Həqiqətən və səmimi olaraq qəlbinin səsini, vicdan və məntiqi ilə uyğunlaşdıraraq yazı yazanlar bilirsiniz niyə yazmalıdırlar? Sualı tərsinə qoyarsam eyer– bilirsiniz onların yazmaması niyə günahdır?
Ona görə ki, gün ərzində ətrafımızda nə qədər hadisələr baş verir, hər gün yeni bir xəbərlə oyanırıq, xeyli vaxt onu müzakirə edirik, sonra eşitdiklərimizi yaddan çıxarıriq. Aradan bir az keçir, bu dəfə başqa hadisə ilə gündəm yaradırlar, yenə müzakirə edirik və yenə danışırıq. Bəli, təəssüf ki danışırıq. Yazan adam olduqca azdır. Yazan az olduğuna görə biz doğruları ayırd etməkdə çətinlik çəkirik. Halbuki, bir balaca proseslərdən xəbərdar olan, işin içində olan, fəaliyyət göstərdiyi istiqamətdə söz sahibi olanların yaza bilməsi, yazması necə də gözəl olardı. Məsələn, hər hansı bir tibbi hadisədən, fəlakətdən və s. orda-burda yazılanları oxumaqdansa, sosial media cəngavərlərinin boğazdan yuxarı şərhlərini görməkdənsə, hamının tanıdığı, fikirlərinə rəğbət bəslədiyi tibb üzrə bir yazarın təhlilini oxumaq nə qədər rahat olardı. Məsələn: ölkəmizdə çox ağıllıari və cəsarətliləri olub, məs onlar sferasına aid bütün məsələlərə münasibət bildirirdilər, yazırdılar, müsahibələr verirdilər. Şəxsən mən, belə yazarları o qədər oxumuşdum ki, artıq o fikirlər məndə rahatca rəy formalaşdırırdı.
Ən böyük faciə, ən böyük günah isə yaza bilib yazmamaqdır. Bu gün biznes, marketinq sferasında nə qədər yaza bilən dostlarımız var. Təəssüf ki, yazmırlar, buna onların vaxtı yoxdur desəm, yanılaram. Vaxt həmişə var, baxır nəyə. Amma yaza bilənlər də yazmadıqca onların yerini yazmaq istəyənlər, yaxşı və ya pis yazanlar tutur və tutacaq. Düzdür, “əvvəlkilərin” yazmaması “indikərin” yazarlığında bir çox çətinliklər yaradacaq, amma yıxıla-yıxıla mütləq “indikilər” də yazmağı öyrənəcək, hətta çox gözəl yazacaq. Tarixin bütün dönəmlərində susmanın “xəyanətə” bərabər olduğu anlar olub. Deyərdim ki, indi biz o anları yaşayırıq. Digər sahələrə hələ toxunmuram. Marketinq o qədər sürətlə inkişaf edir ki, bəzən biz oxuyub tətbiq etməyi çatdırmırıq. Tətbiq edə-edə oxumaq məcburiyyətində qalırıq. Məhz elə bu hal kifayət edəcək bir səbəbdir ki, az-çox marketinqdə təcürbəsi olub, həm də mütaliəsi güclü olanlar yazsınlar, yazmalıdırlar.
Dirənmək və yaxud qaçmaq?
Alman yazıçı, jurnalist Çarliz Bukovski deyir ki, “hər bir insan həyatında “qaçmaq”la “dirənmək” arasında seçim etməli olur. Mən dirənməyi seçirəm”. Bu gün çoxlarımız qaçmağa üstünlük veririk. Gəlin etiraf edək. Marketinqin dünənindən, başqalarında olandan, gələcəkdə olanlardan danışırıq, az da olsa yazırıq, amma bu gündən yan keçirik. Əziz dostlar, biz də bilirik ki, məsələn, təlimlərin ən yaxşısını etmək olar, xaricdə super təlimlər verirlər, biz də bilirik ki, bizim keçirdiyimiz forumlar digər ölkələrlə müqayisədə bəlkə də çox-çox zəif qalır, biz də bilirik ki, bizim şirkətlərin kreativliyi ilə başqa inkişaf etmiş ölkələrin marketinq kreativliyini eyni tərəziyə qoymaq olmaz, amma nə etməli? Oturub biz də kiminsə göydən enib bizə nəyisə öyrədəcəyini, bizə başqalarının 100 ildə keçdiyi yolu bir-iki ilə keçirəcəyini gözləməliyik? Ümumiyyətlə, gözləməliyikmi?
Əksinə düşünürəm ki, bu gün marketinqin tarixini yazan, onu öz zəhməti ilə bir yerlərə gətirməyə çalışan, böyük missiyanın daşıyıcısı olduğunu bilən və hətta tarix yazıb bunun fərqində olmayan dostlarımız da var. Onlara dəstək olmalıyıq. Hər şeyin daha yaxşısı həmişə var. Bilirik ki, var. Biz əksini demirik… Amma çalışıb nədənsə başlamaq lazımdır. Eyər siz nədənsə başlamağı düşünürsünzsə, ilk öncə özünüzdən başlayın. Məsələn: son dönəmlər çox-çox sevinirəm ki, bir çox sahələrdə əla yaza bilən dostlarımız fəallaşıb. Mən istəyirəm onlar bilsinlər – çox keçməz ki, marketinq sahəsindən onların fikirlərinə istinadlar edilər, çünki onlar bu günü yazıblar, bu günü daha yaxşı etməyə çalışıblar, bununla da təbii olaraq gələcəyin də yaxşı olmasına zəmin hazırlayıblar. Mən başa düşürəm ki, insan – keçmişinin həsrətini çəkən, gələcək üçün səbirsizlənən, bugünündən şikayətlənən varlıqdır. Heç kim Sizə deyə bilməz ki, “bunun nə yaşıdır, gördüyü nədir ki, dediyi də nə olsun”. O cür insanlar həmişə olub, həmişə də olacaq. Onlar kimilər həmişə danışmaqla məşğul olublar. Cəmiyyətə onlar da lazımdır, amma onlara “ilişib qalmaq” olmaz. Yaz! Çarliz Bukovski deyir ki, “xoşbəxtliyi tapmısansa, sorğulama”.
«Kim nə deyəcək, sonu nə olacaq» düşünmə, yaz! Yazdınsa, paylaş. Oxudunsa, paylaş. Paylaş ki, hamı oxusun. Yazarların yazma səbəbi çarəsizlik ola bilər, amma onlar artıq yazırsa, çarəsiz sayılmazlar. Sən də yaz ki hamı bilsin və hadisələrdən xəbərdar olsun!
Quliyeva S.