Şəfa ocağı
Mənim bu günkü həmsöhbətim — Dərbənd rayonunun Tərkəmə zonasının Dəliçoban kəndində doğulub boya-başa çatmış, hal-hazırda Padar sahə xəstəxanasında tibb bacısı vəzifəsində çalışan Xanməhəmmədova Rəsmiyə Pirmaliyevnadır. Hələ lap kiçik vaxtlarından Rəsmiyənin bu sənətə həvəsi vardı. Anası İntizarın Dərbənddən onun üçün aldığı balaca kuklasını çimizdirər, sanki xəstəymiş kimi ona “iynə vurar”, zoğal mürəbbəsi ilə çay “içirdərdi”. Yetkinlik çağına çatdıqdan sonra da uşaqlıqdan onu müşayiət edənbu həvəs, bu istək onu rahat buraxmadı, kəndinin adamları yardım göstərmək arzusu ilə yaşadı…
Nəhayət, 1991-ci ildə orta ümumtəhsil məktəbini müvəffəqiyyətlə başa vurdurdan sonra sənədlərini sevinə-sevinə Mahaçqala şəhərindəki Tibb məktədinə verdi. Qəbul olunduğunu eşidəndə onun sevinci yerə-göyə sığmırdı. Tibb məktəbində müəllimlərin fəal tələbəsinə çevrilmişdi. Onun tibbə aid nə varsa-hər şeylə maraqlanması, onu düşündürən suallara cavab istəməsi müəllimləri sevindirirdi.
1994-cü ildə Rəsmiyə əlində diplomla Dəliçobana döndü 1997-ci ildə doğma kənddə şəfqət bacısı kimi fəaliyyət göstərməyə başladı. Mehribanlığı və səmimiyyəti, bacarığı və cəldliyi ilə həm tibb kollektivinin, həm də bu tibb müəssisəsinə müraciət edənlərin dərin rəğbətini qazanmışdır. Dəliçoban kəndində yaşayır və bir oğul anasıdır.
Bu yaxınlarda onunla görüşdük və çalışdığı xəstəxana və şöbə haqqında qısaca olaraq, bir neçə suala cavab verməyi xahiş etdik. Vaxt məhdudiyyətliyinə baxmayaraq, məmnuniyyətlə razılıq verdi.
-Xəstəxana 1978-ci ilin yanvar ayından bu günə qədər insanların xidmətindədir. Burada uşaq, potologiya, terapiya şöbələri ilə yanaşı, ümumi şöbələr də var. Xəstəxananın nəzdində poliklinika da fəaliyyət göstərir və burada terapevt, kordioloq, nevroloq, pediart, ginekoloq kabinetləri, ayrıca laborotoriya, elektrokardioqramma, rentqen kabinetləri də işləyir. Vaxtilə xəstəxanada bir çox adlı-sanlı həkimlər çalışıblar. Bir çoxları bizim nümunə olublar. Onlardan biri də “Dağıstanın əməkdar həkimi”, mərhum Əhmədov Əhmədcan Hüseynoviç idi.
Hazırda uşaq şöbəsində bir həkim, beş tibb bacısı, dörd sanitar çalışır. Xəstəxanamıza Tərkəmə zonasının kəndlərindən müraciət edirlər. Biz onları qəbul edir, kovidlə əlaqədar olaraq həm uşaqlarda, həm də onlara qulluq edən analarda koronovirus xəstəliyinin olub-olmadığını aşkar etmək üçün lazımi analizləri götürürük. Şükürlər olsun ki, hələlik bizə müraciət edənlərin arasında bu xəstəlik aşkarlanmayıb. Pasiyentlərimizin sağlamlığı üçün əlimizdən gələni edirik, heç bir qaygını əsirgəmirik. Onların üzündə təbəssüm gördükdə sanki dünyanı bizə bağışlayırlar. Xəstə və yaxud xəstənin doğmalarının üzündəki təbəssüm — biz tibb işçiləri üçün bundan gözəl nə ola bilər?
-Rəsmiyə xanım bildiyimizə görə oğlunuz Ədalətin də elə uşaqlıqdan sizin yolunuzu davam etdirmək arzusu olub.
Rəsmiyə xanım gülümsəyir, sanki oğlu Ədalət gözünün qarşısındaymış kimi fəxrlə deyir: -Bəli, tibbə marağı çox olduğundan bu sahəni seçib və sənədlərini Nijniy Novqorod şəhərindəki Privoljsk Tibb Universitetinə verib. İndi üçüncü kursdadır Allah qoysa, üç ildən sonra can həkimi ixtisasına yiyələnib geri dönəcək. Mən bir ana kimi səbirsizliklə o günü gözləyirəm. Çox arzularım var. Çünki o, mənim ümidim, pənahım, gözümün ağı-qarası, bircədənəmdir.
-Arzularınız çin olsun İnşaallah muradınıza çatasız. Təki dünyamız salamat, övladlarımız qədirbilən olsun. Ümüdvarıq ki, oğlunuz Ədalət təhsilini uğurla başa vuracaq və ixtisası üzrə insanlara xidmət göstərdiyi vaxtda Hippokrat andına sadiq qalacaq, pasiyentlərini kasıba-varlıya bölməyəcək, adına layıq hərəkət edəcək. Axı, onun adının mənası da ədalətli, insaflı, düzgün deməkdir.
Siz də pandemiya dövründə “Qırmızı zona”da işləyən könüllülərdən biri olmusuz. Xahiş edirəm bu barədə bizə məlumat verəsiz.
-Getsin o günlər, bir də qayıtmasın hamı vahimə içində idi. Tərkəmə mahalında həmin dövrdə çox insan pandemiyanın qurbanı oldu. Ürəyi indanlara kömək hissi ilə döyünənlər könüllü olaraq, demək olar ki, öz həyatlarını təhlükə altına qoyaraq “Qırmızı zona”da işləməyə qərar verdilər. Çox gərgin vəziyyətlə üzləşmişdik. Xəstələrin çoxu qorxur, bəziləri əsəb böhranı ərəfəsində idilər. Bütün bunları-həyat üçün əzrayılla çarnışan pasiyentləri və həkimləri görmək çətin bir işdir, çox kədərlidir və mənəvi cəhətdən ağırdır. Eyni zamanda bizim özümüz də yoluxa bilərdik. Ancaq əksər vaxt öz təhlükəsizliyimizi düşünməyə vaxtımız yoxdur deyə Rəsmiyə xanım əlavə edir. -Xəstələrə baxmalıyıq. Xəstə axını səbəbindən həkimlər istirahətsiz çaçışırdılar. Növbənin sonunda qoruyucu kostyumlarımızı çıxardığımızda bütün paltarlarımızın tərlə islandığını görürdük. Qoruyucu maskalar dəriyə çox yaxın olduğu üçün üzdə, alnda, burun və boyunda dərin izlər qalırdı. Ancaq buna baxmayaraq, bütün çətinliklərin öhdəsindən bacarıqla gəlirdik. KOVİD-19 pandemiyası bütün sağlamlıq mənbələrinin səfərbər edilməsini tələb edən klinik praktikada əhəmiyyətli dəyişikliklər etmişdir. Bir çox xəstəxanalar koronavirus infeksiyası olan xəstələri qəbul etmək üçün yenidən quruldu. Həkim-pulmonoloqlar həmkarlarının köməyinə gəldilər — yalnız təlim zamanı deyil, həm də praktik işdə. Digər ixtisaslardan olan həmkarlar yoluxucu xəstəliklər mütəxəssisləri, pulmonoloqların, anestezioloqların yanında dayandılar. Klinikalarda çalışanlar bu dəhşətli epidemiya barədə əldə etdikləri yeni bilik və bacarıqlarını bir-birilə bölüşdürür, bir-birinin köməyinə tələsirdilər. Həkimlərin və tibb bacılarının üzündən yorğunluq yağırdı. Padar xəstəxanasının kollektivi də çiyin-çiyinə, geçə-gündüz yorulmaq bilmədən çalışırdılar. Qospitalın müdiri Ruslan Seferbulatoviç Bebetov baş həkim İndira Ziyautdinovna böyük tibb bacısı isə Albina Surxayeva idi.
Yeri gəlmişkən onu da geyd edim ki, pandemiya dövründə çəkdikləri gərgin zəhmətə görə Maysumova İndira Ziyautdinovnaya və rayonun baş həkimi Abdulov Rəşid Çupanoviçə “DR-in əməkdar həkimi” adına layıq görülmüşlər.
Xəstəxana işçılərinə internetdəki sadə insanlardan minnətdarlıq mesajları gəlirdi. Bu da bizə mənəvi cəhətdən böyük dəstək idi. Mənə elə gəkir ki, bu virus hamımızı birləşdirdi — baxmayaraq ki, insanlar evdə karantində idilər.
Mən Rəsmiyə xanımın danışıqlarını təsəvvürümə gətirir və həkimlik sənətinə vurğun olan insanların mətnliyi, dözümlülüyü ürəyimdə qürur hissi oyadırdı.
Allah sizləri qorusun ey müqəddəs peşə sahibləri. Arzum budur ki, sizə yardım üçün uzanan əllər boş qayıtmasın və bütün dünyanı lərzəyə gətirən koronavirus adlı qorxunc bəla, dəhşətli azar tezliklə üstümüzdən çəkilsin!
Aybəniz Ağakişiyeva