Ulu Dərbənd


Dərbənd onun «Narın Qala»sından baxarkən, bambaşqadır. Hündür hasarları, dəmir darvazaları, dar, əyri-üyri mahalları. Onun gözəlliyi də elə, o qədim hasarları və darvazalarındadır. Yeni qurulmuş binalar, parklar, dənizkənarı bulvar, bir sözlə böyük şəhərlərdən heç bir fərqi yoxdur. Şairlər Dərbəndin şəninə gözəl şeirlər, qəzəllər, qoşmalar, bayatılar, mahnılar yazıb. Mən də bir şair olaraq, onun şəninə yazdığım bir şeiri paylaşıram.

 Ulu Dərbənd

Ulu Dərbənd, yollarına sarınım,
Bayramına, şənliyinə yarımın,
Dağlarının mehi ilə daranım,
Ha boylanım tarixinin izində,
Neçə-neçə əsərim var düzün də.

Ulu Dərbənd, babaların dastanı,
Bir cənnətdir, dağ düşündə yastanın,
Bərəkətdir meşən, bağın, bostanın,
Hər daşında, keçmişindən min iz var,
Ətəyində mavi gözlü dəniz var.

Ulu Dərbənd, nənələrin nağlı,
Hər əsirdən min iz qoydun yağılı,
Tanrı səndən əsirgəmir sığalı,
Ta qədimdən dastanlarda adın var,
Hər milləti isidəcək odun var.

Ulu Dərbənd, keçmişimdən yadigar,
Bəzəyəndir qədim dəmir qapılar,
Səni görən, adına min söz yazar,
Özün elə, özün boyda işığsan,
Vətənim Dağıstana yaraşığsan.

Ulu Dərbənd, şairlərin misalı,
Çoxdur səndə, sevənlərin vüsalı,
Qorumusan qədim, doqquz Mahalı,
Başın üstə, Qalan durub ər kimi,
Mən edirəm, təkcə sənə ərkimi.

Ulu Dərbənd, şəhərlərin şahı sən,
Hər yazılan tarixlərin mahı sən,
Millətimin bu günü, sabahı sən,
Şairlərin sözü, söhbəti sənsən,
Bu ellərin adı, qüdrəti sənsən.

Ulu Dərbənd, oxunmamış kitabsan,
Ta qədimdən, min suala cavabsan,
Zeynəb üçün, əvəzolunmaz adsan,
Yazdığları, onun üçün həyatdı,
Dərbənd təxəllüsü ilə yaratdı.

Dərbənd, hər bir əlinə qələm alıb yazan insanın ilham pərisinə çevrilir. Onun adı neçə əsirlərə, tarixlərə, dastanlara böyük bir imza atan məkandır. Onun «Narın Qala»sı onun nələri görüb, nə dövrlərdən keçdiyinjn şahididir. Mən onun Qalasını da, öz qələmimlə bacardığım qədər oxşamışam.

 Narın Qalam

Düşmən qarşısında durdun ər kimi,
Qazandın savaşı, igid nər kimi,
Həmişə oyaqsan igidlər kimi,
Narin Qalam.

Aldılar, satdılar boyun əymədin,
Minbir şər atdılar, boyun əymədin,
Atəşə tutdular boyun əymədin,
Narin Qalam.

Qələbə şalmısan hər savaşında,
Dayanmısan Dərbəndimin başında,
Bir ulu ozansan beşmin yaşında,
Narin Qalam.

Neçə xanı, bəyi yola salmısan,
Hər əsirdən saysız yara almısan,
Görkəminlə öz yerində qalmısan,
Narin Qalam.

Hər yanı hasarlı, bir dar bəndin var,
Sənə səcdə qılan, necə kəndin var,
Əsirlər sirdaşın, Şah Dərbəndin var,
Narin Qalam.

Gözün üstündədir bütün dünyanın,
Dilindi gəzirsən cümlə, cahanın,
Sən, şah əsərisən bu Dağıstanın,
Narin Qalam.

Sən bütün qafqaza, böyük həyatsan,
Sən cahan gözündə, bir kainatsan,
Zeynəbə hər zaman qolsan, qanadsan,
Narin Qalam.

Dərbəndi nə qədər bəzəyirsən bəzə, ondan nə qədər yazırsan yaz yenə də azdır. Mən Zeynəb Dərbəndli, vaxtaşırı, onun haqqında yazıb, «Dərbənd» respublika qəzetində paylaşmağı özümə borc bilirəm.
Z. Dərbəndli ştatdankənar müxbir