Ana dili Allahın bizə bəxş etdiyi, ən müqəddəs ziynətdir. Ana dili hər bir millətin mənliyi, kimliyidir. Mənim doğma ana dilim də, mənim namusum, mənim adım, mənim kimliyim və qürurumdur. Mən bir şairə olaraq, öz dilimə bir çox şeirlər yazmışam, hətda mahnım belə var.
Mənim dilim
Anaların laylasıdır,
Elmin dərin dəryasıdır,
Allahın nur duhasıdır,
Mənim dilim.
Həm qolumdur, qanadımdır,
Ruhum, canım, həyatımdır,
Tariximdir, soy adımdır,
Mənim dilim.
Bizə qürur, dəyanətdir,
Həm namusdur, həm şöhrətdir,
Dədəmizdən əmanətdir,
Mənim dilim.
Çox varlıdır, dövlətlidir,
Hər ölkədə hörmətlidir,
Dünya boyda sərvətlidir,
Mənim dilim.
Bir sözün min mənası var,
Adı gəzir diyar-diyar,
Ana kimi layla çalar,
Mənim dilim.
Zeynəb sənlə qidalanır,
Dünyanı gəzir dolanır,
Dastanlarda dalğalanır,
Mənim dilim.
Mən bu mahnı ilə, sanki öz doğma ana dilimə laylay çalıram. Qarşıdan qışın ən naxışlı fevral ayı gəlir. Fevralın 21-i, ana dili günüdür. Bu münasibətlə doğma Dağıstanımızın hər bir yerində tədbirlər, müsabiqələr, poeziya gecələri keçiriləcək. Bizim dağ vüqarlı Dəmirqapı Dərbəndimizin də bütün təhsil ocağları bu tədbirlərə hazırlaşır. Ana dili o qədər şirindir ki, bu dildə səslənən laylay belə azan səsinə bənzəyir. Daha bir şeirimi sizlərə təqdim edirəm.
Ana dilim
Sən elmsən, sən dahisən,
Müqəddəssən, İlahisən,
Bütün dillərin şahısan,
Dərdimə dərman a dilim,
Ana dilim.
Anam qədər əzizimsən,
Dilimdə gəzən sözümsən,
Sən elə mənim özümsən,
DoĞma dilim, can a dilim,
Ana dilim.
Laylam başlayır səninlə,
Ucalırsan ayla, günlə,
Hər söz şirindir dilimlə,
Mənə Anasan a dilim,
Ana dilim.
Zeynəb də baş əyir sənə,
Hər an gəlirəm səcdənə,
Ən böyük tarixsən mənə,
Ən böyük dastan a dilim,
Ana dilim.
Ana dili haqqında yazılan yazıları dastanlar, kitablar tutmaz. Çünki bizi biz olaraq dünyada ayaqda tutan, doğma ana dilimizdir.
Ana dilimizjn ölməməyi üçün də, dilimizin qorunub saxlanması üçün ilk öncə ailələrjmizdən başlamalıyıq. Uşağa ilk kəlməni ana dilində demək, nağılı ana dilində söyləmək, düşünməyi də ana dilində öyrətməy lazımdır. Gəlin ana dilimizi qoruyaq, mənim dilim, mənim kimliyimdir.
Z. Dərbəndli
Ştatdankənar müxbir