Gözəl insan ,dahi şəxsiyyət, ləyaqətli rəhbər-Əziz Əliyev

Əziz Əliyev — Azərbaycan xalqının görkəmli nümayəndələrindən biridir. O, lap əvvəldən qeyri-adi insan idi. Onun tərcümeyi-halına diqqət yetirək. İrəvanda rus gimnaziyasında təhsil almaq və oranı qızıl medalla bitirmək, gənc ikən kömək üçün milyonçu Hacı Zeynalabdin Tağıyevə müraciət etmək, ondan bu köməyi almaq və bütün dünyada məşhur olan hərbi tibb akademiyasında ali tibb təhsili almaq üçün Peterburqa getmək — gənclik illərində bunu heç də hər kəs bacarmazdı. Heç də hər kəs bu qədər məqsədyönlü ola bilməzdi.

Başqa sözlə, bu qeyri-adi, istedadı ilahidən gələn insan özünün məqsədyönlülüyü, fədakarlığı, zəhmətsevərliyi, biliklərə can atması sayəsində çox şey qazanmış, hərtərəfli insani keyfiyyətlər əldə etmişdir. O, həm həkim, həm alim, həm də səhiyyə təşkilatçısı idi. O, dövlət xadimi, nazir, çətin illərdə Azərbaycanın rəhbərlərindən biri, XX əsrin ən ağır illərində Dağıstanın birinci rəhbəri idi, Moskvada, sonra isə Azərbaycanda məsul işdə çalışmışdı. Ancaq eyni zamanda onun həyatı heç də asan keçmirdi, maneələrlə, çətinliklərlə, özünə qarşı edilən bir çox haqsızlıqlarla rastlaşırdı. Amma bunların hamısını aradan qaldırır və yolundan dönmürdü.
Bizim üçün xüsusi əhəmiyyəti olan odur ki, Azərbaycan xalqının oğlu Əziz Əliyev yüksək bacarığını, fayda vermək qabiliyyətini yalnız təkcə öz respublikasında, ölkəsində nümayiş etdirməmişdir. O, müharibə illərində İranda çox məsul işi uğurla yerinə yetirmiş, Dağıstanın rəhbəri kimi son dərəcə məsuliyyətli vəzifənin öhdəsindən çox gözəl gəlmiş, Moskvada — tərkibində yaşadığımız Sovetlər İttifaqı kimi bir dövlətin paytaxtında müvəffəqiyyətlə çalışmışdır.
Bizim xalqımız üçün bunun xüsusi əhəmiyyəti var, ona görə ki, xalqımız, Azərbaycanın ən yaxşı oğulları təkcə öz ölkəsində deyil, həm də başqa ölkələrdə, respublikalarda layiqli yer tuta bilir. Bu, hər bir azərbaycanlının qəlbində çox böyük iftixar hissi doğurur.
İkinci dünya müharibəsi bəşər tarixində ən ağır müharibədir. Böyük Vətən müharibəsi faşizmə, cəhalətə, təcavüzə qarşı müharibə idi. Faşizmə qarşı vuruşanlar, qələbənin təmin olunması işinə öz töhfəsini verənlər, öz fəaliyyəti ilə bu qələbənin çalınmasına kömək edənlər, şübhəsiz, ən yüksək qiymətə və ən yüksək hörmətə layiqdirlər.

Bəli, faşist qoşunları Sovet İttifaqına hücuma keçdikdən sonra qısa bir vaxtda çox irəliləmiş və Qafqaz dağlarının ətəklərinə, Dağıstanın həndəvərinə çatmışdılar. Dağıstan istisna olmaqla, bütün Şimali Qafqaz faşist qoşunları tərəfindən işğal edilmişdi. Onlar Bakıya can atır, Bakı neftini ələ keçirmək istəyirdilər. Bu, baş tutsaydı müharibənin nəticəsi bəlkə də başqa cür olardı. Sovet ordusu, Vətəninin müdafiəsinə qalxan insanlar kütləvi qəhrəmanlıq göstərdilər. Biz hər il mayın 9-da alman faşizmi üzərində qələ¬bəni qeyd edirik. Biz cəbhədə vuruşmuş, arxada qələbəni təmin etmiş, faşizmin qarşısını kəsə bilmiş insanlara indiki nəslin bəslədiyi hissləri bir daha və dönə-dönə ifadə edə bildik. Belə görkəmli insanlardan biri də Əziz Əliyev idi.

O, ön xətdə, Dağıstanda olmuşdur. Onun qismətinə olduqca çox çətin vəzifələr düşmüş və o, bu vəzifələrin öhdəsindən uğurla gəlmişdir. 1941-ci ilin yayında, Sovet İttifaqına faşistlərin hücumu başlandıqdan az sonra sovet qoşunları İrana daxil oldular, Əziz Əliyev Azərbaycan nümayəndələrinin böyük bir qrupuna başçılıq etdi və İranda mürəkkəb şəraitdə xüsusi missiyanı yerinə yetirdi.

Bəli, vaxt gələcək və onun həmin dövrdəki fəaliyyətinin təfərrüatı da aşkara çıxarılacaqdır. Lakin, məsələn, bizə məlumdur ki, o, görkəmli Azərbaycan yazıçıları Süleyman Rüstəm, Mirzə İbrahimov, Süleyman Rəhimov və bir çox başqaları ilə birlikdə orada necə cəsarətlə və ağılla iş aparırdı. Ancaq faşist qoşunları Dağıstan sərhədlərinə yaxınlaşan kimi, — orada son dərəcə mürəkkəb vəziyyət yaranmışdı, — Dövlət Müdafiə Komitəsinin qərarı ilə Əziz Əliyev Dağıstana göndərildi. Dağıstanlılar 1942-ci ilin sentyabrında onların respublikasında vəziyyətin necə olduğunu yaxşı bilirlər. Orada əvvəllər yaşamamış, işləməmiş olan bu adam oraya gəldi və qısa müddətdə bu çoxmillətli diyarı öz ətrafında sıx birləşdirməyə, hamını öz ətrafına toplamağa və onları Dağıstanın müdafiəsinə, deməli, həm də Zaqafqaziyanın, Bakı neftinin müdafiəsinə qaldırmağa müvəffəq oldu. Bu, böyük iş idi və o, həmin işi gördü. Bu işi o özünün qeyri-adi insani keyfiyyətləri, istedadı, ağıl-zəkası sayəsində həyata keçirdi.

Açığını deyək ki, o vaxtlar Əziz Əliyev Azərbaycanın dövlət xadimləri arasında ali təhsili olan, ziyalılığı, zəngin elmi biliyi ilə fərqlənən bir neçə adamdan biri, bəlkə də yeganə adam idi. Bütün bu keyfiyyətlər qısa müddətdə Dağıstanda vəziyyəti sabitləşdirməkdə, bu respublikanın xalqını Qafqazın müdafiəsi üçün birləşdirməkdə ona kömək etdi. Dağıstanlılar Əziz Əliyev başda olmaqla və bizim ordumuzla, o vaxtkı sovet ordusu ilə birlikdə çox böyük vəzifəni yerinə yetirdilər. Onlar Qafqazı müdafiə etdilər, faşist qoşunlarını irəliləməyə qoymadılar, Bakı neftini xilas etdilər.

Təbii ki, bütün bunlar ali komandanlığın, qoşunların, Qafqazın müdafiəsinə səfərbər edilmiş bütün şəxslərin çox böyük, qəhrəmancasına fəaliyyətinin nəticəsi idi. Lakin Əziz Əliyev başda olmaqla dağıstanlıların töhfəsi də çox böyük və sanballı olmuşdur.
Sonra Əziz Əliyev Moskvada işlədi. Daha sonra, 50-ci ildə onu yenidən Azərbaycana qaytardılar, burada Nazirlər Soveti sədrinin müavini işlədi, bir il sonra isə bütün vəzifələrdən çıxardılar, partiya cəzası verdilər, beləliklə də, əslində ona qarşı cinayət etdilər.
İndi deyə bilərik ki, onun çox çətin, ancaq eyni zamanda xoşbəxt taleyi olubdur. O, öz həyat yolunda bir çox çətinliklərlə, maneələrlə rastlaşmış, ancaq onları aradan qaldırmışdır. Ədalətsizliklə də qarşılaşmış, amma ruhdan düşməmişdir.

Əziz Əliyev İrəvanda anadan olmuş və artıq 1918-ci ildə özü və bütün ailəsi soyqırıma, deportasiyaya məruz qalmışdır. O, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı çox gənc yaşında özü görmüş və doğma diyarını tərk edərək Naxçıvana, oradan da Bakıya köçməyə məcbur olmuşdur. O çalışır, çox iş görürdü, əvəzində 40-cı ildə ona töhmət elan edirlər ki, guya tibb institutunu antisovet ünsürlərdən, millətçilərdən və sairədən təmizləməmişdir.
O, müharibə vaxtı İranda, Dağıstanda nə qədər böyük iş görmüş, Moskvada müvəffəqiyyətlə işləmiş, sonra vətənə qayıtmışdı. Bir il sonra isə onu işdən çıxarmışdılar ki, guya valideynlərinin sosial mənşəyini, bacısının İranda olmasını gizlətmişdir. Bu paradoks indi artıq bizə məlumdur.

Əziz Əliyev mənə danışırdı ki, o, 1938-ci il repressiyasından möcüzə nəticəsində xilas olmuşdur. Onu sonralar, 50-ci illərin əvvəlində repressiya etdilər. İşdən çıxarıb Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru təyin etdilər, amma tezliklə bu vəzifədən də çıxartdılar. Professoru, elmlər doktorunu, bu qədər xidmətləri olan bir insanı Sabunçu xəstəxanasına adi həkim göndərdilər və o, üç il orada işlədi. Bu, onun o vaxtkı rejimin bilavasitə Mir Cəfər Bağırov tərəfindən həyata keçirdiyi repressiyalara məruz qaldığı dövr idi.
Əziz Əliyevin heç bir günahı yox idi. Hamı yaxşı bilirdi ki, əri kimi özü də İran təəbəsi olan böyük bacısı 1938-ci ildə, İran təəbəli azərbaycanlılar buradan çıxarılan vaxt İrana köçməyə məcbur olmuşdu. Bu məlum idi və heç kim bunu gizlətmirdi. Onun isə boynuna qoyurdular ki, bu faktı gizlətmişdir.

Onun ailəsinin sosial mənşəyi də məlum idi. 1926-cı ildə o, Kommunist Partiyasına daxil olmuş, yüksək vəzifələrdə işləmiş, SSRİ, Azərbaycan, Dağıstan ali sovetlərinin deputatı seçilmişdi və sairə. O, müharibə zamanı necə hünər göstərmişdir. 1951-ci ildə isə birdən-birə deyirlər ki, guya o, özünün sosial mənşəyini gizlətmişdir. Onu repressiyaya məruz qoymaq üçün sadəcə olaraq nəyəsə öcəşmək lazım idi.
Amma Allah ona kömək oldu. 1953-cü ilin martında Stalin öldü, həmin ilin yayında isə Mircəfər Bağırovu əvvəlcə işdən çıxardılar, sonra da həbs etdilər. Bütün bu müddətdə Əziz Əliyev Sabunçuda həkim işləyirdi və onu öz əvvəlki vəzifəsinə — Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru vəzifəsinə yalnız 1954-cü ilin martında qaytardılar Əziz Əliyev , bütün burada deyilənlərlə yanaşı, həm də olduqca gözəl insan idi.

Bir insan kimi, bir ata kimi olduqca gözəl adam idi. Sadə, məhrəm, ağıllı həmsöhbət olan bu insan tarixdən, ədəbiyyat və incəsənətdən çox şey bilirdi. Azərbaycanda və Dağıstanda işlədiyi illərdə o, elm xadimləri ilə çox sıx təmasda olurdu. Bütün tibb professorları onun dostları idi, onların çoxunu o hazırlayıb irəli çəkmişdi. Azərbaycan incəsənəti və ədəbiyyatının Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev və bir çox başqaları kimi görkəmli xadimləri ilə onun çox yaxın, mehriban və ailəvi münasibətləri vardı. Bütün bunlar ona görə olurdu ki, o, çox ziyalı bir adam idi, yüksək səviyyədə savadlı, mədəni adam olduğuna görə həmişə məhz bu mühitlə təmasda olmağa çalışırdı. Həmin adamlar da onunla yaxın olmaq istəyirdilər. O, hər cəhətdən gözəl insan idi.

Əlbəttə, o, vaxtilə məruz qaldığı repressiyalara görə son illərdə çox həyəcan keçirirdi. Lakin, bununla yanaşı, Əziz Əliyev ona qarşı ədalətsizlik edərək repressiya törədənləri də, onların özlərinin nə kimi cəzalar çəkdiyini də görmüşdür. O, nəinki Mircəfər Bağırovun tutulduğunu, həm də 1956-cı ildə Bakıda onun və digər cinayətkarların məhkəmə prosesini də görmüşdür.
Müttəhimlər kürsüsündə Mircəfər Bağırovla birlikdə həmin general Stepan Yemelyanov da əyləşmişdi, o Yemelyanov ki, Əziz Əliyevlə əlaqə saxladığına görə Heydər Əliyevə iki dəfə xəbərdarlıq etmiş və onu danlamışdı. Ona 25 il həbs cəzası kəsdilər. Görün, tale necə olur. Sonralar, 70-ci illərdə Heydər Əliyev MK-nın birinci katibi işləyərkən, Yemelyanov öz cəzasını çəkib Bakıya qayıdır və ona məktub yazaraq, bəzi şəxsi işlərində kömək göstərməyi xahiş edir. Həyat bax, belədir.

Xalqımız XIX və XX əsrlər ərzində, 1918-ci ildə soyqırımlara məruz qalıbdır. Sonra Ermənistanda yaşamış azərbaycanlıları 1948-ci ildən etibarən Stalinin xüsusi qərarı ilə yenə də Mircəfər Bağırovun iştirakı ilə zor gücünə Azərbaycana deportasiya etmişlər. Birinci deportasiya əsrin əvvəllərində başlanmışdır. 1918-ci ildə Əziz Əliyevin ailəsi soyqırıma məruz qalaraq deportasiya edilmişdir. Onun orada qalan nəsilləri 1948-1953-cü illərdə köçürülmüşlər. Ermənistanda qalanlar isə 1988-ci ildə Ermənistanla Azərbaycan arasında münaqişə başlandıqda gözümçıxdıya salınmış, məhv edilmiş, zorla oradan çıxarılmışlar.
20-ci, 30-cu, 40-cı, 50-ci illərin repressiyaları totalitar sovet rejiminin bütün sovet xalqına qarşı, xüsusən Azərbaycan xalqına qarşı törətdiyi ən ağır cinayətdir. 37-38-ci illərdə Azərbaycan xalqının məruz qaldığı repressiyalar, zənnimcə, heç bir respublikada olmayıbdır. Azərbaycanın ən görkəmli elm və mədəniyyət, təhsil xadimləri məhv edilmişlər. Bunu da unutmaq olmaz. Bununla birlikdə, belə hallar bir daha təkrar edilməməlidir.

Bu gün Azərbaycan müstəqil respublikadır. İndi onlar azad insanlardır. O illərdə çalışan, Azərbaycan elmini, təhsilini, səhiyyəsini, iqtisadi potensialını və sənayesini yaratmış insanlar Azərbaycanın bugünkü müstəqilliyinin bünövrəsini qoymuşlar. Biz onları unutmamalıyıq, onları xatırlamalı, onların xidmətlərini lazımınca qiymətləndirməliyik. Bu adamlar arasında Əziz Əliyev də var.

Bir daha qeyd etmək laımdır ki, bugünkü gün Dağıstan və Azərbaycan xalqları arasında dostluğun parlaq bir səhifəsidir. Xalqlarımız həmişə dostluq etmişlər və indi biz bu dostluğu, münasibətlərimizi möhkəmləndiririk. Biz həmişə bir-birimizin yanında olmuşuq və azərbaycanlılarla dağıstanlıları bir-birindən heç vaxt ayırmamışıq. Əslən Dağıstan xalqlarından olan adamlar bu gün Azərbaycanda tamhüquqlu vətəndaşlar kimi yaşayırlar. Dağıstanda da azərbaycanlılar yaşayırlar, təkcə azərbaycanlılar deyil, başqa millətlər də yaşayırlar. Dağıstanda yaşayanların hamısı bizim qardaşlarımız, dostlarımızdır. Hesab edirik ki, Azərbaycanda yaşayanların da hamısı bütün dağıstanlıların qardaşları və dostlarıdır.

Qeyd olunduğu kimi, Əziz Əliyev kimi görkəmli insanlar Dağıstan və Azərbaycan xalqları arasında dostluğun və qardaşlığın möhkəmlənməsinə çox böyük töhfə vermişlər. İndi bu işə biz də töhfəmizi verməliyik. Ona görə ki, heç nə bir yerdə donub qalmır, hər şey inkişafda, hərəkətdədir. Həyatımızın indiki dövrü keçmişdəkindən — biz bir dövlətin, bir ölkənin tərkibində olduğumuz dövrdəkindən fərqlidir. İndi Azərbaycan müstəqil dövlətdir. Respublika olan Dağıstan eyni zamanda Rusiya Federasiyasının bir hissəsidir.

Bizim Dağıstanla olan münasibətlərimiz — Rusiya ilə dostluq münasibətləri deməkdir. Biz Rusiya, rus xalqı ilə həmişə dostluq və mehriban münasibətlər şəraitində yaşamışıq. İndi də bu cür münasibətlər şəraitində yaşayırıq. Biz Azərbaycan ilə Rusiya Federasiyasında dostluq və əməkdaşlığı gələcəkdə də möhkəmləndirəcəyik.
Dağıstan özünün coğrafi mövqeyi, Azərbaycana xüsusi yaxınlığı baxımından Rusiya Federasiyası ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsində xüsusi rol oynayır. Biz Dağıstanla Azərbaycan arasında dostluğu nə qədər çox möhkəmləndirsək, Rusiya Federasiyası ilə Azərbaycan arasındakı dostluq da bir o qədər möhkəm olacaqdır.

Keçmişimizə dair gözəl nümunələr çoxdur, bugünkü həyatımızda da xeyirxah, yaxşı cəhətlər az deyildir. Biz buna böyük hörmət hissi ilə yanaşırıq.
Bizim necə birgə tariximiz olduğunu sübut etməyə ehtiyac yoxdur. Gözəl şair Fazu Əliyevanın dediyi kimi, Dağıstan qadınlarının Azərbaycan kişilərini və Azərbaycan kişilərinin, cavanlarının Dağıstan gözəllərini necə sevdiklərini sübut etməyə lüzum yoxdur. Gözəl deyilmişdir, özü də bunu belə bir gözəl dağlı qızı, bizim böyük dostumuz Rəsul Həmzətovla birlikdə öz yaradıcılığı, şerləri ilə Dağıstan xalqlarını şöhrətləndirən gözəl şair Fazu Əliyeva demişdir.

Bütün bunlar bizim ümumi, misilsiz sərvətimizdir. Bizim borcumuz, vəzifəmiz, gələcək nəsillərin borcu və vəzifəsi isə bu sərvəti, nə varsa hamısını qoruyub saxlamaq, möhkəmləndirmək və inkişaf etdirməkdir. Əminik ki, Dağıstan və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq əbədi olacaqdır. Əziz Əliyev bu dostluğun simvoludur. Onun davamçıları olan biz isə bu dostluğun əbədi olması üçün hər şeyi edirik.
Azərbaycan xalqına bəslədiyi böyük hisslərə, Əziz Əliyevin xatirəsinə göstərdiyi diqqətə görə Dağıstan xalqına bir daha ən dərin minnətdarlığımızı bildiririk.
Yaşasın Dağıstan! Yaşasın Azərbaycan! Dağıstan və Azərbaycan xalqlarının əbədi və sarsılmaz dostluğuna eşq olsun!