məsələlərinin, latın dilinin və pedaqogikanın tədrisinin aparılmasına nail olub.

Kazım bəy Peterburq Universitetində çalışmaqla kifayətlənməyib Hərbi Akademiyanın zabit heyəti üçün türk dilindən mühazirələr oxuyurdu. O, İmperator Hərbi Akademiyasında keçilən türk dili kursu üçün dərs vəsaiti də hazırlayıb və bu əsərinə görə ona növbəti dəfə Demidov mükafatı verilib.

Peterburqda Kazım bəy elmi fəaliyyətini daha da genişləndirib. O, həm türkologiyaya, həm də Şərqin tarixinə və onun dinlərinə dair əsərlər çap etdirib. Onlardan biri də 1854-cü ildə işıq üzü görən “Türk dili kursu üçün dərs vəsaiti” adlı əsəri idi. Əsərdə türk dilinin qısa qrammatik oçerki, Osmanlı imperiyasında müxtəlif xətlərlə yazılmış mətnlər, 6700-dən artıq rus sözlərinin tərcüməsi olan türk lüğəti verilib. Onun həmin il dərc etdirdiyi “Şərq dillərindəki sözlərə oxşar rus sözlərinin izahı” adlı məqalə rus lüğətində oriyentalizmlərin öyrənilməsi metodikasına həsr olunub.

Mirzə Kazım bəy 1868-ci ildə rus elmi dairələrində Türküstanın etnoqrafiyası, linqvistikası, numizmatika və epiqrafikasının öyrənilməsinə yönələn akademik hərəkata başlayır. Lakin dahi alimin ölümü ona ən böyük arzusu, mənsub olduğu və həmişə sadiq qaldığı türk millətinin həyati əhəmiyyətli vahid elmi-mədəni dəyərlər layihəsini həyata keçirməsinə imkan vermir.

Görkəmli alim 1870-ci ildə Sankt-Peterburqda dünyasını dəyişib.

                                                                                                     Hazırladı: Telman Tahirli