TARİXƏ YAZILSIN BİR QIZIL XƏTLƏ 45-ci İLİN 9 MAY GÜNÜ

Əziz oxucularım! Bu dəfəki yazılarımda mən 1941-1945ci il Böyük Vətən müharibəsində rəşadətlə vuruşmuş azərbaycanlılardan bəhs etmək istəyirəm.
Mərdanov Şafi Xaspolatoviç-1may 1924-cü ildə Dərbənd şəhərində anadan olmuşdur. 10-cu sinifi bitirən ili Böyük Vətən müharibəsi başlayır və hamı kimi 17 yaşlı Şafi də cəbhənin ən qaynar nöqtələrinə göndərilir. Döyüşdə bacarıq və cəsarətinə görə elə həmin ili ona “baş leytenant” rütbəsi verilir. Qanlı döyüşlərin getdiyi kənd və şəhərlərdə hitlerçilər əsas nöqtələri ələ keçirmişdilər 1942-ci ilin qışı idi. Döyüşlər ara vermirdi. Neçə min azərbaycanlı oğullarımız bu döyüşlərdə şəhidlik zirvəsinə çatdılar.
Amma ümidimizi itirmədik. Bilirdik ki, düşmənə qalib gələcəyik. Həmin ili Şafi ayağından bərk yaralanır və onu təcili olaraq qospitala götürürlər. Qospitalda müalicə alandan sonra yenidən cəbhəyə yollanır.
1944-cü ilin iyul, avqust aylarında Odessanı düşmən işğalından azad edirlər. Bu zaman o, bir neçə dəfə müxtəlif dərəcəli bədən xəsarətləri almasına baxmayaraq yenidən döyüşə qatılır.
Qələbədən sonra şəhər və kəndlərdə quruculuq işləri aparılır, fabrik və zavodlar tikilir, əmək qüvvəsi tələb olunur. Şafi də müharibədən sonra doğma Dərbənd şəhərinə qayıdır və zavodda işləməyə başlayır.
1947-ci ildə ailə quran veteranımız 10 övlad sahibi olur və 40 illik ömrünü zavodda çalışmağa sərf edir.
21 fevral 1987-ci ildə Dövlət tərəfindən Böyük Vətən müharibəsinin ikinci dərəcəli orden və medallarıyla təltif olunur.
1997-ci ildə xəstələnir və 25 aprel 1998-ci ildə dünyasını dəyişir.
Sonralar veteranımız haqqında çoxlu maraqlı mə’lumatlar əldə etdim. Dostumun xatirələrindən:
«Anam həmişə məni Şafi babanın yanına aparardı.
O, bizə müharibənin qanlı-qadalı günlərindən, Berlinə qədər gedib almanlarla necə vuruşmasından, cəbhə yoldaşlarının qəhrəmanlıqlarından söhbət açardı. Mən veteran babamla daima fəxr edirəm və edəcəyəm»
Sonra dostum «Cənab leytenant» mahnısını mənim üçün oxumağa başladı :
Barıt qoxulu o yollar, o yollar,
Səni bəs nə vaxt qaytarar, qaytarar.
Səndən təsəlli bir zabit mundiri,
Bir cüt ulduzlu, aylı paqonlar.
Hay ver mənə cənab leytenant,
Hay ver mənə leytenant
Xoş müjdəli bir savaşdan,
Pay ver mənə leytenant.
Məmmədov Hüseyn, Dərbənd şəhər 1 nömrəli qimnaziyanın 8 “b” sinif şagirdi