Elimizə Novruz gəlir

Mart ayçnın 5-də, qədim Dərbəndimizin qocaman məktəblərindən biri olan №4 saylı orta məktəbdə ululardan ulu adətlərimizi əks etdirən Novruz bayramı qeyd olunub.

Bu gözəl bayramın gəlişi münasibətilə məktəbin ana dili və ədəbiyyat müəllimi Səlimə İsayeva və Dilarə Seyidovanın birgə hazırladıqları bayram tədbiri keçirilib. YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil etdiyi bu əsl ümumxalq bayramı Şərq xalqları üçün yazın gəlişini, təbiətin yenilənməsini, günəş xronologiyasına görə yeni ilin başlanğıcını simvolizə edir.
Dağıstanlılar üçün, xüsusən də Dərbəndlilər üçün bu bayram, ən parlaq və sevimli bayramlardan biridir. Dərbənd əhalisi həmişə, bu bayramı ənənəvi yeməklər, oyunlar, ritual tamaşalarla, Keçəl, Kosa ilə bərabər, bir-birlərinə hədiyyələr verməklə qeyd edirlər.
Bu tədbirdə də, bayramın gözəlliyini və onun uzaq tariximizdən bəri bizlərə gəlib çatan, əsl bəzəyi olan nazla, sazla, sözlə gələn Novruz Bayramının daimi və sevimli personajları Bahar qızı, Kosa və Keçəl olub. Onların bir-birləri ilə olan zarafat dolu deyişmələri tədbirdə şən bayram ab-havası yaradıb. Məktəbin şagirdləri gözəl bir musiqi proqramı ilə çıxış etmişlər, bu proqramda onlar məşhur “Arşın mal alan” komediyasından da daxil olmaqla, cürbəcür məzəli səhnəciklər göstərmiş, bahar və Novruz bayramlarına həsr olunmuş müxtəlif kompozisiyalar, mahnılar və rəqs nömrələri nümayiş etdiriblər.

Onlar Novruz bayramının gəlişini, təbiətin yeniləşməsini, sülhü, qarşılıqlı hörmət və həmrəyliyi simvolizə etməklə yanaşı, bu bayramın müxtəlif mədəniyyətlərin nümayəndələrinin bir-birini daha yaxından tanımasına şərait yaradılmasından, insanların bir araya gələrək, bu bayramın dostluğu necə tərənnüm etməsini göstəriblər. Ona görə də bu tədbirdə Azərbaycan dili ilə yanaşı, Tabasaran və ləzgi dillərində də şeirlər səsləndirildi. Bəs Novruz bayramı əsas atributsuz — onun gözəlliyi olmadan bayram süfrəsi necə ola bilər?! Novruzun əsas bəzəyi bərəkətli buğdadan cücərdilmiş səmənidir. Səmənisiz nə Novruz, nə xonça? Səlimə müəllimə və Dilarə müəllimə, bunu daha gözəl təmtəraqla etmişdilər. Tədbirdə çoxli səmənili, şəkərburalı, paxlavalı xonçalar da var idi.

Hələ xonçalarda yandırılmış şamlar, cürbəcür bər-bəzəklə bəzədilmiş, rənglənmiş yumurtalar, qoğallar və daha çox şey var idi. Və hər kəs bunlardan ləzzətlə dadırdı Tədbir çox gözəl, möhtəşəm və rəngarəng keçdi. Tədbirin sonunda məktəbin direktoru Heydər Ələkbərov, bu cür gözəl hazırlanan bahar bayramına görə məktəbin şagird və müəllim kollektivinə minnətdarlığını bildirib, onlara cansağlığı, firavanlıq və əminamanlıq arzulayıb. Sonra da, qonaq
lar bir-bir çıxış ediblər.

Azərbaycan Dram Teatrının direktoru Firdosi Əsgərov «Mən bugün burada, bu uşaqların çıxışına baxarkən böyük zövq aldım. Onların bu tədbirdə, ustalıqla şeir söyləmələri, səhnəcikləri oynamaları məni valeh etdi. Nə yaxşı ki varsınız uşaqlar, sizlər bizim gələcəyimizsiniz»-deyə öz çıxışında vurğulayıb.

«Novruz bayramı adət-ənənələrin, milli mənəvi dəyərlərin qorunub saxlanmasının və nəsildən-nəslə ötürülməsinin ən yaxşı yolu, bu gün məktəb şagirdləri tərəfindən canlı və təxəyyüllə nümayiş etdirilən canlı ənənədir. Mən bu gün bu məktəbdə, gələcəyin məşhur ola biləcək aktyorlarını gördüm. Bir rejissor olaraq da, mən buna çox sevindim»-deyə öz çıxışında Azərbaycan Dövlət Dram Teatrının rejissoru, DR əməkdar mədəniyyət xadimi Yaqut Xandadaşova qeyd edib.

“Yunanı Olimpiya Oyunları, yaponları albalı, tatarları Sabantuy bayramı olmadan təsəvvür etmək mümkün olmadığı kimi, Dərbəndlilərin həyatını da Novruz bayramı olmadan təsəvvür etmək mümkün deyil”, — deyə Mərkəzləşdirilmiş Kitabxana sistemlərinin direktoru Diana Əliyeva qeyd edib. Və eləcə də şən əhval-ruhiyyəyə görə digər fəxri qonaqların da gözəl çıxışları olub. «Dərbənd» respublika qəzetinin məsul katibi Ayna Məmmədova da, çıxış edərək bu gözəl və yadda qalan tədbirin hazırlanmasında məktəbin müəllim kollektivinə, xüsusən də Səlimə İsayevaya təşəkkür edib.

Tədbirdə Azərbaycan Dövlət Dram Teatrının Dağıstan Respublikası içtimai Palatasının eksperti Telman Hacıəliyev də təbrik ilə çıxış edib. Tədbirdə Azərbaycan Dövlət Dram Teatrının aktyorları, DR əməkdar artisti Mahir Məlikov və şairə, aktrisa Zeynəb Dərbəndlinin ifasında saz havası ilə canlı-canlı Azərbaycan xalq mahnısı «Sarı köynək» təqdim olunub. Zeynəb xanımın, gözəllər-gözəli Novruza həsr etdiyi ən yeni «Novruzumuz xoş gəlib» mahnısı da eksklyuziv səslənib. Məktəblilər doyunca rəqs ediblər. Bu tədbirdə Novruz bayramı ilə yanaşı, zərif qadınlarımızın da bayramı 8 mart bayramını da qeyd etdilər. Səlimə müəllimə hər şeyi öz qaydasında təqdim etməyi bacarır. Ona görə hər iki bayramı da, öz gözəllikləri və özəllikləri ilə mükəmməlcəsinə təqdim edə bildi. Bu bayramları, adət ənənələrimizi uşaqlarımızın dilində bizə çatdıra bildi.


Bir sözlə, Dərbənd şəhər 4 nömrəli tam orta məktəbdə Novruz bayramı hər kəsə mehriban hərarət və gözəl əhval-ruhiyyə bəxş etdi. Sonda, Səlimə müəllimə tədbirə gələn bütün qonaqlara təşəkkür edib, tədbir şirniyyatlarla dolu çay süfrəsi ilə yekunlaşıb.
Biz də «Dərbənd» respublika qəzeti olaraq, dəyərli və öz dilinin qoruyucusu olan Səlimə İsayevaya və öz dilini Dağıstandan kənarlarda da şagirdlərinin çıxışları ilə tərənnüm edən Dilarə Seidovaya. İlk öncə, ən önəmli olan can sağlığı, gələcək işlərində uğurlar arzulayırıq.
H. Aslanov