Rusiya Federasiyasının Prezidenti V. V. Putin 2024-cü ili ailə ili elan edib. Mən də «Dərbənd» respublika qəzetinin əməkdaşı olaraq bir çox ailələrlə görüşüb söhbətləşməyi qərara aldım.
Hər zaman istər qəzetə, istərsə də jurnallara, kitablara tanınmış simalardan yazı vermək adət halı alıb. Amma sadə və fəhlə insanlara yol çox az verilir. Mən bugün sizlərə fəhlə ailəsində doğulub, öz valideynləri kimi alın təri ilə, zəhməti ilə çörək qazanıb ailə saxlayan və cəmiyyətə xeyri olan bir insan haqqında yazmaq istədim.
1951-ci il, o vaxtki DASSR-in, indiki Dağıstan Respublikasının Dərbənd şəhərində, sadə fəhlə ailəsində göz açmış Ələkbərov Ələkbər Seyfullayeviçi sizlərə yaxından tanıtmağı qərara aldım. Uşaqlığı qədim Dərbəndimizin enişli, yoxuşlu dar küçələrində keçən Ələkbər bəyi, sizə də tanımaq istədim. O, orta təhsilini Dərbənd şəhər, Sovet İttifaqı Qəhrəmanı Ş. Əliyev adına 4 nömrəli tam orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra Vətənə olan borcunu yerinə yetirmək üçün Ukraynaya hərbi xidmətə gedib. Hərbi xidmətini də başa vurduqdan sonra doğma Dərbəndə qayıdıb, 5 nömrəli «Radioelement»hərbi zavodunda elektrik ustası kimi işə düzəlir və təqaüdə çıxana kimi də orada layiqincə çalışır.
Ələkbər Ələkbərov bu çalışdığı müddət ərzində ən qabaqcıl işçilərdən biri olub, Dərbənddə ilk su motoru yığan bir insandır Ələkbər bəy. Onunla evində görüşüb həmsöhbət oldum. Onu dinlədikcə, insanın gözünün önündən onun həyatı sanki bir kinofilm kimi keçir. O deyir ki, «Mən heç vaxt işdən qorxan olmamışam əksinə, işləməkdən zövq almışam. Gördüyüm hər bir işə, ürəklə-canla yanaşmışam. Gördüyüm işlərə görə bir çox «Fəxri fərman»lar, «Təşəkkürnamə»lər, «Diplom»lar və bir çox mükafatlar almışam. Zəhmətimə verilən hər bir dəyər, məni işimə daha çox bağlayıb».
Onlar 7 uşaq olublar üç qardaş, dörd bacı. Onun qardaşları Əlisərdar, Əlisöhbət Dərbənddə tanınan ziyalılardandır. Bir sözlə bu ailənin yetirmələri öz vətəninə, öz ailəsinə layiqli övladlar olublar. Ondan soruşdum ki, «Ələkbər bəy, heç olubmu ki, siz işdən yorulasınız»?
O gülümsəyərək, «Ay qızım, heç insan da işdən yorular? Bəlkə o yorulanlar, işini sevməyənlərdir. Mən elə indi də rahat oturmaq istəmirəm .
Ələkbər Ələkbərovun, uşaqlığı da maraqlı keçib. O elə yaşıdları ilə küçədə oynayarkən də, əlinə keçən simlə sanki elektrik ustası kimi işıq çəkərmiş.
Onun üçün yolda gördüyü hər şey maraqlı olub. Artıq böyüdükdən sonra, bu işdə işlədiyi vaxt belə. Ona uşaqlıqdan maraqlı olan işinin, necə bir çətin və mənalı iş olduğunu anlayır. O danışdıqca, sanki o günlərə qayıdırdı. Bəlkə elə buna görə də mənim üçün onunla söhbət etmək çox maraqlı idi. İşgüzar insanın dediklərini dinləməyin də bir ayrı marağı var idi. Ona daha bir sual verdim. «Ələkbər bəy, sizin ömür boyu işinizi sevməyiniz və Allah sizə bəxş etdiklərinə şükr etməniz elə sizi bugün, Allah yoluna daha yaxın edib»? O isə gülümsəyərək, «Bəli, mən Allaha inanan və inanaraq da ibadət edənlərdənəm.
Mən Həcc, Kərbəla, Məşhəd ziyarətlərində də olmuşam. Düzünü deyim, mən bunu lap uşaqlıqdan arzulamışam. Bunu Allahdan sidq ürəklə istəmişdim, o da məni bu ziyarətlərə qəbul etdi». Onun bütün bunları söylərkən, gözlərindəki sevinci görməmək mümkün deyildi. Çünki o, həm ibadətini, həm işini ürəkdən edib. Ona görə də, Allah onun uşaqlıq arzularını hasıl edib. Mən ona daha bir sual verdim. «Siz çox zəhmətkeş və alicənab insansınız. Mən inanıram ki, siz övladlarınızı da, elə bu qayda ilə tərbiyələndirmisiniz. Belə atadan, başqa tərbiyədə övladlar ola da bilməz». O, «Bəli, mən övladlarıma da, hər zaman haqqın tərəfdarı olmalarını tövsiyə etmişəm. Layiqli valideyn övladlar üçün baş ucalığı olduğu kimi, layiqli övladlar da valideyn üçün baş ucalığıdır. Və mən həmişə, bunun üçün çalışmışam». Ələkbər bəy ailəlidir, üç oğul və bir qız övladı var. Allah hamının balalarını saxlasın.
Belə bir maraqlı söhbətdən sonra, bu şeir beynimdə səsləndi. Və bu şeiri, bu yazıya əlavə etdim.
Ailədir
Uyma şana, uyma ada,
Kimsə yetişəməz dada,
Bu dünyada nə olsa da,
Son ümidin ailədir.
Baxma libasın zərlidir,
Doğmaların hünərlidir,
Hamı gəldi, gedərlidir,
Ən dəyərin ailədir.
Hər şeyi ver getsin yelə,
Sür ömrünü gülə-gülə,
Ürəyin qırılsa belə,
Tək təsəllin ailədir.
Zeynəb, sözlə bir inci dər,
Dərdi yerə toz kimi sər,
Yazsanda cürbəcür əsər,
Şah əsərin ailədir
İnsanı işdən yormayan, onun ailəsi və onun ürəyinin Allaha bağlı olmasıdır. Belə bir insanla, belə bir gözəl ailə ilə bu gün tanış oldum və sizin də onu tanımanızı istədim. İnanın ki, belə insanları görəndə, yaşamaq, yaratmaq hissi daha çox olur. Mənim də qələmimə, bu kiçik şeir gəldi. Doğrudan da, bugünkü həmsöhbətimlə söhbətimiz çox möhtəşəm və gözəl oldu. Allahdan Ələkbər Ələkbərova və onun ailəsinə ilk öncə can sağlığı, xoşbəxtlik və əminamanlıq arzulayıram.
«Dərbənd» respublika qəzetinin ştatdankənar müxbiri