Dilimiz kimliyimizdir

Fevral ayının 21-i, doğma ana dilləri günüdür. Bu münasibətlə Dağıstanın hər bir bölgəsində, ana dilinə həsr olunmuş tədbirlər, müsabiqələr keçirilir. Dağıstan Respublikası ən varlı respublikadır, onun qocağında neçə-neçə millətlər yaşayır. Hər millətin öz adət ənənəsi, öz mədəniyyəti, öz doğma dili var. Dili, mədəniyyəti olmayan bir xalq, yer üzündə yox kimidir. Dil bizim kimliyimiz, varlığımız, hər şeyimizdir. Nəyin bahasına olursa olsun, hər millət öz dilini qoruyub saxlamalıdır. Dilimizin qorunub saxlanılması da, ilk olaraq ailələrimizdən başlamalıdır.


Yanvarın 30-da, həm qədim Dərbənd şəhərinin, həm də Dərbənd rayonunun təhsil şöbələrinin təsisi ilə, «Ən yaxşı qıraətçi» ana dilləri üzrə müsabiqə keçirilib.
Dərbənd rayonunun Gecux kəndinin orta məktəbində rayon szrə, müsabiqə keçirildi. Müsabiqədə rayonun 12 kəndindən şagirdlər iştirak edirdilər. 11-ci sjnif şagirdlərinin, öz dillərində şeir söyləmələri doğrudan da, sözün əsil mənasında təqdirə layiq idi. Artıq yeniyetmə dövrünün ən dərin çağlarında, uşaqların belə müsabiqələrdə iştirakı tərifə layiqdir. Amma bizləri daha çox sarsıdan, ilbəil müsabiqə iştirakçılarının azalmasıdır. İstər evdə, istər məktəbdə uşaqları öz doğma dilimizə cəlb etməliyik. Onlarda dilimizə, mədəniyyətimizə qarşı daha çox sevgi oyatmalıyıq.

Bu işdə yükü tək müəllimlərin çiyninə atmaq lazım deyil, gərək evdə valideyn də öz övladı ilə öz doğma dilində danışsın. Bu müsabiqədə yuxarıda qeyd etdiyim kimi, 12 şagird iştirak edirdi. O uşaqların 3-çü yer tutdu. 1-ci, 2-ci və 3-cü yer. Müsabiqədə iştirak edən şagirdlərin çoxu, şairə Zeynəb Dərbəndlinin şeirlərini səsləndirdilər. Gecux məktəbinin şagirdi, Gereyxanova Jasmina Zeynəb xanımın «Müharibə» şeirini söyləyərək həm özü ağladı, həm də orada olan hər kəsi ağlatdı və 1-ci yerin qalibi oldu. Rükəl və Sabnava kəndlərinin şagirdləri isə Rükəl kənd məktəbinin şagirdi Əlirzayeva Ariana Zeynəb Dərbəndlini şeiri ilə, Sabnava kəndinin şagirdi isə Fəxrətdin Qəribsəsin şeiri ilə 2-ci yeri tutdular.


Rayon üzrə münsiflər heyyəti, Dərbənd Rayon təhsil şöbəsinin mütəxəssisləri
Əliyeva Tamila, Ramazanova Mərziyə Davudova Zemfira Əhmədovna. Əliyeva Fatimə — uzun illər təhsil şöbəsində işləyib, təqaüdə çıxıb Hacıəhmədov Elnur Sabnava kənd orta məktəbinin Azərbaycan dili müəllimi və nəğməkar şairə Zeynəb Dərbəndli.
Dərbənd şəhər üzrə müsabiqə isə, Dərbənd şəhəri mərkəzi kitabxanada keçirildi. Müsabiqə iştirakçıları, gənc qiraətçilər bacardıqları kimi öz məharətlərini göstərdilər. Şəhər də də eyni problem, ilbəil iştirakçıların azlığı gözə çarpırdı.

Burada Azərbaycan dilində üç iştirakçı var idi. Onlardan ikisi Zeynəb Dərbəndlinin, biri isə Rəna Dərbəndinin şeirləri ilə çıxış etdilər. Hər üçü də 1-ci, 2-ci və 3-cü yerləri tutdular. Şəhər üzrə müsabiqənin münsiflər heyyəti Dərbənd şəhər mərkəzi kitabxananın direktoru Diana Əliyeva, Dərbənd şəhər təhsil şöbəsinin baş mütəxəssisi Seyidbikə Mirtayibova, Dərbənd şəhər Döyüş şöhrəti muzeyinin işçisi Gülpəri Mirzebalayeva, Rusiya və Azərbaycan yazıçılar birliyinin üzvü Azərbaycanlı şairə Zeynəb Dərbəndli, Tabasaran şairi Gilfuruz Xanəliyeva idilər.
Hər iki müsabiqə iştirakçılarına uğurlar, ana dili müəllimlərinə, bu çətin və cavabdehlik tələb olunan işdə səbr və dəyanət arzulayırıq. Bu gözəl müsabiqələrə isə, şairə Zeynəb Dərbəndlinin «Mənim dilim» şeiri ilə bəzək vermək istərdim.
Mənim dilim

Anaların laylasıdır,
Elmin dərin dəryasıdır,
Allahın nur duhasıdır,
Mənim dilim.

Həm qolumdur, qanadımdır,
Ruhum, canım, həyatımdır,
Tariximdir, soy adımdır,
Mənim dilim.

Bizə qürur, dəyanətdir,
Həm namusdur, həm şöhrətdir,
Dədəmizdən əmanətdir,
Mənim dilim.

Çox varlıdır, dövlətlidir,
Hər ölkədə hörmətlidir,
Dünya boyda sərvətlidir,
Mənim dilim.

Bir sözün min mənası var,
Adı gəzir diyar-diyar,
Ana kimi layla çalar,
Mənim dilim.

Zeynəb sənlə qidalanır,
Dünyanı gəzir dolanır,
Dastanlarda dalğalanır,
Mənim dilim.
H. Aslanov