NARKOMANİYA — XXI ƏSRİN BƏLASI

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, o cümlədən narkomanlıq — bu gün bəşəriyyəti ciddi düşündürən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran  qlobal problemlərdəndir. Təəssüflə qeyd etməliyik ki, “ağ ölüm” adlandırılan narkomaniya dünyanın bir çox dövlətlərində insanlıq üçün dəhşətli bəlaya çevrilmişdir. Böyük rus yazıçısı Lev Tolstoy yazırdı: “Mən dünyada iki böyük bədbəxtlik tanıyıram: bunlardan biri vicdan əzabı, digəri sağalmaz xəstəlik olan narkomaniyadır”. Narkomaniya  (yunan sözüdür, narke — yuxu, bihuşluq, mania — cəzb etmə, ağılsızlıq) cəmiyyətin meydana gəldiyi, onun ayrı-ayrı siniflərə, sosial təbəqə və qruplara bölündüyü qədim zamanlardan yaranmışdır. Narkomaniyanın etiologiyası və məişətə daxil olması eramızdan neçə minillik öncəyə gedir. Narkotik asılılığın elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində verilmişdir. XIX əsrin ortalarında narkomaniya tarixinin yeni bir dəhşətli mərhələsi narkotik maddələrin müasir üsulla — vena daxilinə yeridilməsi ilə başlanmışdır. Beləliklə, leksikona “narkotik”, “narkotik vasitələr” terminləri daxil olmuşdur. Narkotik — mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddədir. Narkotik maddələr müxtəlif çeşidlidir. Daha çox yayılanları isə xaş-xaş, tiryək, marixuana, heroin, kokain və s.-dir. Marixuananın təsiri tərkibindəki THK — delta-9-tetrahidrokannabinol maddəsinin miqdarından asılıdır. Bəzi hallarda marixuana qəbul olunduqdan dərhal sonra təsir göstərir, digər hallarda isə 15-25 dəqiqə sonra təsir etməyə başlayıb 30 dəqiqə  ərzində maksimuma çatır və 2-4 saat davam edir. O, toksiki maddə olduğundan insanın ürək-damar sistemindən tutmuş, sinir sisteminə qədər bütün orqanizminə mənfi təsir göstərir. Orqanizmin zəifləməsi isə son nəticədə aqressivliyə, cinayətkarlığa və ölüm hallarına səbəb olur.
Bu bəla cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına, genefondun deqradasiyasına gətirib çıxarır. Narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Narkotik maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən narkomanlar Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) və başqa sağalmaz və ya çətin müalicə olunan xəstəliklərə yoluxurlar. Narkotiklərin qanunsuz dövriyyəsi eyni zamanda cinayətkarlığın artmasına səbəb olur, terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə ciddi maneələr yaradır.