İnsan həyatının qənimi


Bu insan həyatına qəsd edən və qənim kəsilən koronavirus adlı gözəgörünməyən düşmən, nə vaxt bu dünyanı tərk edəcək? Niyə onun sonunu gətirəcək bir silah yoxdur? Insan həyatını təhlükəyə salan bu xəstəlik, bütün xəstəlikləri unutdurdu. Buna qədər ən ağır sayılan «xərçəng» xəstəliyi insanın içində, belə qorxu yarada bilməyib. Insanların biri-birinə olan davranışı, münasibəti dəyişib. Ən çox dəyər verdiyin şəxsə belə, mehribanlığla yaxınlaşa bilmirsən. Salam vermək istədiyin insanın belə, nə vəziyyətdə olduğunu bilmirsən.
İnsanlar agresivləşib, xasiyətləri tamamən dəyişib. Bir kəlmə söz soruşsan belə, əsəb və gərginliklə cavab verirlər. Bu kimsədən asılı olmayan hal, insanların içində qorxu və səksəkədən yaranıb. Nə zaman və hardan gələciyini bilmədiyimiz bu gizli düşmən, biz insanların əsəblərini və səbrini tarıma çəkib. Nə sevinə bilirik, nə sevinmək üçün məna axtara bilirik. Sadəcə içimizdə, həyatımızı itirmə təhlükəsi ilə yaşayırıq.
Toylar da öz dad-ləzzətini itirib, həmişəki abu-hava yoxdur. Toylar belə korona vəsvəsəsi ilə keçir, toydan evə gedənə kimi başına nə gələcəyindən qorxursan. Insanlır üzündən təbii təbəssümü alan bu murdar yoluxmanın, nə dərmanı var, nə çarəsi.
Müharibə dövrü kimi, hər dəqiqə nə olacağını bilmədən yaşamaq özü belə bir xəstəlikdir. Insanların psixikasını korlayan, özü görünməsə də, özünü hər zaman ortalığa atmağı bacaran koronavirus, artıq insan həyatının bir zərrəsi olub.
Bütün cahanın üstünə , bir qara bulud kimi çökən «Kovid-19» adı ilə gələn bu bəlanın sonunu gətirəcək kimsə olmayacağ mı? Belə gedişlə, gələcək nəsli sağlam və lazımı halda necə yetişdirə biləcəyik? Bütün dünya alimləri bir araya gəlsə də, bu bəlanın sonunu gətirə bilmədilər. Dərd orasıdır ki, insanlarda gələcəyə ümid əvəzinə qorxu toxumu əkən xəstəlik, demək olar ki, bütün dünyaya meydan oxuyur. Sanki dünyanı girov götürüb, özü isə olduğu yerdə qalır.
Bəlkə də, o özünü bir qalib kimi hiss edir, bəlkə də, sevinir. Gözə görünmədiyi üçün bunu görmürük, bilmirik. Alla təkcə bunu deyə bilərəm ki, o hər olur olsun, insan həyatına qorxu ləkəsi salan bir qara ləkədir.
Hər birimizə sağlam və koronasız həyat arzusu ilə, uzun və mənalı ömür arzulayıram.
Z. Dərbəndli