Yazımı Dərbəndin tanınmış şairi Zeynəb Dərbəndlinin bir şeiri ilə başlamaq istədim. Zeynəb xanım bu şeirdə, öz doğma ana dilini, bütün dillərin şahı adlandırır. Ona görə, yazıya girişi, o şeirlə başladım.
Ana dilim
Sən elmsən, sən dahisən,
Müqəddəssən, İlahisən,
Bütün dillərin şahısan,
Dərdimə dərman a dilim,
Ana dilim.
Anam qədər əzizimsən,
Dilimdə gəzən sözümsən,
Sən elə mənim özümsən,
Doğma dilim, can a dilim,
Ana dilim.
Laylam başlayır səninlə,
Ucalırsan ayla, günlə,
Hər söz şirindir dilimlə,
Mənə Anasan a dilim,
Ana dilim.
Zeynəb də baş əyir sənə,
Hər an gəlirəm səcdənə,
Ən böyük tarixsən mənə,
Ən böyük dastan a dilim,
Ana dilim.
Fevralın 18-də Azərbaycan Dövlət Dram Teatrının kollektiv, başda teatrın direktoru DR əməkdar mədəniyyət işçis Firdousi Əskərov olmaqla.i Dərbənd rayonunun Bəlici kənd orta təhsil məktəbində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirdə iştirak ediblər. DR əməkdar artistləri Məhərrəm Ömərov, Mahir Məlikov, Sevda Bəybalayeva və şairə Zeynəb Dərbəndli öz gözəl ifaları ilə tədbirə, artistlər öz Azərbaycan milli geyimində tədbirin gözəlliyinə daha da gözəllik və rəng qatıblar. Şairlər Tahir Saleh, Fəxrəddin Oruc Qəribsəs, Mirzəbəy Həsənov, Naidə Ramazanova yaxın gələcəkdə ana dillərində şeirsevərləri sevindirəcək yeni kitablardan danışıblar.
Məktəb şagirdləri yerli şairlərin şeirlərini Dağıstan xalqlarının dillərində səsləndiriblər. Uşaqların mükəmməl hazırlanması və şeirləri sevə-sevə söyləmələri, bütün qonağları heyran edib. Gələcək nəslimizi öz doğma ana dilini sevdirməkçün, belə tədbirlərin tez-tez vaxtaşırı keçirilməsi vacibdir.
Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdousi Əsgərov, Gülüstan Beynəlxalq Yazıçılar Birliyinin prezidenti Tahir Saleh və Dərbənd Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri Telman Hacəliyev məktəbin şagirdlərini Beynəlxalq Ana Dili Günü münasibətilə təbrik ediblər. Ana dili insanın bir şəxsiyyət kimi formalaşmasında ən böyük rol oynayır. Həmçinin də ana dili hər bir xalqın mənliyi və kimliyidir.
Hər il bu günü möhtəşəm və yüksək səviyyədə keçirən. Dərbənddə və Dərbənd rayonunda yaşayan xalqların nümayəndələrini bir araya gətirən MBOU-nun Bəlici kənd tam orta məktəbinin direktoru Abuş Hacıyev “Xalqlar Dostluğu” medalı ilə təltif edilib. Bundan əlavə
Volqoqrad Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti tərəfindən təsis edilmiş və Dağıstan xalqları arasında dostluğun və harmoniyanın möhkəmlənməsinə mühüm töhfə olan Beynəlxalq Ana Dili Gününə həsr olunmuş bayramın təşkilinə görə Diplomla təltif edilmişdir.
Bundan əlavə tədbirdə ləzgi, tabasaran mədəniyyətinin nümayəndələri də, öz mahnı və şeirlərini ərməğan etdilər. Məktəbin kollektivi direktor Abuş müəllim və Nərgiz Hacıyeva başda olmaqla qonaəları bayram abuhavası ilə qarşılamışdılar. Ana dili bayram tədbirinin sonunda, qonaqlar üçün milli mətbəx, şirniyyatlar və çay süfrəsi təşkil olunmuşdu. Qeyd edək ki, 1999-cu ildə YUNESKO-nun Baş Konfransının 30-cu sessiyasının qərarı ilə təsis edilmiş Beynəlxalq Ana Dili Günü hər il fevralın 21-də qeyd olunur.
Bir daha, «Ana dili» bayramınız mübarək əziz Dağıstan xalqları. Dil bizim kimliyimiz, mənliyimiz, soyumuz, kökümüzdür. Gəlin öz varlığımızı qoruyaq, dili olmayan xalq, xalq sayılmır. Övladlarımızı ana laylası ilə böyüdək, çünki dil laylaydan başlanır. Uşağın ilk duyduğu səs, ana laylasıdır.
M. Seyidov