SULTANOV ZEYNƏDDİN MƏŞƏDİ BABA OĞLU

  Sultanov Zeynəddin Məşədi Baba oğlu — 1912-ci il aprelin 28-də Dərbənd şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Doktor Z.Sultanov qədim knyaz nəslinin nümayəsindən idi. O, 1930-cu ildə Dağıstan Tibb İnstitutuna daxil olmuş və 1934-cü ildə həmin institutu həkim-dermatoloq ixtisası üzrə bitirmişdir. Z.Sultanov 1935-ci ildə Dağıstan Xalq Səhiyyə Komissarlığının baş dövlət müfəttişi təyin olunmuşdur. 1935-1939-cu illərdə Mahaçqala şəhərində Respublika Dəri-Zöhrəvi dispanserinin baş həkimi vəzifəsində çalışmışdır. O, 15 aprel 1939-cu ildə hərbi həkim kimi Qırmızı Orduya həqiqi hərbi xidmətə çağırılmış, 1941-1945-ci illər müharibəsi dövründə Qutaisi şəhərində yerləşən Cənubi Qafqaz xalqlarından ibarət 388-ci atıcı diviziyada hərbi həkim kimi xidmət etmişdir. 1941- ci ilin dekabr ayının əvvəllərində həmin diviziya Sevastopol şəhərinə göndərilmiş və 1942-ci ilin payızına qədər Z.Sultanov ordu tərkibində şəhərin müdafiəsində iştirak etmişdir. Z.Sultanov tibb xidməti mayoru rütbəsində ordudan tərxis olunmuş və Mahaçqala şəhərində yerləşən Respublika Klinik Xəstəxanasının baş həkimi təyin edilmişdir. O, 1956-cı ilə qədər RSFSR-ın müxtəlif şəhərlərinin xəstəxana və hospitallarına rəhbərlik etmiş, sonralar isə doğma Dərbənd şəhər xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunmuş və orada 1964-cü ilə qədər çalışmışdır. 1965-ci ildə isə o, Azərbaycan Mülki Aviasiya idarəsinin tibbi sanitar xidmətinin müdiri işləmişdir. Z.Sultanova 1967-ci ildə yüksək ixtisaslı həkim adı verilmişdir. Əmək fəaliyyəti ərzində o, müxtəlif mükafatlarla, medallarla, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə təltif olunmuşdur. O, 1991-ci ildə Bakı şəhərində vəfat etmişdir.

                                                         Hazırladı: Telman Tahirli