Dağıstanda keçiriləcək dağlıq  forumunun tarixi açıqlanıb

2025-ci il oktyabrın 1-dən 3-dək Dağıstan Respublikasında “Dağlıq ərazilərin davamlı inkişafı” II Beynəlxalq MDB Forumu keçiriləcək.

Builki dağlıq forumunun mövzusu “Dağlıq  ərazilərin davamlı inkişafı sahəsində ekoloji əhəmiyyətli qərarların qəbulunda bələdiyyələrin rolu” olacaq. Burada aparıcı alim və ekspertlər, MDB ölkələrinin dövlət orqanlarının nümayəndələri iştirak edəcəklər.

Ekspertlər dağlıq rayonların əhalisinin rifahının yaxşılaşdırılması, transsərhəd mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi, yerin təkindən istifadənin optimallaşdırılması yolları, ənənəvi və innovativ sənayelər arasında optimal balansın yaradılması, dağ turizminin inkişafı məsələlərini müzakirə edəcəklər.

Forumda, həmçinin dağlarda ətraf mühitin vəziyyətinə bələdiyyə nəzarəti, dağ landşaftlarında meşə örtüyünün azaldılması və səmərəli meşə idarəçiliyi arasında tarazlıq, iqtisadi artım və təbii sərvətlərdən səmərəli istifadə arasındakı fərqlər nəzərə alınmaqla dağlıq ərazilərin inkişafı məsələləri də nəzərdən keçiriləcək.

Xatırladaq ki, “Dağlıq ərazilərin  davamlı inkişafı” adlı ilk forum 2023-cü ilin oktyabrında Sankt-Peterburqda keçirilib. Qroznıda KIF-də keçirilən dəyirmi masa zamanı çıxış edən Dağıstan Respublikası Hökumətinin sədri Abdulmuslim Abdulmuslimov növbəti Dağ Forumunun Dağıstanda keçirilməsini təklif edib.